AZ

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən qadının məhkəməsi: "Bıçağı çıxarıb 4-5 dəfə ayağından vurdum"

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi keçirilən iclasda təqsirləndirlən şəxs Elnur Əliyev ifadə verib.

O, ifadəsində hadisədən xəbəri olmadığını deyib: "Savadım yoxdur, dedilər qol çək, hər şey yaxşı olacaq. Mehdi Rusiyadan gələndə mən və Bəxtiyarla eyni şirkətdə işə qəbul oldu. Sonradan Mehdi maşın götürərək taksi fəaliyyəti ilə məşğul oldu. Həmişə Bəxtiyar, Mehdi və mən işdən sonra oturub yemək yeyərdik. Gəldilər maşınla məni götürdülər. Mehdigillə kafeyə gedəndə yolunu dəyişdi. Dedim hara gedirsən? Dedi ki, bir problemim var. Dedi Bəxtiyar bilir, sənə də deyim. Hadisəni mənə də danışdı. Hadisəni danışana qədər Maştağaya çatdıq. Mehdi dedi ki, Bəxtiyarla sən qıraqda durun, mən söhbət edib gəlirəm. Maşından düşəndə bıçaq götürdüm. Bıçaq maşının sağ qapısında idi. Sonradan Mehdi qaça-qaça bizə tərəf gəlirdi. Ölən adam qışqırırdı ki, məni öldürürlər. Kömək eləməyə yaxınlaşanda ölən şəxs söyüş söydü. Mən də əsəbləşib cibimdən bıçağı çıxarıb 4-5 dəfə ayağından vurdum. Sonrasını bilmədim ki, Bəxtiyar necə vurdu, ya Mehdi necə vurdu. Qaçanda kameraya düşdük. Ölən şəxsi heç tanımırdım. Məni tutanda dedilər ki, 3 nəfər saxlanılıb, axırıncı sənsən. Dedim axı biz elə 3 nəfər olmuşuq. Əzizəni məhkəmədə tanıdım".

Təqsirləndirilən şəxs Elnur Əliyev sonda əlavə edib ki, ittihamla razı deyil: "Əgər əvvəlcədən öldürmək fikrimiz olsa, gedib ərazini araşdırardım. Təkcə ora getdiyimə görə özümü günahkar bilirəm".

Növbəti məhkəmə prosesi iyunun 7-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, hadisə keçən ilin martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

OrxanRasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
3
Mənbələr
Şərh ()
Bağla