AZ

Təxribatçı keşişə son söz deyildi – “Ya delimitasiya, ya da müharibə...”

Bir neçə riyakar din adamı və siyasətçi Ermənistanı müharibəyə sürükləməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Harutyun Mkrtçyan keşiş Baqrat Qalstanyanın delimitasiya əleyhinə təxribatçı aksiyasını şərh edərkən deyib.

Aksiyanı ciddiyə almadığını söyləyən ekspertin sözlərinə görə, bütün bunlara evdə və ya ayaqyolunda oturaraq, əlində popkornla baxmaq lazımdır:

“Ayaqyolunda izləyin, çünki elə simalar var ki, onları sadəcə oradan izləmək olar. Saxta millətçilik pərdəsi arxasında gizlənən insanlar və din xadimləri birləşərək konstitusiyanın əhəmiyyətsizliyindən danışırlar, “Konstitusiyanı vecinizə almayın” sözünü işlədirlər. Bu adamlar Ermənistanı totalitar dövlətə çevirmək istəyirlər, qoy çalışsınlar, heç nə alınmayacaq”.

Mkrtçyan aksiyanı Rusiya ilə əlaqələndirib. Politoloq yürüşün Rusiya Prezidenti Vladimir Putinin andiçmə günü – yəni bu gün İrəvana çatacağını düşünsə də, onun fikrincə, mayın 9-u da Putin üçün heç də az əhəmiyyətli tarix deyil.

“Mən burada siyasi nitq və ya siyasi tələb görmürəm, sadəcə delimitasiya və demarkasiya ətrafında ehtirasları qızışdırmağa çalışırlar”, - ekspert bildirib.

Mkrtçyanın qənaətinə görə, aksiyada irəli sürülün tələblər geniş ictimai konsolidasiya üçün bir fürsət yaratmayacaq, çünki Ermənistan vətəndaşları ətraflarında baş verənləri və müharibə aparan qüvvələrin məğlubiyyətə məhkum olduğunu yaxşı başa düşürlər:

“Əgər onların gizli niyyəti bu zəmində hakimiyyət dəyişikliyinə nail olmaqdırsa, hakimiyyət dəyişikliyi yalnız azad və ədalətli seçkilər vasitəsilə mümkündür. Bu adamlar buna da hazır deyillər. Hazır olsaydılar, deputatları mandatlarından əl çəkib, konstitusiya böhranı yaradaraq, siyasi müzakirələri meydanlara gətirib deyirdilər ki, gedək növbədənkənar seçkilərə”.

Erməni ekspertin iddiasına görə, revanşistlərin məqsədi Ermənistanı müharibəyə sürükləməkdir.

Eyni zamanda, Mkrtçyan aksiyanın genişlənəcəyini də düşünmür və bununla bağlı revanşist medianın irəli sürdüyü rəqəmlərin saxta olduğuna inanır.

Baqratın İrəvana gəlişi ilə bağlı hansı mümkün ssenarilərin ola biləcəyi sualına politoloq cavab verib ki, heç bir din xadimi və ya siyasətçi azsaylı tərəfdarı ilə Ermənistanı müharibəyə məcbur edə bilməz:

“Tutaq ki, İrəvana çatdılar, məsələn, arzularında olan 50 min vətəndaş, 50 mini də mən əlavə edim, indi bu 100 minin Ermənistan xalqını müharibəyə çəkmək hüququ varmı? Tutaq ki, demarkasiyaya yox, müharibəyə gedirik, onların Ermənistan və xalqını müharibəyə sürükləmək hüququ varmı? Yoxdur. Qaranlıq otaqda qara pişik axtarmağa ehtiyac yoxdur: ya demarkasiya və delimitasiyaya gedirik, ya da müharibəyə”.

Mkrtçyanın fikrincə, revanşistlərin haradan (Rusiyanı nəzərdə turur – red.) idarə olunduğu göz qabağındadır. O, sabiq prezident və hərbi cinayətkar Robert Köçəryanın da bu təxribatçı aksiyanı idarə edənlərdən biri olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla