AZ

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 8 may, AZƏRTAC

Mediasiya Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olan beynəlxalq hüquq üzrə elmlər doktoru, professor Aslan Abaşidze Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstəsi qoyulub, xatirəsi ehtiramla anılıb.

Sonra Şəhidlər xiyabanına gələn professor Aslan Abaşidze Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib.

Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Onu Mediasiya Şurasının İdarə Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov müşayiət edib.

Qeyd edək ki, Aslan Huseynoviç Abaşidze beynəlxalq hüquq ictimaiyyəti arasında kifayət qədər geniş tanınır.

Ölkəmizdə ilk dəfə səfərdə olan hüquqşünas alim daim Azərbaycana dost münasibəti ilə seçilir. Professor Aslan Abaşidze Prezident İlham Əliyevə, xalqımıza xüsusi rəğbəti olan tanınmış beynəlxalq hüquq mütəxəssislərindəndir.

Aslan Abaşidze Rusiya Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, Rusiya Xarici İşlər Nazirliyin Beynəlxalq Münasibətlər İnstitutunun professoru, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvüdür. O, həmçinin Rusiyanın Elm və Ali Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının hüquq üzrə Ekspert Şurasının, Ali Məhkəməsi yanında Elmi Məsləhət Şurasının, Xarici İşlər Nazirliyi yanında Elmi Məsləhət Şurasının, İnsan Hüquqları üzrə Müvəkkili yanında Ekspert Şurasının üzvü, Rusiya Federasiyasının Əməkdar hüquqşünasıdır. Ekspertlərin Federal Reyestrində qeydiyyatdan keçmiş professor elmi-texniki sahədə ekspertdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
1
Mənbələr
Şərh ()
Bağla