AZ

Kremldə mərasim: Putinin 5-ci prezidentlik müddəti başlayır

Rusiyada mart ayında keçirilən prezident seçkilərində qalib gələn Vladimir Putin Kreml sarayında keçirilən mərasimdə and içərək, rəsmi olaraq 5-ci prezidentlik müddətinə başlayıb.

Bakupost.az xəbər verir ki, Rusiyada martın 15-17-də keçirilən prezident seçkilərində 87,28 faiz səslə qalib gələn Vladimir Putinin Kreml Sarayında andiçmə mərasimi keçirilib.

Aralarında müsəlman icması liderləri və xarici diplomatların da olduğu 2600 qonağın iştirak etdiyi mərasimdə alqışlarla salona daxil olan Rusiya lideri Putin 6 illik yeni səlahiyyət müddəti üçün Konstitusiyaya toxunaraq and içib.

Putin yeni səlahiyyət müddəti üçün bu sözlərlə and içib: “And içirəm ki, Rusiya Federasiyası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşacağam və onları qoruyacağam, Konstitusiyaya əməl edəcəyəm və onu qoruyacağam. Rusiya Federasiyasının suverenliyini və müstəqilliyini, dövlətin təhlükəsizliyini və bütövlüyünü qoruyacağıma, xalqa sədaqətlə xidmət edəcəyimə and içirəm".

Andiçmə mərasimindən sonra Kreml bağında top atəşi açılıb.

Putin çıxışında Qərb ölkələrinə də mesaj verdi. Dialoq qapılarının Qərbə açıq olduğunu bildirən Putin: “Rusiyanı etibarlı və dürüst tərəfdaş kimi görən bütün ölkələrlə yaxşı münasibətləri gücləndirməyə açıq olmuşuq və açıq olacağıq. Onlar həqiqətən qlobal əksəriyyəti təşkil edirlər. Biz Qərb ölkələri ilə dialoqdan imtina etmirik. Seçim onlarındır”.

Putin andiçmə mərasimindən sonra Kreml Sarayının bağçasında gözləyən Prezident Mühafizə Alayını qarşılayıb. Salamlaşmadan sonra Putin üçün parad keçirilib. Təxminən 1 saat davam edən mərasimdən sonra Putin Kremldəki ofisinə gedib.




Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla