AZ

Rövşən Qayayev: Dünyaya növbəti mesaj



Müstəqil Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, həm də bu gün beynəlxalq aləmdə mühüm tədbirlərin, toplantıların keçirildiyi bir məkana çevrilib və bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi tanınır. Demək olar ki, ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır.
Bu zəmində 1 may tarixində Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ümumiyyətlə çox mühüm və nüfuzlu beynəlxalq bir platformadır. Tədbirdə 110-dan çox ölkəni təmsil edən 700 nəfər mötəbər qonağın iştirakı da bilavasitə forumun qlobal əhəmiyyətindən xəbər verir. Dünyanı narahat edən bir çox problemlərin müzakirə edildiyi forumda çıxış edən Dövlət Başçımız gündəlikdə olan məsələlərin müzakirəsində Azərbaycanın təcrübəsinin yetərincə olduğunu, Şərqlə Qərbin qovşağında yerləşən ölkəmizin həmişə ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruduğunu, ölkəmizdə yaşayan insanların, müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşadıqlarını, onların Azərbaycanın dəyərli vətəndaşları, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanları olduğunu bildirdi. Ölkə Prezidenti onu da qeyd etdi ki: “Müzakirə olunacaq məsələlərdən biri də çoxtərəflilikdir. Azərbaycan öz təcrübəsini göstərib. Biz qəti şəkildə çoxtərəfliliyə sadiqik. Biz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etmişik. O, BMT-dən sonra ikinci ən böyük təşkilatdır və həmçinin bununla bağlı yekdil qərarımız oldu, sədrliyimiz yekdil qərarla əlavə bir il də artırıldı. Təbii ki, Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır. Biz həmin Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik. Bütün bunlar məhz Azərbaycan tərəfindən yaradılıb.”
Bununla da demək olar ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həm də Azərbaycan həqiqətlərinin bir növ təqdimatı oldu. Tarixi Zəfərimizə gedən yoldan, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından bəhs edən ölkə başçısı cənab İlham Əliyev onu da qeyd etdi ki: “Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Demək olar ki, 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. Qeyd edirəm ki, bəzi ölkələr Ermənistana dəstək verirdi.”
Beləliklə, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsi bir daha Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə doğru bir addımı və dünyaya növbəti sülh, əməkdaşlıq, tolerantlıq haqqında mesajı oldu.

Rövşən Qayayev
YAP Qazax rayon təşkilatının əməkdaşı




Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla