AZ

Media nümayəndələri Autizm Mərkəzində oldular – FOTO

May ayının 10-da rəsmi fəaliyyətə başlamasının 20 illiyi tamam olacaq Heydər Əliyev Fondunun cəmiyyəti müdrikcəsinə “dünyanı mərhəmət xilas edəcək” istiqamətinə yönəltməsi, sözün əsl mənasında, alqışlara layiqdir.

KONKRET.az xəbər verir ki, media nümayəndələri paytaxtın Nizami rayonunda yerləşən “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzində olarkən buna bir daha əmin oldular. “Birgə və Sağlam” İctimai Birliyinin və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan autizm haqqında maarifləndirmə seminarı və mediatur öz məqsədinə çatdı.

Yağışlı-küləkli gündə Autizm Mərkəzinə yollanan media nümayəndələri kandara ayaqlarını basan andan etibarən olduqca sıcaq və mehriban mühitlə qarşılaşdılar.

Seminarın başlanmasını gözləyərkən media nümayəndələri mərkəzin musiqi terapist Arzu Səmədqızının Çingiz adlı şagirdinə musiqi dərsi keçməsinin şahidi oldular.  Arzu xanım mərkəzə yeni gələn Çingizlə birlikdə müxtəlif mahnılar oxuyur, ona çalmağı öyrədirdi. Bu zaman müxtəlif tədris üsullarından, o cümlədən rəqəmlərdən və rənglərdən istifadə edirdi. Bəli, yanlış oxumadınız, Çingiz çalarkən notları deyil, pianonun dillərinə yazılmış rəqəmləri musiqiyə uyğun tərzdə oxuyurdu. Musiqi terapistinin hər ifadan sonra Çingizlə birlikdə bir-birlərini alqışlaması bu mənzərəni izləyənləri riqqətə gətirirdi. Çünki yaşıdlarından fərqli bir uşağın həyata uyğunlaşdırılması prosesinin addımları atılırdı. Çingizin fotosunu çəkilməsinə icazə verildiyini öyrənib, həmin anları lentə köçürdük.

Sonra media nümayəndələrini “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzinin direktoru Aytən Eynalova və Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov salamladılar.

Aytən xanım bildirdi ki, mərkəzin binası Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib və 2021-ci il dekabrın 31-də istifadəyə verilib. Mərkəz autizm sindromlu şəxslərə zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq istiqamətində fəaliyyət göstərir. O, qeyd etdi ki, autizmli uşaqların intensiv terapiya alması və onların asudə vaxtlarının səmərəli təşkili üçün Mərkəzdə lazımi şərait yaradılıb. Mərkəzdə 23 yaşınadək şəxslərin qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar.

Aytən xanım autizm sindromlu övlad anası olduğunu, oğlu Həmzənin 20 yaşına çatdığını diqqətə çatdırdı. Övladının da digər uşaqlar və gənclərlə birlikdə bu mərkəzdə zəruri ünsiyyət və həyat bacarıqlarını öyrənmək, müstəqil həyata hazırlanmaq prosesini keçdiyini söylədi.

Əhməd İsmayılov mərkəzin fəaliyyətini yüksək qiymətləndirdi və media nümayəndələrini bu fəaliyyətin cəmiyyətə çatdırılmasında və fərqliliklə bağlı maarifləndirmə işinin aparılmasında fəal olmağa çağırdı.

“Gəlin biz media nümayəndələri, Media İnkişaf Agentliyi olaraq bu missiyanı sosial layihə kimi qəbul edək. Fərqlilik, inklüzivliklə bağlı aldığınız məlumatları daim bölüşək, eyni zamanda hamımız əl-ələ verərək Autizm Mərkəzinə dəstək olaq. Məhz buradakı şəraitlə və mərkəzin fəaliyyəti ilə tanış olmaq məqsədilə bu gün mən də sizinlə birlikdəyəm. Bundan öncə mən mərkəzin başqa tədbirində iştirak etdim və çox xoşuma gəldi. Həmin tədbirin bədii hissəsində insanı pozitiv fikirlərə kökləyən yanaşmalar vardı. Düşünürəm ki, siz də bugünkü mediaturu çox bəyənəcəksiniz”, – deyə Medianın İnkişaf Agentliyinin icraçı direktoru əlavə etdi.

Autizmlə bağlı media nümayəndələrinə ətraflı məlumat verilən zaman məlum oldu ki, autizm mövzusu jurnalistlərin də həssas yeridir. Çünki həmkarlarımızın arasında ailə üzvləri və yaxın qohumları autizm sindromlu şəxslər də var.

Mərkəzlə tanışlıq yetirmələrin rəsm əsərlərinin sərgisinin təqdim olunması ilə başladı. Aytən xanım bildirdi ki, mərkəzin divarlarından asılmış rəsm əsərlərini uşaqlar peşəkar və könüllü rəssamların köməyi ilə ərsəyə gətiriblər.

Sonra media nümayəndələri müxtəlif siniflər, yataq otağı, idman zalı, mətbəx və kafe ilə tanış oldular. Qonaqlar uşaqların dərs proseslərini izlədilər, həyata uyğunlaşmaq üçün onlara hansı vərdişlərin necə aşılandığını gördülər. Məlum oldu ki, uşaqlara sərbəst və planlı şəkildə paltar maşınının idarə olunması, yuyulmuş geyimlərin qurudulması, ütülənməsi, geyim dolabına asılması, mətbəxdə yemək hazırlanması kimi qaçılmaz məişət qayğıları, eyni zamanda əl işləri də öyrədilir.

Media nümayəndələri elə Aytən xanımın oğlu Həmzə ilə də mətbəxdə xörək bişirdiyi yerdə tanış oldular. Həmzənin kulinariya ilə maraqlandığı, peşəkar mütəxəssislərdən aşbazlığın sirlərini öyrəndiyi və bu işi böyük həvəslə, planlı şəkildə gördüyü bəlli oldu.

Bundan başqa, “İnklüzivlik ayı” layihəsi çərçivəsində autizmli gənclərin valideynləri ilə birlikdə tullantıların təkrar istifadəsi nəticəsində hazırladıqları əl işləri nümayiş edildi. Bu işdə onlara “DOST” agentliyinin də dəstək olduğu məlumatlar arasında idi.

Tədbirin sonunda mərkəzin kafesində autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupunun konsert proqramı təqdim olundu. Arzu Səmədqızının rəhbərliyi ilə çıxış edən xor və ritm qrupunun ifasında Azərbaycan bəstəkarlarının mahnılarının səsləndirilməsi alqışlarla qarşılandı. “Mavi Ürəklər”in solisti Kənan Məmmədlinin “Nazəndə sevgilim” mahnısını və pianoda klassik musiqi parçasını ifa etməsi, İlyas Əfəndiyevin məhəbbət haqqında şeir söyləməsi, uşaqların qonaqlara qulluq etməyə çalışmaları, ünsiyyət qurmaları, Aytən xanımın autizm ailəsi üzvlərinin maraqlı və əyləncəli anlarından danışması tədbirə ayrı rəng qatdı.

Aytən xanım əlavə etdi ki, tezliklə paytaxtın mərkəzində birliyə məxsus kafe fəaliyyətə başlayacaq. Həmin kafedə autizmli gənclərin çalışması onu tamamilə fərqli bir məkana çevirəcək.

Tədbir autizm sindromlu gənclər və media nümayəndələrinin rəmzi ağacı rəngləməsi ilə başa çatdı. “DOST” agentliyinin könüllülərlə iş şöbəsinin müdiri Somaz Həsənova bu aksiyanı Autizm Mərkəzinin yetirmələrinin və media nümayəndələrinin ölkəmizdə keçiriləcək COP29 tədbirinə töhfəsi kimi dəyərləndirdi.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla