AZ

“Neftçi”dəki şübhəli adam

“Neftçi”nin ən böyük problemi klubun konkret kimin tərəfindən idarə olunmasının bilinməməsidir.

Müşahidə Şurası rəhbərsiz qalıb, qərarları hələlik şuranın üzvləri verir, prezident pustu Fərrux Məhmudova tapşırılıb, bütün işlərdə son nöqtəni Yens Andersson qoyur.

Ancaq hara fırladırsan fırlat, bu dəqiqə “Neftçi”də əsas adam uzaq isveçdən gətirilən “kəloğlan”dır. Kim gətirib, necə gətirib, niyə gətirib, hansı xidmətlərinə görə? Hə, bu, başqa söhbətin mövzusudur.

Sentyabrda görəvinin icrasına başlayan Andersson üçün ilk 2-3 üç ay sınaq müddəti idi. Mühitə uyğunlaşmaq, infrastrukturla yaxından tanış olmaq, insanları tanımaq və sair. Yanvarda əməlli-başlı işə başlayıb.

Gəlin, bu müddətdə görülən işlərə birlikdə nəzər salaq.

Adrian Mutu göndərilib, yerinə Miodraq Bojoviç gətirilib. Bəlkə də monteneqrolu mütəxəssis onun tapıntısı deyil, bəlkə də onundur.

Amma istənilən halda “okey”ini isveçli verib. Bojoviçin məşqçi bacarığı və xarakterinin nədən ibarət olduğunu “ağ-qaralar”ın sərgilədiyi oyunla əldə etdiyi nəticələr sübut edir.

Alfa Konte və Brayan Moreno – qış fasiləsində cəlb olunan bu ikili sırf Anderssonun təklifi ilə “Neftçi”yə gətirilib.

Özünün də dediyi kimi, gənc və perspektivli legionerlərdir. Nə vaxtsa komandaya fayda verəcəklər. Amma bu gün ortabab azərbaycanlı futbolçudan heç nə ilə fərqlənmirlər.

Vaxtilə Nigeriyanın U-17 millisində oynamış, Danimarka, İsveç, Kipr kimi ölkələrdə legioner həyatı yaşamış Amoo Akinkunmini adlı yarımmüdafiəçi “Neftçi”yə baxışa cəlb olunmuşdu.

Məşqlərdəki performansı məşqçilər heyətini razı salıb. Odur ki, onunla müqavilə bağlanacağı gözlənilir. Bildiyimizə görə, sənədlərində problemin olması tərəflərin rəsmi razılığa gəlməsioni yubadır.

Akademiyadan, klubun daxilindən, gələcəklə bağlı planlardan yox, yanvardan bu yana sırf əsas komanda ilə bağlı görülmüş işlərdən bəhs etdik.

“Neftçi”nin himayədarlarının hər cür hərəkət imkanı yaratdığı Anderssonun buradakı fəaliyyəti göz qabağındadır.

Adam rəsmən ağadır. Dünyanın harasında kənarda qalmış, gəncliyində 1-2 baxımlı qol vurmuş futbolçu varsa, dartıb “Neftçi”yə gətirir.

Adını da qoyur gələcəyə hesablanmış transfer. Çünki hər birinə uzun müddətli müqavilələr imzaladır. Bunun acısını isə bir neçə aydan, ya da ildən sonra klub çəkəcək.

“Neftçi” bu adamla və bu şəkildə yola davam etsə, başı çox dərd görəcək. Bizdən deməkdir.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
1
Mənbələr
Şərh ()
Bağla