AZ

Deputatlar anons etdilər: COP-29-a qədər sülh sazişi imzalana bilər

\"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər\".
 
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransındakı çıxışı zamanı deyib.
 
Baş nazirin sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.

Bundan əlavə, Paşinyan Azərbaycan və Ermənistan XİN başçılarının mayın 10-da Almatıda keçiriləcək görüşünün yekunlarına dair irəliləyişinə ümid edir.
 
Bəs qeyd edilən sülh müqaviləsinin imzalanması nə vaxt baş tuta bilər və burada iki ölkənin şərtləri nə olacaq?
 
Məsələ ilə əlaqədar AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasının vasitəçi olmadan həyata keçirilməsi çox sevindirici haldır:

 

\"Hazırda Azərbaycan tərəfindən Ermənistanın sülhə sövq edilməsi siyasəti uğurla davam etdirilir. Çox sevindirici haldır ki, heç bir vasitəçi olmadan Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası baş tutdu. Düşünürəm ki, bu proses belə də davam etsə, yaxşı olar. Çünki vasitəçilərin iştirakı ilə keçirilən görüşdə məhz onların da maraqları nəzərə alınır. Bu zaman münaqişənin məğzi və əsas məqsədi yaddan çıxır. Çox vaxt harada və kimin moderatorluğunda hansı tarazlığın əldə olunması ilə əlaqədar bir rəqabətin şahidi oluruq. Ancaq görürük ki, nəhayət, Azərbaycan və Ermənistan arasında heç bir vasitəçinin iştirakı olmadan sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlanıldı. Ən əsası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, 4 anklav olmayan kəndin Azərbaycana qeyri-şərtsiz qaytarılması ilkin mərhələdə həyata keçirilməlidir və belə də oldu.
 
Ermənistan tərəfindən bu kəndlərin Azərbaycana təhvil verilməsi prosesi həyata keçirilir və bunun ardınca da xüsusi komissiyalar tərəfindən anklav olan kəndlərin geri qaytarılması məsələsi müzakirə ediləcək. Şərti sərhədboyu zonalarda sərhədlərin delimitasiya və demarkasiyası həyata keçiriləcək. Ən mühüm proses isə biz Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfindən yumşalmaları sezməkdəyik və Paşinyanın da Azərbaycan və Ermənistanla münasibətləri yaxşılaşdırmaqda maraqlı olması, o cümlədən Azərbaycan, eləcə də Türkiyəylə düşmənçiliyi yoxa çıxartmaq niyyətiylə bağlı mesajlar verməsi müəyyən dərəcədə Ermənistan siyasi rəhbərliyinin bu məsələlərdə artıq səmimi və ciddi olduğunu deməyə əsas verir\".
 
Deputat hesab edir ki, Almatı görüşündə müxtəlif mübahisəli məqamların müzakirə edilməsi gözlənilir:
 
\"Bildiyiniz kimi, 10 may tarixində Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq. Sözügedən görüşdə bu günə qədər sülh anlaşmasının tam razılaşdırılmayan maddələri ətrafında müzakirələr olacaq. Bir çox mübahisəli məsələlər mövcuddur. Bunlar da bu görüşdəki gündəlikdə müzakirə ediləsi məsələlər siyahısında nəzərdə tutulub. Ehtimal var ki, məhz XİN rəhbərlərinin iştirakı ilə keçiriləcək görüş Azərbaycan və Ermənistan rəhbərliyinin növbəti görüşünə də bir hazırlıq ola bilər. Bu görüşlə bağlı müzakirələrin aparılma ehtimalı da var. 
 
Biz bu baxımdan bugünkü qədər heç vaxt sülhə yaxın olmamışıq. Ancaq hər an hər şey dəyişə bilər. Bilirik ki, Ermənistanı silahlandıran dövlətlər var. Həmçinin iki ölkə arasındakı məsələlərin sülh yolu ilə həll edilməsini istəməyən qüvvələr də var. Amma bütün bunlara baxmayaraq regionun taleyi Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasından asılıdır. Mən bu barədə düşünürəm ki, Ermənistan bu şansı düzgün dəyərləndirməlidir. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda ölkəmizlə sülh razılaşması mütləq ən qısa zamanda imzalanmalıdır. Cənab Prezidentin də dediyi kimi, bu il sülh ili ola bilər. Hesab edirəm ki, COP-29 başlayana qədər bu məsələlər tam həllini tapa bilər\".
 
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib ki, əgər sərhədlərin delimitasiya və demarkasiyası bu dinamikayla irəliləyərsə, bu ilin sonuna qədər sülh sazişi imzalana bilər:

 

\"Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasıyla bağlı atılan addım sülh üçün yeni perspektivlər yaradır. Çünki bu addım kifayət qədər qətiyyətli və cəsarətli addımdır. Sülhə doğru hərəkətdə sonuncu maneələrdən birini aradan qaldırmış olur. Azərbaycanın 4 kəndi qeyri-şərtsiz qaytarılır. Əgər sərhədlərin delimitasiya və demarkasiyası bu dinamikayla irəliləyərsə, bu ilin sonuna qədər Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, sülhlə əlaqədar müəyyən çərçivə sazişini imzalamaq olar. Lakin burada iki məsələyə aydınlıq gəlməlidir. Bunlardan biri Azərbaycanın Naxçıvana keçidi ilə bağlı maneəsiz kommunikasiyanın təmin olunmasıdır. Bu çox vacib məsələdir. İkinci məsələ isə Ermənistanın heç bir şərt irəli sürməməsidir\".
 
Millət vəkili hesab edir ki, Paşinyan irəli sürdüyü fikirləri geri çəkib Azərbaycanın təkliflərini qəbul etməlidir:
 
\"Məsələnin pis tərəfi ondan ibarətdir ki, bir tərəfdən Paşinyan Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanı Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüşməsi üçün Almatıya getməsinə icazə verir, ikinci tərəfdən şərtlər irəli sürür ki, Almatı Bəyannaməsi mümkün sülh sazişində predmetə çevrilməlidir, ya da mümkün sülh sazişinə əlavə edilməlidir. Əlbəttə ki, bu qeyri-mümkündür. Çünki Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycan tərəfinin rəsmi Bakının qeyd etdiyi kimi hüquq yaradan sənədlər və xəritələr üzərində aparılacaq. Əgər burada hansısa hissədə Almatı Bəyannaməsinə istinad olunacaqsa, başqa bir hissədə başqa sənədlərə istinad ediləcək. Ona görə də əslində Paşinyanın bu cür fikir səsləndirməsi bundan ibarətdir ki, 1969-cu ilə qədər Azərbaycandan oğurladıqları bütün torpaqları hüquq yaradan əsaslar oldu, olmadı Almatı Bəyannaməsi adı altında özünküləşdirmiş olsunlar. Bu da təbii olaraq mümkün deyil. Bu səbəbdən də mən düşünürəm ki, Paşinyan irəli sürdüyü fikirləri geri çəkərsə, Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edərsə, yəqin ki, COP-29-a qədər sülhlə əlaqədar çərçivə sazişi imzalana bilər\".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin \"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük \"Vətən Müharibəsi\"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması\" mövzusunda dərc edilib.
 

 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla