AZ

Regionlarda immunizasiya kampaniyası davam edir - » Medical Media


Avropa İttifaqının maliyyələşdirdiyi "Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aprel ayının son həftəsindən başlayaraq Genişləndirilmiş İmmunizasiya Proqramının (GİP) 50-ci ildönümü və İmmunizasiya həftəsi ilə əlaqədar regionlarda peyvəndlərin əhəmiyyətini vurğulamaq və peyvənddən kənarda qalan uşaqları vaksinasiyaya cəlb etməklə “sıfır” dozalı uşaqların sayını azaltmaq məqsədilə silsilə tədbirləri davam etdirir. 

Medicalmedia.az xəbər verir ki, Ağdaş rayonunda başlayan kampaniya 6-10 may tarixlərində Şəki şəhərində və onun kəndlərində davam etdirilir. İmmunizasiya və digər zəruri ilkin səhiyyə xidmətlərinin göstərilməsi üçün TƏBİB tərəfindən yaradılmış həkim briqadaları “TƏBİB hər evdə” kampaniyası çərçivəsində kəndlərdə səyyar xidmətlər həyata keçirir. Bundan əlavə, paytaxtdan dəvət olunmuş pediatrlar peyvənd mövzusunda tərəddüd edən valideynlərlə maarifləndirici görüşlər keçirib, onları uşaqlarını vaxtında peyvənd etməyə çağırıblar. 

Tibb işçiləri üçün təşkil olunmuş təlimdə açılış nitqi ilə iştirak edən ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı 1974-cü ildə ÜST-nin təşəbbüsü ilə başladılan Genişləndirilmiş İmmunizasiya Proqramına (GİP) diqqət çəkərək, bu sahədə son 50 ildə əldə edilən nailiyyətləri qeyd etdi. “GİP bütün ÜST-yə üzv dövlətlər tərəfindən qəbul edilmişdir. Proqram sayəsində çiçək xəstəliyi eradikasiya edilmişdir, dünya poliomielit xəstəliyinin ləğv edilməsinə çox yaxındır, difteriya, göyöskürək, tetanus, qızılca, məxmərək, vərəm kimi xəstəliklərə yoluxma hallarının sayı əhəmiyyətli dərəcədə azalmışdır. Proqram daha çox xəstəlik və daha geniş yaş dövrünü əhatə etməklə hər il 5 milyona qədər insanın həyatını xilas edir. Bütün maraqlı tərəfdaşların və beynəlxalq təşkilatların birgə əməkdaşlığı ilə sağlamlığımızı qoruyan peyvəndlərin faydasından hər bir insanın yararlanmasını təmin edə bilərik. Peyvəndlər nəsillər boyu sağlamlığı qoruyur və həyat xilas edir ".

Görüşdə iştirak edən TƏBİB-in İlkin Səhiyyə şöbəsinin müdiri Dr. Nəhmət Rəhimov peyvəndlə bağlı səylərin vacibliyini vurğulayaraq “Bu kampaniyanın keçirilməsində məqsəd uşaq əhalisinin peyvənd təqviminə uyğun olaraq peyvənd olunması işinin daha da intensivləşdirilməsi, valideynləri tərəfindən vaksinasiyadan imtina edilmiş uşaqların sayının minimuma endirilməsi, vaksinasiya işində dayanıqlılığın təmin edilməsidir. Plan əsasında profilaktik vaksinasiya işi ilə məşğul olan əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təlimlər keçirilmiş, əhali arasında maarifləndirmə işi aparılmış, immunizasiya üzrə qeydiyyat sistemi təkmilləşdirilmiş, peyvəndlərin saxlanılması və daşınması sistemi daha da yaxşılaşdırılmış, peyvənddən kənar qalmış uşaqlar immunizasiyaya cəlb edilmişdir.” deyib.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Dr. Afaq Əliyeva immunizasiya proqramının səhiyyənin prioritet sahələrindən biri olduğunu vurğulayıb və beynəlxalq tövsiyələrə əsaslanaraq həyata keçirildiyini qeyd edib:

"ÜST-nin tövsiyələrinə uyğun Uşaqların İmmunizasiyası üzrə yeni təlimat hazırlanıb və yaxın günlərdə onun təsdiqlənməsi və immunizasiya işi ilə məşğul olan həkimlər və tibb bacılarına təqdim olunması gözlənilir. Hökumətimiz Avropa İmmunlaşdırma Gündəliyi 2030-un hədəflərinə uyğun olaraq profilaktik peyvənd təqviminə yeni vaksinlərin əlavə edilməsinə böyük səylər göstərir."

Kampaniyaya həmçinin yerli icra qurumlarının nümayəndələri də cəlb edilmişdir. Ümumilikdə, təlimlərdə immunizasiya ilə məşğul olan 100-ə yaxın həkim və tibb bacısı və 75 nəfər icma lideri iştirak etmişdir. Təlimlər iştirakçıların kampaniyanı effektiv şəkildə həyata keçirməsi üçün zəruri olan ən son bilik və bacarıqlarla təchiz olunması məqsədi daşıyırdı. Kampaniya müddəti boyunca əhaliyə uşaqların immunizasiyası və valideynlərin peyvənd tərəddüdü ilə bağlı suallarını cavablandırmaq məqsədilə hazırlanmış müxtəlif növ maarifləndirici materiallar təqdim olunur.

Azərbaycanda rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycan Ölkə Ofisi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik “Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb. Layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.







Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
239
1
Mənbələr
Şərh ()
Bağla