AZ

Dortmund Finalda!

Çərşənbə axşamı ÇL-in ilk finalçısı bəlli oldu.

“Football-plus.az” xəbər verir ki, səfərdən minimal hesablı məğlubiyyətlə dönən PSJ evdə də “Borussiya”ya eyni hesabla uduzdu. Beləliklə, Dortmund klubu iyunun 1-də “Uembli”də keçiriləcək finalda oynamaq imkanı qazandı. “Borussiya”nın rəqibi isə dünən axşam keçirilən (bax: səh. 1) “Real” – “Bavariya” oyununda müəyyənləşdi.

Dirək və tir də “Borussiya”dan oynayırsa...
yarımfinal, cavab oyunu
PSJ – Borussiya D 0:1 (0:0)
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi, Markinyos, Beraldo, Mendeş, Zair-Emeri (Li Kan İn, 76), Vitinya, Ruis (Asensio, 63), Dembele, Ramuş (Barkola, 64), K.Mbappe.
Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuerson, Hummels, Şlotterbek, Maatsen, Can, Zabitser, Sanço (Zyule, 67), Brand (Nmeça, 85), Adeyemi (Roys, 56), Füllkruq.
Qol: Hummels, 50.
Vərəqələr: Zabitser, 64. Hummels, 67. Dembele, 75. Hakimi, 84 – sarı.
Hakim: Daniele Orsato (İtaliya).
7 may. Paris. 46435 tamaşaçı.
oyunun statistikası
31 (5) qapıya (“çərçivə”yə) zərbə 6 (3)
12 künc zərbəsi 4
0 ofsayd 2
8 qayda pozuntusu 6
2 (0) sarı (qırmızı) vərəqə 2 (0)
67 topa sahibolma (faizlə) 33

Yarımfinalın ilk oyunu bu komandalardan hansının finala daha yaxın olduğuna dair suala cavab verməmişdi. “Borussiya” evdə qələbə qazansa da, 1:0 istənilən halda “sürüşkən” hesab idi. Üstəlik bu komanda evdə və səfərdə tam fərqli təsir bağışlayır. Çempionatdakı vəzifəsinin öhdəsindən vaxtından əvvəl gələn PSJ-nin qələbəyə can atmaq üçün hər cür imkanı var idi. Yerli futbol qurumu parislilərin bu oyuna daha yaxşı hazırlaşması üçün çempionat qarşılaşmasını da təxirə salmışdı. Onu da xatırladaq ki, bu komandalar ÇL-in cari mövsümündə qrup mərhələsində artıq üz-üzə gəlmişdi. Onda evdə heç-heçə (1:1) oynayan “Borussiya” səfərdə uduzsa (0:2) da, qrupda 1-ci yeri tutmuşdu.
...Mbappenin halına yalnız acımaq olar. Onun PSJ-ni məhz ÇL-in finalından sonra tərk etmək arzusu gerçəkləşmədi. Parislilər favorit sayıldıqları yarımfinal cütündə “Borussiya”nın qapısına bir dəfə də yol tapa bilmədi. Hərçənd cavab görüşündə bunun üçün bütün imkanlar var idi. Düzdü, qol vəziyyətləri əsasən 2-ci hissədə yarandı. PSJ ilk yarıda topa daim nəzarət etsə də, heç cür iti hücum qura bilmirdi. Yarımimkanlar meydan sahiblərinin tam dominantlığı haqda danışmağa əsas vermirdi.

PSJ 2-ci hissə başlayan kimi rəqibə inanılmaz təzyiq göstərdi. Ancaq qonaqların nadir hücumlarından biri künc zərbəsi və Hummelsin hesabı açması ilə nəticələndi. Ardından parislilər Kobelin qapısı önündə “lövbər saldı”. PSJ saysız-hesabsız təhlükəli vəziyyət yaratdı. Təkcə bir faktı xatırladaq ki, top dörd dəfə qapı dirəyindən və tirdən döndü, amma heç cür tora düşmədi. Bu isə o deməkdi ki, “Borussiya” artıq ÇL-in finalındadı. Mərhum Valeri Lobanovski deyirdi ki, dirəyə dəyən toplar da qeyri-dəqiq zərbənin bir növüdü. Düzdü, belədə uduzan komanda məğlubiyyəti daha dramatik qarşılayır. Bu isə artıq PSJ-nin biləcəyi işdi. Şeyxlərin dövründə transferlərə 2,5 milyard avro xərcləyən, lakin ÇL-i bir dəfə də qazana bilməyən PSJ-nin...

Oyundan sonra...
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Məğlubiyyət adamı kədərləndirir. Xüsusən də belə uduzursansa… Rəqibi təbrik edirəm, “Borussiya” ÇL-in cari mövsümündə möhtəşəmdi. İki oyunda 6 zərbəmiz qapı çatından dönüb, bu gün qapıya 31 zərbəmiz olsa da. Qol vurmamışıq. Buna inanmaq, demək olar ki, mümkünsüzdü, ancaq futbol belədi. Burda yüksək səviyyədə rəqabət gedir, biz bunu anlayırıq. Mümkün qədər tez özümüzə gəlməyə çalışacağıq. Futboldan baş çıxaran heç bir adam “Borussiya”nı qiymətləndirməyə bilməz. Bu komandaya finalda uğur arzulayıram, özümüz isə zərbədən ayılmalıyıq”.


Edin Terziç, “Borussiya”nın baş məşqçisi:
“Bir söz seçməli olsaydım, bu söz “qürur” olardı. Bizim üçün qürur anıdı. Məşqçi korpusu, komanda, klub ilə qürur duyuram. Finalda favorit olmayacağımızı bilirəm. Kimlə görüşürük-görüşək, çox çətin olacaq. Ancaq final yalnız bir oyunda, bir oyunda isə hər şey mümkündü. Biz artıq bunu sübut etmişik”.


Markinyos, PSJ-nin müdafiəçisi:
“Oyunumuzda effektlilik çatışmadı. Rəqib iki qolu künc zərbəsindən və ara ötürməsindən sonra vurdu – biz isə bunun üzərində çalışmışdıq. Daha yaxşı müdafiə olunmaq lazım idi. Bunlar kiçik detallardı. Biz daha çox qol vəziyyəti yaratdıq, ancaq effektli olmadıq, onlar isə bu baxımdam üstün idi. Rəqib iki qol vurdu və hər iki oyunda qalib gəldi. Bu turnirdən çox dərs almaq olar. Mövsümün əvvəlində heç kim bu qədər irəliləyə biləcəyimizə inanmırdı. Bir çox səddi arxada qoyduq. Yalnız indi mübarizəni dayandırdığımıza görə hər şeydən imtina etmək olmaz. Anlamaq lazımdı ki, yeni layihəmiz, yeni baş məşqçimiz var. Hər iki komanda bu turnirin gedişində böyüdü, biz uğura çox yaxın idik”.


Mats Hummels, “Borussiya”nın müdafiəçisi:
“Karyeram boyunca Çempionlar Liqasında o qədər də çox qol vurmamışam. Bunların sayı beşdi. Bir daha qol vurmaq üçün əla məqamdı. Qrup mərhələsinin ikinci oyunundan bəri inanmağa başladıq ki, hər matçda qalib gələ bilərik. “Uembli”də qalib gəlməmək üçün də heç bir səbəb görmürəm. Oyunboyu fəal təsir bağışladıq, bu stadionda tempi axıra qədər qoruduq. Bu, bizim üçün uğur resepti idi”.


Kilian Mbappe, PSJ-nin hücumçusu:
“Rəqib cərimə meydançasında daha yaxşı oynadı. Ailələrimizə, fanatlarımıza görə heyifsilənirəm. Gücümüz daxilində olan hər şeyi etməyə çalışdıq. Ancaq vəzifənin öhdəsindən gələ bilmədik. Bu mövsüm daha da uzağa getməyə qadir olduğumuzu göstərdik”.


Vitinya, PSJ-nin yarımmüdafiəçisi:
“İndi danışmaq heç də asan deyil. Turniri bütün gücümüzü meydanda qoymağımızla bağlı hiss ilə tərk edirik. Azarkeşlərə minnətdaram, onlar möhtəşəm idi. Biz yenə də mümkün olan hər şeyi etdik, ancaq bu da kifayət deyilmiş. Düşünürəm ki, bu, bizim üçün layihənin başlanğıcıdı. Bu gün nə deməli olduğumu bilmirəm”.


Marko Roys, “Borussiya”nın yarımmüdafiəçisi:
“Sözlə təsvir edə bilmirəm. 10 il ötəndən sonra yenə də “Borussiya” ilə finaldayam. Dembele və Hakimi qeyri-adi sürət göstərdi, dözməyə məcbur olduq. Sabah heç kim bizdən bu oyunda necə qalib gəldiyimizi soruşmayacaq. Sabah qapı dirəyinə, tirə zərbələrin heç bir əhəmiyyəti olmayacaq. Vacib olan budu ki, “Borussiya” yenidən finaldadı. Bunu heç kim gözləmirdi. Qeyri-adi uğurdu”.


Əmrə Can, “Borussiya”nın yarımmüdafiəçisi:
“Komandamızla çox qürur duyuram. Düşünmürəm ki, qrup mərhələsinin 2-ci turundan sonra kimsə bizim Çempionlar Liqasının finalına çıxacağımıza pul qoyardı. Onda cəmi bir xalımız olsa sa, komanda uğura inanırdı. Tənqidçilər indi ağzını yumacaq. Finala vəsiqəni haqq etdik”.


Nasser Əl-Xelayfi, PSJ-nin prezidenti:
“Bu nəticəyə görə çox məyusuq. Kədər içindəyik, daha artığını haqq etmişdik. Bu gün dörd topumuz qapı çatından döndü, ötən həftə də ikisi... Top, sadəcə, qapıya getmək istəmədi. Futbolçular və baş məşqçi mümkün olan hər şeyi etdi. “Borussiya”nı təbrik edirəm. Ağır oyun idi. Finala çıxacağımızı düşünürdük, həm özümüzə, həm də azarkeşlərə görə məyusuq. Avropada ən gənc olan komandamla qürur duyuram. Beş il ərzində üç dəfə yarımfinala çıxmışıq. Bu bizim hədəfimiz deyil, hədəfimiz finaldı. Bu futboldu, barışmaq lazımdı, bəzən bu oyun ədalətsiz olur. Ancaq nəticəni qəbul edirik”.


Faktlar
* Yeganə qolu vuran Hummels ÇL-in pley-offunda fərqlənən ən yaşlı almandı. Hazırda o, 35 yaş 145 günlükdü. Hummels həmçinin ÇL-in yarımfinalında qol vuran ən yaşlı 3-cü oyunçudu. Bu göstəricidə Rayan Giqqz (37 yaş 148 gün) və Edin Cekodan (37 yaş 54 gün) geri qalır. Hummels “Borussiya”nın heyətində ÇL-dəki son qolunu 11 əvvəl – 2013-cü ildə “Şaxtyor”un qapısına vurmuşdu.
* PSJ son 20 ildə ÇL-də qapı çatını hamıdan çox “nişan alır”. “Borussiya” ilə oyunun 47-ci dəqiqəsində Zair-Emeri, 61-ci dəqiqəsində isə Mendeş topu dirəyə vurdu. 86-cı dəqiqədə Mbappenin zərbəsindən sonra tirə dəyən top meydanı tərk etdi. Cəmi 2 dəqiq sonra isə Vitinyanın zərbəsi turdən meydana qayıtdı. Bir oyunda 4 dəfə qapı çatı ÇL-in pley-off mərhələsi üçün rekorddu. Parislilər pley-offun iki oyunu üçün də rekord müəyyənləşdirdi (6). Ümumiyyətlə, PSJ ÇL-in cari mövsümündə 14 dəfə qapı çatına görə məyus olub ki, bu da son 20 ilin rekordudu.
* PSJ indiyə qədər yalnız bir dəfə ÇL-in yarımfinalından qalib ayrılıb. Paris klubu 7 dəfə yarımfinala vəsiqə qazanıb, bunların altısında (86 faiz) uduzub ki, bu da yarımfinalda ən azı 5 dəfə görünən komandalar üçün ən pis göstəricidi. Yeganə qələbə 2020-ci ildə - “Leyptsiq”lə oyunda (3:0) qeydə alınıb. Onda koronavirus pandemiyası üzündən yarımfinallar bir oyundan ibarət idi.
* “Borussiya” Çempionlar Liqasının (Çempionlar Kubokunun) finalına vəsiqə sayına görə “Hamburq”u arxada qoydu. Dortmund klubu indiyə qədər 1997-ci (“Yuventus”a 3:1 qalib gəlib) və 2013-cü illərdə (“Bavariya”ya 1:2 uduzub) turnirin həlledici matçında oynayıb. Almaniya klublarından yalnız “Bavariya” finala 11 dəfə vəsiqə qazanıb (dünənki oyundan əvvəl yazılıb – red.). “Hamburq” 2, Münhenqladbax “Borussiya”sı və “Bayer-04” isə hərəyə 1 dəfə finalda oynayıb. Maraqlıdı ki, “Borussiya”nın 2013-cü ildə “Bavariya”ya uduzduğu final görüşü də Londonda keçirilib.
* ÇL-in finalında son 4 ildə ilk dəfə Almaniya klubu olacaq. “Borussiya” həlledici görüşdə ya “Real”, ya da “Bavariya” ilə qarşılaşacaq. Buna qədər finala qədər irəliləyən sonuncu bundesliqa təmsilçisi “Bavariya” idi. Münhenlilər 2020-ci ildə turnirin qalibi olub.
* PSJ bir oyun ərzində qolla nəticələnməyən zərbələrin sayına görə ÇL-in yeni rekordunu müəyyənləşdirib. Parisdə keçirilən srağagünkü oyunda Luis Enrikenin komandası 31 zərbə ilə yadda qaldı. “Opta”nın hesablamasına görə, bu, turnirin pley-off mərhələsinin yeni rekordudu. PSJ ilk oyunda da 14 qolla nəticələnməyən zərbə vurmuşdu. Qolla nəticələnməyən 45 zərbə belə statistikanın aparılmağa başlandığı 2003/04 mövsümündən bəri ÇL-in pley-off mərhələsinin yeni rekordudu.

Maraqlıdı...
Kilian Mbappe və Usman Dembele srağagünkü oyuna görə ən aşağı qiymət alan futbolçular siyahısındadı. Fransanın məşhur idman nəşrlərindən “L’Équipe” adı çəkilən ulduzların son oyundakı əməyini 2 balla (10 ballıq sistemlə) qiymətləndirib. Parislilərin çalışdırıcısı Luis Enrike, forvard Ramuş, xavbeklər Zair-Emeri ilə Ruis, həmçinin müdafiəçi Beraldo “3” alıb. PSJ-dən ən yüksək qiymətə (7) yarımmüdafiəçi Vitinya layiq görülüb. “Borussiya”ya gəlincə, qolun müəllifi – müdafiəçi Hummels və baş məşqçi Edin Terziç 8 balla qiymətləndirilib. Hücum qrupu oyunçularından ən aşağı qiyməti (5) Füllkruq və Sanço alıb. Adı çəkilən nəşr İtaliyadan olan baş hakim Daniele Orsatonun əməyini 7 balla qiymətləndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla