AZ

"Bütün Azərbaycanı xatırladır mənə bu barmaq izi" — Təmsilçilərimizlə MÜSAHİBƏ

Demokrat.az-ın İsveçdəki xüsusi müxbiri  Tural Abdulla  Azərbaycanın "Avroviziya 2024"  təmsilçiləri Fahree və İlkin Dövlətovdan müsahibə alıb.

Müsahibəni oxuculara təqdim edirik:

Tural: Artıq 1-ci yarımfinala sayılı saatlar qalıb. Necə hiss edirsiniz özünüzü? 

Fahree:  Təbii ki, bir az həyəcanlı, amma artıq hazır hiss edirik. Çünki məşqlərimiz çox gözəl keçib. Tam gücümüzlə çıxış etməyə hazırıq.

İlkin: Bu işdə əsas vacib olan mental hazırlıqdır və biz mental olaraq hazırıq. 

Tural: Bu il seçimlərdə iştirak etməyə necə qərar verdiniz?

Fahree: Əslində mən mahnımı keçən il yazmışdım və fikirləşdim ki, bir az daha hazırlıqlı olum, daha çox məna qatım və s. Bir ildən sonra qərara gəldim ki, artıq vaxtıdır, seçimlərə qatılmalıyam. Yaxşı ki, qatıldım, çünki bu addım sayəsində İlkini tanıdım. Qismət belə gətirdi ki, mən buradayam, Malmödəyəm. Azərbaycanı təmsil edirəm və İlkinlə bir yerdə təmsil edirəm. İlkin də çox gözəl muğam parçasını ifa edir və mahnıya daha da gözəllik qatır.

Tural:  İlk olaraq rəqib idiniz və sonda bir yerdəsiniz. Bu necə baş verdi?

İlkin: Düz deyirsiniz, mən başqa komandayla qatılmışdım və orada Fahreeylə tanışlığımız oldu. Fahree-nin istedadı və mənim üçün əsas insani cəhətlərdir və Fəxrinin insani cəhətləri yüksək səviyyədə olduğu üçün mənə təklif etdi və mən böyük məmnuniyyətlə qəbul etdim. Mənim komanda yoldaşlarım Mila və Etibar da bunu könül xoşluğu ilə qəbul etdilər, sevindilər mənim üçün. Biz uşaqlıq arzumuzu yerinə yetiririk. Bu bizim üçün böyük xoşbəxtlikdir.

Tural: Fahree, bütün mahnılarınızı özünüz yazırsınız. Nədən ilhamlanaraq bu mahnıları yazırsınız?

-Öz içimdəki hisslər, həyatımdan olan məqamlar. Çünki mən uydurub nədənsə olmayan bir şeyə mahnı yaza bilmirəm. Bu təbii ki mənim yaşanmışlarımdır, indi yaşadıqlarımdır, ümumiyyətlə yaşanacaq olan planlarımdır və hisslərdir əsas. 

Tural: "Özünlə apar" mahnısı ilə dinləyicilərə nə çatdırmaq istəyirsən?

-"Özünlə apar" mahnısı ilə əsas məqsədimiz odur ki, o mahnının sözlərində, melodiyasında öz fikirlərini daha da rahatlaşdırıb öz içindəki səslə harmoniya tapsın, çünki özünüz bilirsiniz ki, sənə ən yaxın dost olan içindəki sənsən. Sənə ən böyük düşmən də olan içindəki sənsən və səni qabağa çəkən də içindəki sənsən. Gərək həmişə öz içindəki o balaca uşaqla, içindəki səslə harmoniyada olasan. Yəni məqsəd budur. Kainatla bu həyatda xırda bir şey olsa belə xoşbəxtliyi tapasan. 

-2 həftəyə yaxındır ki burada qalırsınız. Azərbaycanda özünüzlə bir şey gətirmisiniz sizə Azərbaycanı xatırlatsın?

Fahree: Mən Azərbaycandan heç nə gətirməmişəm, çünki bilirsiniz özümlə aparmalıyam. Amma mən gedəndən qabaq bir tatu elədim. Bu mənim sevdiyim xanımın barmaq izidir. Yəni, bu mənə hər şeyi xatırladır: həm sevildiyimi, həm mənə inandığını hiss edirəm. Həm o məni Azərbaycanda gözləyir. O, doğma hissdir. Tək sevdiyim xanımı yox, bütün Azərbaycanı xatırladır mənə bu barmaq izi.

İlkin: Səsimlə bərabər mən bütün səhnəyə çıxdığımda, dövlətimizi təmsil edəndə mənim yanımda güc aldığım mənbə olur. Bu mənbə də hal-hazırda üzərimdədir. Oğlumun corabıdır və bu mənim üçün çox dəyərli bir şeydir, çünki həmişə mənim yanımdadır və bu mənə güc verir. 

Tural: Təşəkkürlər, çox xoş oldu sizi tanımaq.

İlkin-Fahree: Bura qədər gəlib bizə dəstək olduğunuz üçün minnətdarıq.

Tural Abdulla
İsveç, Malmö

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla