AZ

Növbəti delimitasiya prosesi Kərkidən BAŞLAYA BİLƏR - ŞƏRH

Növbəti delimitasiya prosesi Kərkidən BAŞLAYA BİLƏR - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan xüsusi təyinatlıları Tavuş vilayətinin Kirants (Güney) ərazisindədirlər. Bu barədə məlumat və görüntülər erməni telegram kanallarında yayılıb.
Qeyd olunub ki, Azərbaycan xüsusi təyinatlıları Kirants (Güney) tarlalarına çatıb. "Demarkasiya prosesi Tsaxkavana çatıb", - deyə ermənilər sosial media hesablarında vay-şüvən qoparmağa başlayıblar. Amma burada növbəti delimitasiya prosesinin başlanacağı ərazi sual olaraq qalır. İki ölkə arasında növbəti delimitasiya və demarkasiya prosesi Kərkidən başlanacaq, yoxsa Qazaxın digər kəndlərindən olacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, delimitasiya ve demarkasiya prosesində Qazaxın 4 kəndinin qaytarılmasından sonra növbəti mərhələdə anklavlar məsələsi gündəmə gəlir. Əsas razılıq isə bu istiqamətdədir. Amma məsələ təkcə anklavlar ilə bitmir:

"Azərbaycan sərhədləri böyük ölçüdə delimitasiya və demarkasiya olunmayıb. Növbəti mərhələdə mənim fikrimcə anklavlardan daha çox digər hissələrin delimitasiya edilməsi ilə bağlı müzakirələr aktuallaşa bilər. Çünki anklavların həll olunması çətin prosesdir. Onları həll etmək üçün dəhlizlərin verilməsi lazımdır. Dəhlizlərin verilməsi isə problemli məsələdir. Yəni iki ölkə arasında etibar mühiti yoxdur. Əvvəlcə sülh sazişi imzalanmalı, etimad mühiti qurulmalıdır. Təkcə iki ölkə arasında yox, iki xalq arasında normallaşma baş verməlidir. Anklavlar məsələsi ilə bağlı daha sonra həll yolu tapmaq olar. Amma bütün bu proseslər uzunmüddətlidir. Bu gün Gürcüstan və Azərbaycan arasında heç bir problem yoxdur. Amma hələ də sərhədlərin müəyyənləşməsi məsələsi var".

Siyasi şərhçi bildirib ki, Bəzən təcrübə onu göstərir ki, delimitasiya və demarkasiya prosesi onilliklər ala bilər. İndiki halda 4 kəndin qaytarılması ona görə aktual idi ki, bu kəndlər Azərbaycanın digər kəndlərinə bitişik ərazilər idi. Həm də orada heç bir ermənidə yaşamırdı və boş ərazilər idi. Onları həll etmək daha asan idi, nəinki digər məsələləri. Lakin növbəti mərhələdə anklavlardan danışırıqsa, Qazaxın 3 və Naxçıvanın Kərki kəndi anklavı var:

" Bunlar arasında müqayisə apardıq da, Kərkini qaytarmaq praktiki baxımından daha asan ola bilər. Növbəti addım kimi bunu etmək daha mümkündür. Çünki Qazaxın digər 3 anklavına gedən ərazilərdə ermənilər yaşayır. Ermənilərin yaşadığı ərazilərdən dəhlizin verilməsi bir qədər çətin prosesdir. Sədərək və Kərki kəndindəki bölgə Arazdəyən ərazisidir. Bura tarixi Azərbaycan torpaqlarıdır. Lakin SSRİ dövründə Ermənistan ərazisi kimi qəbul olunub. Bu Arazdəyən ərazisində isə heç bir erməni yaşamır. Yəni bura düzəngahdır və vaxtilə əkin sahəsi kimi istifadə olunur. Bu baxımdan Sədərəkdən Kərkiyə çıxış əldə etmək daha rahatdır. Əlbəttə ki, bunlar Qazaxın digər 3 anklavı ilə müqayisədə belədir. Bu baxımdan hesab etmək olar ki, növbəti mərhələdə anklavlardan danışılacaqsa, ilkin olaraq Kərki istiqamətində demarkasiya işinin aparılması daha asan ola bilər. Bu baxımdan Kərkinin daha tez qaytarılması ehtimalını deyə bilərik. Amma ümumilikdə delimitasiya və demarkasiya məsələsi uzunmüddətli prosesdir. Bütün bunlar növbəti mərhələdə atılacaq addımlardan asılı olacaq".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla