AZ

Məqsədimiz ikitərəfli əməkdaşlığı yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir

Dövlət başçısı İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə mətbuata birgə bəyanatında bir daha bildirdi ki, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək

«Ölkəmizə yenidən səfər edən əziz dostum Prezident Radevi görməyə çox şadam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olur və qarşılıqlı səfərlərin həyata keçirilməsi artıq yaxşı bir ənənəyə çevrilib. Mən şadam ki, biz səmərəli müzakirələrimizi davam etdirəcəyik və tərəfdaşlığımızı gücləndirəcəyik.» Dövlət başçısı İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə keçirdiyi görüşdə söylədiyi bu fikirlər iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin nə qədər böyük rol oynadığını açıqladı.

Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəli əməkdaşlığın inkişaf etdirilməsi vacib istiqamətlərdən biridir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 2022-ci ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyevin və Avropa Komissiyasının Prezidentinin iştirakı ilə «Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Bu mühüm məqam xüsusi qeyd edildi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandum gələcək üçün yol xəritəsi kimi dəyərləndirildi.

Mayın 7-də Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri bir daha bu kimi məqamlara işıq salır. Cənab İlham Əliyevin Bolqarıstan Prezidenti ilə keçirdiyi təkbətək, həmçinin geniş tərkibdə görüşdə bir daha iki ölkənin münasibətlərinin dünəninə, bu gününə işıq salındı və qarşıdakı dövrün hədəfləri açıqlandı. Azərbaycanla Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilir. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var.

Prezidentlərin görüşündə, həmçinin mətbuata bəyanatlarında Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr təqdir edildi. Cənab İlham Əliyev qeyd etdi ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bolqarıstana qaz təchizatımız artır: «Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək.»

Son iki ildə dördüncü görüşün olduğunu xatırladan Bolqarıstan Prezidenti vurğuladı ki, yüksək səviyyəli siyasi təmaslar qarşılıqlı maraq doğuran sahələrin hamısının inkişaf etdirilməsinə zəmin yaradır. Enerji sektorunda aparılan əməkdaşlıqdan çox məmnunuq: «Son iki il ərzində biz çoxlu işlər görmüşük. Yunanıstan və Bolqarıstan arasında rəsmi interkonnektorun açılışında şəxsən iştirak etdiniz. Bununla yanaşı, SOCAR-ın nümayəndəliyinin açılışında iştiraka görə Sizə təşəkkür edirəm. Həmçinin Sizin iştirakınızla biz “Həmrəylik Halqası” layihəsi çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü şəbəkələri, habelə SOCAR arasında Anlaşma Memorandumunu imzaladıq. Bu, Avropa Komissiyasının strateji baxışına və Avropa Komissiyasının Prezidenti ilə 2022-ci ildə imzaladığınız strateji tərəfdaşlığa dair Memoranduma əsasən həyata keçirilir.»

Azərbaycan tarixən neft ölkəsi kimi tanınsa da bu gün həm də qaz ixracatçısına çevrilib. 2022-ci ilin oktyabrında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev çıxışında bu layihənin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edərək bildirmişdir ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada hazırkı geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir.

Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Ölkəmizin hər bir layihənin uğurlu sonluqla başa çatdırması malik olduğu imkanların dünyaya təqdimatıdır. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində dövlət başçısı İlham Əliyev bu mühüm hadisəni bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Layihənin icrasının nəzərdə tutulan vaxtda başa çatacağına əminliyini ifadə etdi. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas seqmentlərindən olan TANAP istifadəyə verildi. Layihənin digər tərkib hissəsi olan TAP isə 2020-ci ilin dekabr ayının 31-də istifadəyə verildi. Göründüyü kimi, Azərbaycan vəziyyətdən asılı olmayaraq gündəmə gətirdiyi hər bir layihəni zamanında başa çatdırmağa səy göstərir.

Cənab İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə birgə mətbuata bəyanatında Azərbaycan qazının Bolqarıstana ixracının ildən-ilə artdığını bildirdi. Vurğulandı ki, keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün o da bildirildi ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi.

Mətbuata bəyanatında dövlət başçısı İlham Əliyev bu məqama da diqqəti yönlətdi ki, son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir.

Bolqarıstan Prezidenti ölkəmizə səfərləri çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycanı daim arzuolunan, etibarlı tərəfdaş kimi dəyərləndirir. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı daim önə çəkilərək Avropanın enerji xəritəsini dəyişdirəcək mühüm layihə kimi qeyd edilir. Bu, elə bir infrastruktur layihəsidir ki, təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirəcək. Bu layihə, həmçinin Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlığı bir daha təsdiqləyir.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.

1995-ci ildə Ümummilli Lider Heydər Əliyev Bolqarıstanın o vaxtkı Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfər edib. Həmin səfər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. İki dövlət arasında əlaqələrə müsbət təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan münasibətləri yüksələn xətlə inkişaf edib. Sonralar isə ali və yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər baş tutub. İndiyədək iki ölkə arasında 60-dan çox sənəd imzalanıb. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb.

2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Bu Bəyannamə əlaqələrimizin yüksələn xətlə inkişafına geniş imkanlar açıb. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Bolqarıstan Avropa İttifaqının üzvü olaraq həm ölkəmizin qurumla əlaqələrinin inkişafına öz töhfəsini verir, həm də ikitərəfli münasibətlərimizin yüksələn xətlə inkişafı üçün yeni prioritetlərin müəyyənləşdirilməsinə səy göstərir. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.

Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Ölkə Prezidenti daim çıxışlarında, Avropa İttifaqı rəsmiləri ilə görüşlərində, quruma üzv ölkələrə səfərləri, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri zamanı bu mühüm məqamı da diqqətə çatdırır ki, Azərbaycana etibarlı və uzunmüddətli, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.

Dövlət başçısı İlham Əliyev Bolqarıstan Prezidenti ilə birgə mətbuata bəyanatında onu da bildirdi ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq: “Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq”.

Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək respublikamızın təşəbbüsləri reallığa çevirən ölkə kimi nüfuz qazandığını görərik. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, rolunun təqdimatıdır. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi.

Avropa İttifaqının, eyni zamanda, quruma üzv dövlətlərin rəsmiləri də daim bildirirlər ki, Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan bir ölkə olduğu xüsusi qeyd edilir. Azərbaycan öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələr verir. Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümünə göstərilir. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev daim bu çağırışı edir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.

Cənab İlham Əliyev Bolqarıstan Prezidenti ilə mətbuata birgə bəyanatında Azərbaycanın tranzit imkanlarından geniş bçəhs etdi. Bildirdi ki, Azərbaycanın sərmayəsi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi bir neçə gün bundan əvvəl tam başa çatıb. Bu dəmir yolunun ötürmə qabiliyyətinin bir neçə dəfə artırıldığını vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş bu layihə bu gün imkanları genişləndirilmiş şəkildə Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti üzrə və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.

Azərbaycanla Bolqarıstan arasında bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəlidir. Bu gün qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan əməkdaşlığın çox böyük gələcəyi var. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Azərbaycan üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və digər ölkələrin bazarları böyük maraq kəsb edir.

Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd etdi ki, bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir. Biz ən yüksək səviyyədə siyasi-strateji dialoq aparırıq. Ən yüksək səviyyədə olan siyasi dialoqumuz təkcə ölkələrimizin deyil, Qafqaz və Qara dəniz hövzəsinin də iqtisadi firavanlığının təmin olunmasına yaxşı zəmin yaradır və Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Rumen Radev bu fikri də böyük inamla vurğuladı ki, Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. 2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə, Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi.

Cənab İlham Əliyev mətbuata bəyanatında səfər çərçivəsində keçirilən görüşlərdə aparılan müzakirələrin və imzalanan sənədlərin fonunda bildirdi ki, nəticələrdən danışmaq olar. Məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir: «Bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır…. Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.» Cənab İlham Əliyevin bu fikirlərinin davamı olaraq Bolqarıstan Prezidenti vurğuladı ki, bizim birgə marağımız və istəyimiz ondan ibarətdir ki, ölkələrimizin geosiyasi, geostrateji yerləşməsini nəzərə alaraq, təkcə enerji, nəqliyyat və əməkdaşlıq deyil, digər sahələrdə də strateji mövqeyə malik olaq: «Biz əlimizdən gələni edəcəyik ki, bütün sahələrdə, xüsusilə də bağlantı məsələsində regionlarımızda sabitliyi təmin edək. Biz Asiya və Avropa arasında əlaqələrin intensivləşməsinə töhfə veririk və bu, bizim üçün prioritetdir.»

Ümumilikdə qarşılıqlı səfərlər, gündəmə gətirilən məsələlər, həmçinin imzalanan sənədlər ölkələr arasında əlaqələrin inkişafında əsas rol oynayır. Hər bir səfər qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin müzakirəsi baxımından xüsusi diqqət çəkir. Bolqarıstan Prezidentinin səfəri çərçivəsində imzalanan sənədlər iki ölkə arasında əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Belə ki, bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radevin imzaladıqları «Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə»ni xüsusi qeyd etmək istərdik. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında diqqəti məhz bu sənədə yönəldərək bildirdi ki, bu gün Bolqarıstan Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır: «Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.»

Qeyd etdiklərimizin fonunda bu fikri böyük əminliklə vurğulayırıq ki, qədim ənənələrə malik Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və inkişaf edəcək.

Yeganə Əliyeva, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13027
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10167
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8885
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2742
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2316
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2102
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1974
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1792
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1425
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1376
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
919
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
597
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
556
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
491
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
485
Azərbaycan nefti ucuzlaşdı
464
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
462