AZ

“Tarixdə bu gün”- 10 may hansı hadisələrlə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

10 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

10 May Ümummilli Lider Heydər Əliyevin doğum günüdür:

 

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

 

10 may Azərbaycan tarixinin müasir tədqiqatçısı Səməd Sərdariniyanın doğum günüdür:

 

S.Sərdariniya 1947-ci ilin 10 mayında Cənubi Azərbaycanın (İran) Təbriz şəhərinin Əmirəqız məhəlləsində dünyaya göz açıb. İbtidai və orta məktəbi bitirdikdən sonra Təbriz Universitetinin tarix fakultəsində oxuyub (1967-1971). Təbriz Radio və Televiziyasında çalışdığı zaman Tehran Universitetinin hüquq fakultəsinə daxil olub və oranı da bitirib (1978). Elmi, mədəni və ictimai xidmətlərinə görə S.Sərdariniya Azərbaycan Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb.

 

Tarixçi alimin tanınmış əsərləri bunlardır: “Azərbaycan tarixinə baxış”, “Qarabag tarixin keçidində”, “Arazın hər iki tayında müsəlmanların soyqırımı”, “Bakı – neft və musiqi şəhəri”, “Azərbaycanın məhşurları” (2 cild), “Molla Nəsrəddin” Təbrizdə”, “Milli sərkərdə Bağırxan”, “Azərbaycan jurnal və qəzetlərini tarixi”, “Azərbaycan müasir cəmiyyətlərin önündə”, “Təbriz - birincilər şəhəri”, “Azərbaycan - nəşr sənətinin beşiyi”, “İrəvan - müsəlmanların yaşadığı əyalət”, “Təbrizin gizli mərkəzi” və s.

 

10 may 1876-cı ildə Osmanlı dövlətində Mahmud Nədim Paşa tərəfindən qəbul edilən sərəncam ilk Türk mətbuatında senzura ilk dəfə qanuni olaraq tətbiq olundu.

 

10 may Beynəlxalq Köçəri Quşlar Günüdür:

 

Bu təqvim 2006-cı ildən beynəlxalq səviyyədə qeyd edilən məlumatlandırma kampaniyası və ekoloji bayramdır. Bir çox ölkələrdə, həmçinin Kanada və ABŞ-da hər il 10-11 may tarixlərində qeyd olunur. Amerikalı ornitoloqlar tərəfindən 1993-cü ildən etibarən bu gün bayram edilir. 1906-cı ildə isə “Köçəri quşlar haqqında beynəlxalq Konvensiya” qəbul olunub.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla