AZ

Yevgeni Mixaylov: “Qərb Gürcüstanı Ukraynanın gününə salmaq istəyir” – MÜSAHİBƏ

“Əlbəttə, erməni lobbisi Gürcüstanda da güclü mövqe tutub. Hətta mən deyərdim ki, onlar bu etirazları maliyyələşdirənlərdən biridir. Buna görə də mən düşünürəm ki, əgər Gürcüstan təslim olarsa, bu zaman Saakaşvili dövründə yazılan ssenarinin daha da sərt forması ilə qarşılaşa bilər”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində rusiyalı politoloq, Cənubi Qafqaz Ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov deyib.

Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı etirazları şərh edən politoloq, Qərbin Cənubi Qafqazdakı çirkin planları barədə də danışıb.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Mixaylov, Gürcüstan hökuməti yeni qanun layihəsinin qəbulu ilə bağlı mövqeyindən geri çəkilmir. Bir çox siyasətçi hesab edir ki, bu gün Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyətindən xəbər verir. Sizcə, Qərb nəyi planlaşdırır?

- Gürcüstan hazırda xarici kəşfiyatçılar üçün nəzərdə tutduqları qanunla əlaqədar düzgün mövqe seçib. Aydındır ki, hazırda Qərb Gürcüstanda Rusiyaya qarşı sankisiyalar tətbiq etmək üçün öz qayda-qanunlarına uyğun oyunu sürdürmək istəyir. Rusiya ilə döyüşməkdənsə, dostluq etmək fikri tamamilə düzgündür. Hazırda Gürcüstanla əlaqələrimiz bir o qədər də yüksək səviyyədə olmasa da, lakin biz Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmişik. Bu isə münasibətlərin yaxşılaşması üçün mühüm addımlardan biri sayılır. 

Hazırda bəzi qüvvələr Gürcüstanı Ukraynanın gününə salmaq istəyir. Bu qüvvələr daha əvvəl iki qardaş milləti bir-birinə qırdırmağa nail oldular (Rusiya və Ukrayna – red.). Hazırda isə həmin qüvvələr Ermənistanı da bu plana daxil etməklə Rusiyanı tamamilə regiondan çıxarmaq niyyətindədirlər. Əgər hazırda Gürcüstanda hakim olan partiya büdrəyərsə və Qərb onu hakimiyyətdən uzaqlaşdırarsa, bu zaman Qərbin əliylə hakimiyyətə gələnlər, Ermənistanla birləşib Azərbaycana da qarşı çıxa bilərlər. Buna görə də, biz bu istiqamətdə birləşib, birlikdə Gürcüstana diplomatik yollarla dəstək olmalıyıq. Mən düşünürəm ki, Gürcüstanın hakim partiyası bu istiqamətdə mübarizəni davam etdirərək, öz istədiyinə nail olacaq. 

- Eyni ssenari artıq 2004-cü ildə Gürcüstanda tətbiq edilmişdi. Hakimiyyətə gələn Saakaşviliyə yalan vədlər verildi və 2008-ci ildə ölkə Rusiya ilə münaqişəyə cəlb olundu. Nəticədə Cənubi Osetiya və Abxaziya itirildi. Saakaşvilini bu avantüraya sürükləyən Qərb onu dəstəkləmədi və nəticədə uduzan tərəf Gürcüstan cəmiyyəti oldu. Eyni ssenari yenidən baş verə bilərmi?

- Qərb artıq Gürcüstanı bir dəfə, Saakaşvilini Rusiyaya qarşı yönəldərək aldadıb. Əgər aldatma bu səfərdə baş tutarsa, məncə Gürcüstan öz dövlətçiliyini itirəcək. Düzdür, onların artıq itirəcək heç bir ərazisi də yoxdur. Ancaq burada erməni faktorunu da unutmaq lazım deyil. Qərbin bütün basqılarına baxmayaraq, Gürcüstan ayaqda durmağa çalışır. Lakin unutmayaq, Gürcüstanın elə yerləri var ki, burada çox sayda etnik erməni məskunlaşıb. 

Mənim yadıma gəlir ki, burada yaşayan ermənilər Gürcüstandakı 4 kilsənin özlərinə məxsus olması ilə bağlı etiraz etmişdilər. Əlbəttə, erməni lobbisi Gürcüstanda da güclü mövqe tutub, hətta mən deyərdim ki, onlar bu etirazları maliyyələşdirənlərdən biridir. Buna görə də, mən düşünürəm ki, əgər Gürcüstan təslim olarsa, bu zaman Saakaşvili dövründə yazılan ssenarini daha da sərt forması ilə qarşılaşa bilərik. Mən inanıram ki, hakim Gürcü Arzusu partiyası öz mövqeyində əminliklə dayanacaq və qalib gələcək. 

- Baş verənlər Qərbin, xüsusən də ABŞ-ın gürcü xalqına qarşı təxribatıdırmı?

- Artıq hamıya bəllidir ki, xırda dövlətlərdəki qarşıdurmalar, bir sıra belə dövlətlərin başçılarının qətli ABŞ və onun tərəfdaşları tərəfindən törədilib. Heç kimə sirr deyil ki, hazırda Gürcüstan hökumətinə qarşı çıxanlardan ən başda duran güc ABŞ-dır. Məhz o ABŞ-dır ki, milyonlarla pul yatırır ki, Gürcüstan xarici kəşfiyyatçılara qarşı bu qanun layihəsini təsdiq etməsin. Məhz həmin pullar hesabına hazırda etirazçıların bir sıra xərcləri qarşılanır, həmçinin etiraza dəstək olan KİV nümayəndələri maliyyələşdirilir. Mən bu istiqamətdə Gürcüstan hakimiyyətinə uğurlar arzulayıram.  

- Son illərdə Qərb Gürcüstanda çox güclü şəbəkə yaradıb. Bu, heç kimə sirr deyil. O, ölkədə fəaliyyət göstərən 25 000-ə yaxın qeyri-hökumət təşkilatının əksəriyyətini maliyyələşdirir və onları öz mülahizəsinə uyğun idarə edir. Ümumiyyətlə, proseslərin sonunu necə görürsünüz?

- Əgər Gürcüstan hakimiyyəti qalib gələrsə, bu zaman Qərb tərəfindən maliyyələşdirilən casuslar öz hökmlərini, etibarlarını itirəcəklər. Bu zaman isə Gürcü hakimiyyəti irəlidə Rusiya və Azərbaycan kimi addımlar atacaq. Bu oyunun isə öz qaydaları var. Məsələn, Azərbaycan bir sıra Qərb təşkilatlarını ölkəsindən çıxarıb. Əgər Gürcüstan hökuməti də istəyinə nail olarsa, bu ölkədəki Qərb təşkilatlarını da oxşar aqibət gözləyir. 

- Cənab Mixaylov, zaman ayırdığınız üçün təşəkkür edirik.

- Mən də sizə təşəkkür ediəm.

Tehran Orucoğlu, Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla