AZ

Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNDU – FOTOLAR

9 may 2024-cü il tarixdə – faşizm üzərində Qələbə günündə Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı (Hüseynquluağalı) Kənd İcmasının təşkilatçılığı ilə Nərimanlı (Hüseynquluağalı) kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib.

Medianews.az xəbər verir ki, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Nərimanlı Kənd İcmasının sədri Şirazi İbrahimov kənd sakinlərini, xüsusən də qazi və veteranları əlamətdar gün münasibətilə təbrik edib, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin və Basarkeçər Rayon İcmasının sədri, akademik Nuru Bayramovun salamlarını çatdırıb.

Qeyd edilib ki, 9 May Azərbaycanda dövlət səviyyəsində faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. İkinci Dünya müharibəsində qazanılmış qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 minə yaxın oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif edilib. Həlak olan və təltif edilənlər arasında Nərimanlı kənd sakinləri də olublar.

Ş.İbrahimov bildirib ki, ata-babalarının yolunu davam etdirən nərimanlılar Birinci və İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində aktiv iştirak ediblər. Dəqiqləşdirilmiş məlumatlara görə, Birinci Qarabağ müharibəsində Nərimanlı kəndindən 94 nəfər iştirak edib, onlardan 19 nəfəri şəhid olub. Şəhid Şövqiyar Abdullayev Milli Qəhrəman adına layiq görülüb. İkinci Qarabağ müharibəsində isə 70 nəfər iştirak edib, onlardan üç nəfəri şəhidlik zirvəsinə ucalıb.

Tədbirdə Nərimanlı kənd sakinlərindən Asdan Aslanov, Sahib Musayev, Ramiz Musayev, Asəf Vəliyev, Əlvi İbrahimov, Namiq Aslanov, Sabutay Hacıyev, müharibə veteranları Fikrət Əliyev, İmran Qurbanov, Keyti Mehdiyev, Şəmşir Əliyev, Etibar Musayev, Tarix Aslanov, Qələndər Aslanov, Çernobıl veteranı Famlet Alıyev çıxış edərək öz fikirlərini bölüşüblər.

Tədbirdə bir sıra təkliflər səsləndirilib. Kənd İcmasının idarə heyətinin təşəbbüsü ilə qazi və veteranların birliyi üçün veteranlar bölməsinin yaradılması, Silahlı Qüvvələrin ehtiyatda olan mayoru, I Qarabağ veteranı Fikrət Əliyevin həmin bölməyə rəhbər təyin olması təklif edilib. Təklif yekdilliklə qəbul olunub.

Nərimanlı (Hüseynquluağalı) Kənd İcması Gənclər bölməsinin rəhbəri Əlvi İbrahimov isə gənclərdə vətənpərvərlik hissinin daha da artırılması üçün gənclərlə müharibə iştirakçılarının görüşünün təşkil edilməsi ilə bağlı təklif irəli sürüb.

Tədbirin sonunda bir qrup Nərimanlı sakininə Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqəsi və döş nişanı təqdim edilib, xatirə şəkli çəkdirilib.

Alpər TURAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla