AZ

Efirdə 3 uşaqlı qadını əri ilə barışdırmaq istəyirdilər, sonradan gözünü çıxardı...

“Qızlar ağlamaz” kitabımın ilk nəşri pandemiya dövrünə düşdü, mağazalar işləmirdi deyə özümüz çatdırırdıq. Satış günlərində bir qadın yığdı, kitabı almaq istədiyini, ərinin qorxusundan evdən çıxa bilmədiyini dedi. İl 2020!

Ad çəkmədən hadisəni səhifəmdə paylaşdım. Mesencerimə xanım oxucum yazdı. Kitabı özü çatdırmaq istədiyini dedi. Anasından söz açdı: “Atamın zülmündən anam xəstəliyə tutulub dünyasını dəyişib. Ona görə basqıda olan qadınlara qarşı çox həssasam”. İcazə ilə nömrəsini verdim. Adını öyrənəndə qəhərləndi. Anamın adıdır, Aysel xanım. Belə təsadüf olurmu?..

Əri evdə olmayanda kitabı çatdırdı. Həmin gün ikisi də xoşbəxt idi.

“Ərinin xasiyyəti ağırdır”, – bu cümləni uşaq vaxtı qadınlardan çox eşidərdim. Sonralar düşündüm: Niyə? Ərin niyə xasiyyəti ağır olsun ki? Demişdik, psixologiyada bu tiplər abyuzer adlanır. Narsist, sadist, tiran, psixopat kimi elmi sinonimləri var. Seçdikləri qurban üzərində qəddar bir hakimiyyət qururlar. Bu qəddarlıq ölüməcən gedib çıxa bilir. Abyuzerin qadın idealı “sözəbaxan”dır. Bu tiplərə əmrlərini yerinə yetirən lazımdır. Zorakı davranışlarını “özümdən çıxartdı” kimi açıqlayırlar. Belə əlamətləri olan təcili müayinəyə getsin, analiz versin. Terapiya mütləqdir.

Niyə insan bu şəklə düşür? Uşaqlıq travması, pis tərbiyə, klinik hal - çox səbəb ola bilər. Nədən belədir, kim edib - sizin məsələniz deyil. Tək məsələniz özünüxilasdır. Zəlzələdən eviniz dağılsa, nə edərsinizsə, onu edin. Zorakılığa dözmək Olmaz! Strategiya qurun, pul yığın, hüquqi yardım alın, kömək istəyin, dövlətə üz tutun, həyatınızı qurtarın (Qaynar xətt - 860, 102 Xidməti).

Kontrolu qayğıdan, güdməni diqqətdən, tənqidi alçaldılmadan, sevgini şiddətdən ayırmağınız gərəkdir. Ədalət üçün deyim ki, abyuzer qadın da olur. Bu halın qanuni adı məişət zorakılığı və ya ailəiçi zorakılıqdır. Zorakılıq birinin digərinə fiziki-mənəvi zərər vurmasıdır. Uşaqlara qarşı da olur.

Çox ölkədə məişət zorakılığının qarşısının alınması haqqında ayrıca qanun var. Bizdə bu qanun 2010-cu ildə qəbul edilib. Bunu oxumanızı istərdim. 

Məişət zorakılığına nələr aiddir?

İqtisadi zorakılıq – işləməyə qoymamaq, əmlakını əlindən almaq, zorla maddi asılı saxlamaq;

Seksual zorakılıq - məcburi seks və ya seksual hərəkətlər;

Qanunsuz azadlıqdan məhrumetmə - ciddi kontrol, heç yerə buraxmamaq, yaxınlarla ünsiyyətə qadağa;

Fiziki zorakılıq – vurmaq, döymək, xəsarət yetirmək;

Psixoloji zorakılıq - psixoloji basqı, alçaltma, dözülməz təzyiq.

Problem ondadır ki, müdafiə mexanizmləri demək olar, yoxdur. Bəzi hallarda zorakıları heç bir cəza gözləmir. Proses profilaktik söhbətlə, nəzarətlə, barışdırmaqla yekunlaşır. Ölkəmizdə məişət zorakılığı rəsmən kriminallaşmayıb. Bişimbayev hadisəsindən sonra Qazaxıstan dövləti məişət zorakılığını kriminallaşdıran qanun qəbul etdi. Bu sənəd “Saltanat qanunu” adı alıb. Artıq ailə üzvünü incidən adam cinayət etmiş sayılır – onu 600 saatlıq ictimai iş, uzaqlaşdırma və ya həbs gözləyir. Hadisə birdən-birə öldürməklə ortaya çıxmır, zorakılıq mərhələ-mərhələ başlayır. Buna görə zamanında müdaxilə vacibdir. Dünya praktikası ailəiçi zorakılığın ağırlaşdırıcı hal kimi cinayət məcəlləsinə əlavə edilməsinin uğurlu olduğunu göstərir. Zorakıları çəkindirir, qurbanlar özlərini ürəkli hiss edirlər. Evindəkini döydüyünə, incitdiyinə görə məsuliyyət daşıdığını hər kəs bilməlidir. Şikayət oldu-olmadı.

Bir dəfə qonaq olduğum proqramda 3 uşaqla ərindən qaçan qadını tapıb potensial qatili ilə barışdırmaq istəyirdilər. Etiraz etdim, üstümə gəldilər: Əyülləə döyörlörüü! Sonra eşitdim ki, həmin kişi arvadının gözünü çıxarıb. İndiyə öldürər...

Qadın qətlləri haqda xəbərlərin altında açıq şəkildə dəstəkləyici şərhlər yazanlar olur. Qorxmurlar, məsuliyyət hiss etmirlər. Bunlar önəmsiz məsələlər deyil. Hüquqi dövlətdə yolverilməzdir.

İkinci Dünya savaşından sonra BMT yaradıldı. Bəşəriyyət ciddi travma almışdı. Tarixdə ilk dəfə 1945-48-ci illərdə mütəxəssislər bütün dövrləri araşdırıb ilkin bəyannamə yazdılar - İnsan Hüquqları üzrə Beynəlxalq Bəyannamə. Sonra qadın haqları, uşaq hüquqları və davam. İlk şərtlər - İnsanların bərabərliyi, azadlığı, ləyaqət toxunulmazlığı və yaşamaq hüququdur. Anam deyir, gör insanlar bir-birinə nələr edib ki, 20-ci əsrdə ləyaqəti beynəlxalq hüquqla qorumaq lazım gəlib. Bütün sivil dövlətlərin, o cümlədən Azərbaycanın konstitusiyasında bunlar yer alıb. Qanun həyat yoldaşından narazı adama bircə hüquq verir: bo-şan-maq! Döyüb öldürmək yox! Yaşamaq hüququnu kimsə ala bilməz.

Statistika Komitəsinin bazasında 2022-ci ildə (yenisi yoxdur) məişət zorakılığından zərər çəkmiş 1475 nəfərin 1196-sının qadın olduğu göstərilib: əzabvermə, xəsarət, öldürməyə cəhd, öldürmə; Zorakılar arasında birinci yeri ərlər, ikinci yeri atalar... keçmiş ərlər, sevgililər, qardaşlar, oğullar tutur. Azərbaycanda noyabr ayında ata boşanmaq istəyən qızını 17 bıçaq zərbəsi ilə öldürmüşdü. Bunları yazdığım hər həftədə bir qadın öldürülürdü, sonuncunu 05.05.2024-də oxudum: Sabunçuda ər arvadını boğub. Qadın qətlləri su kimi axır. Bu ağır cinayətləri “məişət münaqişəsi” deyib kiçildə bilmərik. Dönə-dönə danışmaq, yol tapmaq gərəkdir. Qadınların çoxu çarəsizlikdən öz eşafotlarına qayıdır. Mühafizə orderləri verilmir, dəstəksiz, yurdsuz, pulsuz qalırlar.

10 minlərlə insan məişət zorakılığı ilə bağlı DİN-ə müraciət edir. Susan, qorxan minlərlə insan bunun üstünə gəlin. Və bir cəmiyyət təsəvvür edin. Ailə! İnsanın özünü ən təhlükəsiz hiss etməli olduğu mühit, ən təhlükəli yerə - cəhənnəminə çevrilirsə, daha ciddi nə ola bilər? Orada sağlam insan yetişərmi? “Virtualda bunca aqressiv adam hardandır?” sualının cavabı uzaqda deyil. Dəyər bilib üstünü basdırdığımız cinayət yuvalarından sosial şəbəkəyə sızmış həqiqətdir.

Ardı var...

Aysel Əlizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla