AZ

ABŞ-nin aviasiya tənzimləyicisi “Boeing” ilə bağlı araşdırmaya başlayıb

ABŞ Federal Mülki Aviasiya Administrasiyası “Boeing 787 Dreamliner” təyyarəsinin sınaqları zamanı sənədlərin mümkün saxtalaşdırılması ilə bağlı “Boeing” şirkətinə qarşı yeni araşdırmaya başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi qurumun bəyanatına istinadən məlumat verib.

Tənzimləyici “Boeing” işçilərinin qanadların təyyarənin gövdəsi ilə birləşdiyi yerlərdə bərkitmə və yerləndirmə işləri ilə bağlı bütün sınaqları yerinə yetirib-yetirmədiyini araşdırmağı planlaşdırır. Məlumata görə, şirkətin əməkdaşları texniki sənədləri saxtalaşdırmaqda şübhəli bilinirlər.

“Boeing” nümayəndəsinin sözlərinə görə, bir neçə əməkdaş həqiqətən də korporativ siyasəti pozub və tələb olunan sınaqları keçirməyib, lakin bu, uçuşların təhlükəsizliyinə təhlükə yaratmayıb.

Xatırladaq ki, 2024-cü ilin əvvəlində ABŞ-nin “Alaska Airlines” aviaşirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsində uçuş zamanı qapı yerindən çıxaraq havalanıb. Kabin təzyiqi pozulduğuna görə təyyarə Oreqon ştatının Portlend şəhərində təcili eniş etməli olub.

Daha sonra Amerika mediası şirkətin əleyhinə ifadə verən “Boeing”in keyfiyyətə nəzarət üzrə keçmiş mühəndisi Con Barnettin avtomobilində ölü tapıldığını yazıb. Həmin şəxs məhkəmədə mütəxəssislərin təyyarələrdə nasaz hissələri quraşdırdıqlarını bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
20
Mənbələr
Şərh ()
Bağla