AZ

Messinin ilk imzanı atdığı salfetka hərraca çıxarıldı

Söhbət Lionel Messinin 2000-ci ilin dekabrın 14-də ''Barselona'' ilə anlaşma əldə edərkən atdığı ilk imzadan gedir.

Həmin vaxt argentinalının cəmi 13 yaşı var idi. O, həmin ilin sentyabrında ''Barselona''ya ikihəftəlik baxışa gəlmiş və klub rəsmilərinin diqqətini cəlb etməyi bacarmışdı. Amma ilk vaxtlar ''Barsa'' Messinin həm bəstəboy olmasına, həm də Avropadan olmamasına görə onunla müqavilə imzalamaq məsələsinə şübhə ilə yanaşırdı. Dekabrda Messinin təmsilçisi Orasio Qadcioli ''Barsa'' rəsmiləri ilə sonuncu dəfə söhbət etmək qərarına gəldi.

O, Kataloniya nəhənginin həmin dönəmdə direktoru olan Karlos Reksaça bildirdi ki, Leo ilə müqavilə imzalanmasa, onun xidmətini ''Real'' başda olmaqla digər klublara təklif edəcək. Messini əldən vermək istəməyən Reksaç Qadciolini Barselonadakı restoranlardan birinə şam yeməyinə dəvət etdi. Yekun qərar da məhz orda verildi. Amma orda tam bir müqavilə sənədinin doldurulması üçün zaman və imkan yox idi. Ona görə də Reksaç adi bir salfetka götürərək anlaşmanın və imzanın onun üzərinə yazılmasını təklif etdi. Sonra isə hər iki tərəf klubun ofisində görüşərək həqiqi müqaviləyə imza atdılar.

Həmin salfetka Londonda yerləşən dünyanın ən məşhur hərrac evlərindən birində - ''Bonhams''da hərraca çıxarılıb. Başlanğıc qiymət 220 min funt sterlinqdi. Hərrac mayın 17-nə qədər davam edəcək. Hərrac evinin kitab və əlyazmalar bölümünün rəhbəri Yan Elinq bunları deyib:
''Bu, indiyə qədər gördüyüm ən maraqlı əşyalardan biridi. Düzdü, bu, adi kağız salfetkadı. Amma faktiki olaraq Messinin əsrarəngiz karyerası məhz bu salfetka ilə start götürdü. Bu, tək Messinin həyatını yox, eləcə də ''Barselona''nın tarixini dəyişdirdi və sonradan milyonlarla futbolsevərlərin unudulmaz anlar yaşamasına səbəb oldu''.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla