AZ

“Beşiktaş” - “Trabzonspor” finalı 33 il sonra təkrarlanacaq

Futbol üzrə Türkiyə Kubokunun 2023/2024 mövsümünün final oyununda “Beşiktaş” və “Trabzonspor” komandaları qarşılaşacaqlar.

Arena.az xəbər verir ki, sözügedən komandalar 33 ildən sonra ilk dəfə ölkə kubokunun finalında üz-üzə gələcəklər.

Xatıırladaq ki, bu kollektivlərin sonuncu final qarşılaşması 1989/1990 mövsümünə təsadüf edib. Həmin final görüşündə “Beşiktaş” qalib gəlib.

Bütövlükdə, İstanbul və Trabzon təmsilçiləri beşinci dəfə kubokun finalında qarşılaşacaqlar. Əvvəlki duellərdən ikisində (1974/1975 və 1989/1990 mövsümlərində) “Beşiktaş” kubokun qalibi olubsa, digər ikisində (1977/1978 və 1983/1984 mövsümlərində) trabzonlular seviniblər.

“Beşiktaş” daha öncə Türkiyə Kubokunda 16 final görüb. İstanbul təmsilçisi bu görüşlərdən 10-da qalib olub, 6 həlledici matçdan məğlub ayrılıb. “Trabzonspor” isə əvvəlki 15 finalından 9-da qalib gəlibsə, 6 görüşdə məğlubiyyətə üzülüb.

Trabzonlular sonuncu dəfə 2020-ci ildə Türkiyə Kubokunun finalında oynayıblar və “Alanyaspor”u 2:0 hesabı ilə məğlub edərək çempion olublar. “Qara qartallar” isə sonuncu dəfə 2020/2021 mövsümündə final matçının iştirakçısı olublar və “Antalyaspor”u 2:0 hesabıyla üstələyiblər.

“Trabzonspor” indiki baş məşqçisi Abdullah Avcının rəhbərliyi altında ilk dəfə finala yüksəlib.

Xatırladaq ki, Türkiyə Kubokunu ən çox qazanmış komanda “Qalatasaray”dır. İstanbul nəhəngi 18 dəfə çempionluq sevinci yaşayıb. “Sarı-qırmızılar” 5 finaldan da məğlubiyyətlə ayrılıblar.

Titul sayında 2-ci yer məhz “Beşiktaş”a məxsusdur – 10. “Trabzonspor” 9 titulla 3-cü, “Fənərbaxça” 7 çempionluqla 4-cü yerdə qərarlaşıb.

Sonda onu da xatırladaq ki, Türkiyə Super Liqasında 35 turdan sonra 54 xal toplamış “Beşiktaş” 5-ci, “Trabzonspor” isə 58 xalla 3-cü sırada qərarlaşıb.

Bahar Rüstəmzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
arena.az

1Mənbələr