AZ

Berlinə qədər döyüş yolu keçmiş 99 yaşlı xaçmazlı veteran – REPORTAJ/FOTO 

Böyük Vətən Müharibəsində qazanılan tarixi qələbənin 79-cu ildönümü günündə Xaçmaz Veteranlar Şurasının sədri Abasyar Heydərov və əmək veteranı Qəhrəman Abdullayevlə birgə Xaçmazda yeganə qalan veteranın evində olduq. 

Xaçmazın Aşağı Zeyid kəndində yaşayan Böyük Vətən Müharibəsi veteranı Məhəmməd Məmmədovun iyul ayının 1-də 100 yaşı tamam olacaq. 

Məhəmməd Məmmədov 17 yaşında cəbhəyə yollanıb. Dediyinə görə, Qroznıdan Mozdoka, Berlinə qədər döyüş yolu keçib. Danışır ki, 1942-1945-cu illərdə müharibədə olub. 1945-ci ildə alman faşizmi üzərində tarixi qələbədən sonra da hərbi sahələrdə quruculuq işlərində iştirak edib. 1945-ci ildən sonra doğulduğu kəndə qayıdan Məhəmməd Məmmədov kənddəki sovxozda anbar və ferma müdiri işləyib.

Sinəsini 1-ci və 2-ci dərəcəli Böyük Vətən Müharibəsi ordenləri, müxtəlif döyüş və qələbə medalları bəzəyən Məhəmməd Məmmədov Xaçmazdan İkinci Dünya Müharibəsinə gedən və qayıdan insanlardan yeganə sağ qalanıdır. 
15 il əvvəl həyat yoldaşını itirən Məhəmməd kişi onunla 7 övlad böyüdüb, boya-başa çatdırıb.

Böyük gəlini Arzu Məmmədova 100 yaşlı veteran qayınatası ilə fəxr etdiyini, 47 ildir onun ailəsində olduğundan həvəslə danışdı. 

Onun sözlərinə görə, veteran qayınatası gözəl ailə başçısı olub. Məhəmməd kişinin indi 2 övladı dünyasını dəyişib, 5 övladı həyatdadır. Ümumilikdə, 23 nəvəsi, 50 nəticəsi, 2 kötükcəsi olan Böyük Vətən Müharibəsi veteranı Məhəmməd Məmmədovun adını daşıyan nəvəsi Məhəmməd Məmmədov 44 günlük Vətən Müharibəsində iştirak edib. 



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
Mənbələr
Şərh ()
Bağla