AZ

Övladlarımızı internetin təhlükələrindən necə qoruyaq?

Sosial şəbəkələrdə həddindən artıq vaxt keçirmə uşaqlarda asosiallaşma, özünə qapanma, canlı ünsiyyətdən qaçma, şəxsiyyətin deqradasiyası kimi problemlər yarada bilər

Bir neçə gün öncə Daxili İşlər Nazirliyi tərəfindən valideynlərə övladları ilə bağlı vacib müraciət ünvanladı. Bildirildi ki, onlar uşaqların təhlükəsizliyini təmin etmək üçün yalnız öz nəzarətləri altında internetdən istifadə etmələrinə icazə verməlidir. Uşaqlarınızın internet təhlükəsizliyinin təmin olunması üçün zərərli məzmunların filtrlənməsi və təhlükəli saytlara daxil olmanın qarşısını alan filtrləmə proqramlarından istifadə edilməsi tövsiyə edilir. Bu cür proqramlar, eyni zamanda uşağın daxil olduğu veb saytları izləməyə də kömək edəcək.

Ümumiyyətlə, internetdə uşaqların təhlükəsizliyi üçün valideynlər nə etməlidir? Bu gün valideynlər uşaqları ucu-bucağı görünməyən internetin mənfi cəhətlərindən necə qoruya bilərlər?

Uşaqlar sosial şəbəkə istifadəçisi olmaq istəyirlərsə...

İnformasiya texnologiyaları mütəxəssisi Fərhad Mirəliyev məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, müasir dövrdə uşaqları texnologiyalardan kənarda saxlamaq mümkün deyil: “Sadəcə texnologiyalarla təmas, fəaliyyət valideynlərin və yaxud da qəyyumun birbaşa nəzarəti altında həyata keçirilməlidir. Əks halda bunun çox acı nəticələri ilə üzləşə bilərik. Uşaqların internetdə keçirdiyi vaxta nəzarət etmək və məzmunu tənzimləmək üçün nəzərə alınmalı bir neçə məqam var. Arzuolunandır ki, uşaqlar sosial şəbəkə istifadəçisi olmaq istəyirlərsə, onlar üçün xüsusi təyinatlı platformalardan istifadə etsinlər. Ancaq bu halda da valideynlər mütləq şəkildə internetdə övladlarının çıxış etdiyi məzmunlara nəzarət etməlidir. Bunu onlar xüsusi proqram təminatı, mobil cihazın tənzimləmələri vasitəsilə edə bilərlər. Ümumiyyətlə, uşaqların tətbiqlərdə keçirdiyi zaman tənzimlənə bilər. Həmçinin, onların hansı tətbiqləri quraşdıra bilməsi, həmin tətbiqlərin internetə çıxışı kimi nüanslar valideynlər tərəfindən nəzarətdə saxlanılmalıdır.

Dərslə məşğul olmağa da vaxtı qalsın

O cümlədən, uşaqlara zamanın düzgün bölüşdürülməsi mütləq şəkildə öyrədilməlidir ki, onların həm başqa fəaliyyətlərlə, həm dərsləri ilə məşğul olmaları üçün vaxtı qalsın. Eyni zamanda internetdə keçirdikləri zaman səmərəli olsun. Ümumiyyətlə, uşaqların internet vasitəsilə ən böyük qazancı həmyaşıdları ilə ünsiyyətdə olmalarıdır. Onlar, həmçinin internet vasitəsilə hər hansı bir mövzuda informasiya əldə edir, biliklərini artırırlar. Lakin uşaqların internetdə həddindən artıq nəzarətsiz vaxt keçirməsi bəzi problemlərə yol aça bilər. Belə ki, belə uşaqlarda asosiallaşma, özünə qapanma, canlı ünsiyyətdən qaçma, şəxsiyyətin deqradasiyası kimi problemlər meydana çıxa bilər. Texnologiyalardan həddən artıq asılılıq yaranması isə uşaqlarda diskomfort hissi yarada bilər. Bütün bunları nəzərə alaraq öncədən qabaqlayıcı tədbirlər görmək lazımdır”.

Sayalı Abasova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla