AZ

Əhali banklardan çox BOKT-lara üz tutmağa başlayır- niyə?..

Image

Əkrəm Həsənov: “Bank olmayan kredit təşkilatlarında kredit faizləri  daha bahadır”

Azərbaycanda maliyyə sektorunda bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti həmişə xüsusi diqqət mərkəzində olub. Qeyd edək ki, BOKT xüsusi lisenziya əsasında kreditlərin verilməsi və qanunda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. 

BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər vermək imkanına malikdir. Araşdırmalar zamanı məlum olub ki, son vaxtlar vətəndaşlar kredit əldə etmək üçün BOKT-lara daha çox üz tutmağa başlayıb. Maraqlıdır, banklar kredit verilişini azaldıb, yoxsa BOKT-lar daha sərfəli şərtlərlə kredit təklif edir?

“Banklardan kredit götürmək elə də asan deyil, bu səbəbdən də bank olmayan kredit təşkilatlarına maraq artır”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bank olmayan kredit təşkilatlarında kredit faizləri  daha bahadır. Çünki BOKT-ların "ucuz maliyyə vəsaitləri"nə çıxışı yox səviyyəsindədir: “Ucuz maliyyə vəsaitləri dedikdə ilk olaraq bank əməliyyatları nəzərdə tutulur. Yəni vətəndaşlar banka əmanət qoyur. Digər  ucuz maliyyə vəsaitləri şirkətlərin, hüquqi şəxslərin bank hesablarında olan pullardır. Belə ki, şirkətlərin pulları banklardadır. Onu da deyim ki, BOKT-ların verdiyi kreditlərin faizi yüksək olur. Vətəndaşlara maraqlıdır ki, banklardan kredit götürsünlər. Ancaq banklardan kredit götürmək elə də asan deyil.  Bankdan kredit götürə bilməyən üz tutur, bank olmayan kredit təşkilatına”.

Ekspertin sözlərinə görə, BOKT-lardan kredit götürən vətəndaşlar bilməlidir ki, qaydalar banklarda olduğu kimi eynidir: “Vətəndaş götürdüyü krediti geri qaytara bilmədikdə əgər əmlakını borc qarşısında girov qoyubsa həmin təşkilat məhkəmə yolu ilə borcunu tələb edə bilər. Amma vətəndaş əmlakını girov qoymayıbsa bu zaman bankda olduğu kimi burda da heç nə verməli deyil. Ümumiyyətlə, əksər hallarda vətəndaşlar onlara lazım olmadığı halda belə kredit götürməyə cəhdlər edirlər. Bu da onların uzunmüddətli faizlərlə əlavə borclanmasına səbəb olur”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
baki-xeber.com

1Mənbələr