AZ

"Kasıb-kusubun iş yeri olan taksi sektorunun üstünə düşüblər, sektoru "boğurlar"" - Deputat və ekspert nazrin yanlış taksi siyasətini tənqid edir

Ölkədə uzun illərdən bəri hökm sürən xaotik taksi fəaliyyətinin nizama salınması üçün bir müddətdir işlər həyata keçirilir. Bununla bağlı xüsusi normalar da qəbul olunub. Bu normaların tətbiqi ilə iyundan sonra taksi fəaliyyəti ilə bağlı qaydaların daha da sərtləşəcəyi bəlli idi. 

Vüqar

Vüqar Bayramov: “Milli Məclisdə qiymətlərdə kəskin artımlara yol verilməməsi üçün təkliflər irəli sürülmüşdü”

Millət vəkili Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, taksi xidmətinin keyfiyyətinin artırılması, eyni zamanda qiymətin optimallaşdırılması çox vacibdir. Vüqar Bayramov xatırladıb ki, Milli Məclisdə taksi xidməti ilə bağlı müzakirələr zamanı qiymətlərdə kəskin artımlara yol verilməməsi üçün təkliflər irəli sürülmüşdü: “Qiymətlərin əlçatan, optimal olması vacibdir. Taksilərin sayında dəyişiklik baş versə də, daha optimal qiymətlərlə taksi xidmətinin keyfiyyətinin artırılmasına xidmət edən şərait yaradılmalıdır. Eyni zamanda çox vacib məqamlardan biri ictimai nəqliyyatın keyfiyyətinin və intensivliyinin artırılmasıdır çünki bu, taksi xidmətinə tələbin azalmasına gətirib çıxara bilər. Ona görə də taksi xidmətində islahatlarla yanaşı, ictimai nəqliyyatda dövriliyin, tezliyin artırılması da önəmlidir. Biz son illər ictimai nəqliyyatda xidmətin keyfiyyətinin artırılmasını müşahidə edirik. Bütün bunlarla yanaşı, sıxlıq məsələsini diqqətdən kənarda saxlamaq olmaz. Bir sözlə, paralellər aparılması, ictimai nəqliyyatdakı islahatlarla taksi xidməti sahəsindəki islahatların dəstəklənməsi olduqca vacibdir”. 

Xalid

Xalid Kərimli: “İctimai nəqliyyatla bağlı problemləri həll etmədən kasıb-kusubun iş yeri olan taksi sektorunun üstünə düşürlər...”

İqtisadçı-ekspert Xalid Kərimli isə müxtəlif aspektlərdən təhlillərin aparılmasının önəmini vurğulayıb. Ekspert qeyd edib ki, məsələyə kompleks baxılmalıdır: “Qeyri-rəsmi rəqəmlərə görə, taksilərin sayı 80 mindir, bu rəqəmin 20 minə salınacağı bildirilir. Digər ölkələrin təcrübəsi təhlil olunubmu? Adambaşına düşən taksi sayı hesablanarkən ictimai nəqliyyatın vəziyyəti nəzərə alınıbmı? İnsanların velosiped, skuterlərdən istifadəsi, piyada gəzmək imkanlarına diqqət yetirilibmi? Amsterdam Avropanın ən böyük şəhərlərindən biridir, amma əhalinin əhəmiyyətli hissəsi velosiped sürə bilir, infrastruktur da tam olaraq bu istiqamətdə qurulub. Odur ki, sadəcə müqayisə aparmaq yetərli deyil. Bu məsələyə kompleks baxılmalıdır. Bakı Metropolitenində stansiyaların sayı artırılır, amma metroda yenə də sıxlıqdır. Dünyanın əksər şəhərlərində metrolarda bu qədər sıxlıq olmur, çünki Bakı metrosunda cəmi iki xətt var. Moskvada metropoliten dairəvi sxemlə qurulub. Şanxayda isə 8-9 paralel metro xətti var. Bu da sıxlığın aşağı düşməsinə səbəb olur, eyni zamanda şəhərin bir başından o biri başına getmək üçün uzun zaman lazım olmur. Bakı çox da böyük şəhər hesab olunmur, amma metro ilə səyahət bəzən 1 saat zaman alır. Ağıllı planlama olmalıdır. İctimai nəqliyyatla bağlı problemləri həll etmədən kasıb-kusubun iş yeri olan taksi sektorunun üstünə düşürlər...

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla