AZ

İnsanın, həyatın yaradılışı: Məntiqi yanaşma və düşüncələr

Bu yazıda insanın və həyatın yaradılışı məsələsinə dair sadəcə qısa məntiqi yanaşmalar yürüdür və bəzi düşüncələrimizi oxucularla bölüşməyə çalışırıq.

Gəlin fiziki və ağır işlə məşğul olan insanla əqli iş görən, sağlamlığı ilə müntəzəm maraqnlanan insanı müqayisə edək. Hansının daha düzgün və normal fiziki quruluşa malik olmasını yəqin ki, izah etməyə ehtiyac yoxdur. Bir az düşünərək bu suala cavab axtaraq: Tanrının bəxş etdiyi nemətlərdən yeyərək istirahət edən hər hansı bir canlının (xüsusilə də meymunun) əməyə və ağır zəhmətə meyl etməsinin məntiqi əsasları ola bilərdimi? İnsandan başqa bütün canlıların hamısında insanlardan güclü olan müəyyən instinklər vardır və onlar bundan istifadə edərək öz həyatlarını yaşayırlar. Bunları onlara kimsə öyrətmir və özləri qazanırlar. İnsan isə heç bir instinktə deyil, ağlına güvənir. Deməli, digər canlılar hiss üzvləri ilə həyatda yaşadıqlarından fərqli olaraq insan birbaşa beyninin, ağlının, zəkasının gücünə arxalanmışdır. Yer üzündə başqa dörd ayaqlılar olmaqla yanaşı, qədim dövrlərdə müəyyən formalı iki ayaqlılarda mövcud olmuşdur. Sadəcə insan onlardan xeyli ağıllı olduğundan onlar üzərində qələbə çalmış, və bəşəriyyətə hakim kəsilmişdir.

Maraqlıdır ki, insanın yaranması haqqında müxtəlif təlimlər vardır. Bir-birinə zidd olan bu təlimlər yerinə görə həm dini, həm mifoloji, həm də arxeoloji mateariallara istinad edirlər. Bəs, bunlardan hansı həqiqəti əks etdirir? Meymundan insanın yaranması, insanı tanrının yaratması, yoxsa insanın başqa qalaktikadan gəlməsi məsələsi. Hələ başqa versiyalar da vardır. Mövzunu çox şaxələndirməmək üçün onları kənara qoyaq. Bu mövzuya ayrı-ayrı aspektlərdən yanaşan tarixçilər bunların hər üçünü qəbul edir və hər üçünü də elmi sübutlarla izah etməyə çalışırlar. Ancaq məntiqi tərəfdən hər üçünü eyni müstəviyə daşımaq imkansızdır. Çünki həqiqət birdir və bunların üçü də doğru ola bilməz. Göründüyü kimi insanoğlunun mənşəyi haqqında əsl gerçəkliyi ayırd etmək istənilən adamı məntiqi baxımdan düşünməyə vadar edir. İnsan Tanrı tərəfindən şüurlumu yaradılmış, yoxsa bir təkamül sonrası milyon illər keçdikdən sonramı bu formaya düşmüşdür. Məntiqi cəhətdən insanı Tanrı yaratmışsa, onda ibtidai icma tarixinin, insan sürülərinin üzərindən bir xətt çəkməliyikmi? Məntiqi təfəkkür bu suala asanlıqla “bəli” cavabını verə bilmir. Çünki aparılan minlərlə arxeoloji qazıntı insanın həqiqətən ibtidai icma quruluşundan keçdiyini göstərir. Bu bir reallıqdır. Bunun üçün insanın yaranması haqqındakı təlimlərə istər dini, istər mifoloji, istərsə də təkamüllə bağlı fikirlərə məntiqi izah vermək lazımdır. Başqa sözlə, insanoğlunun və həyatın mənşəyinin qaynaqlanma mənbəyi yalnız məntiqi baxımdan izah oluna bilər.

İlk növbədə təkamül nəzəriyyəsindən başlayaq. İnsan meymundan əmələ gəlmişdirsə, bəs, meymun nədən əmələ gəlmişdir? Bu zəncirvari reaksiya kimi uzansa, yenə də həyatın yaranması üçün ilkin bir canlı lazımdır. Onda təkamül ya kreasionizmdən, ya da panspermiya nəzəriyyəsindən asılı hala düşəcəkdir. Bəs insanabənzər canlılar nə olsun? Onda da təkamül nəzəriyyəsi digər bir nəzəriyyədən asılı hala düşür. İlkin mərhələdəki canlı ya başqa qalaktikadan gəlmiş, ya da Tanrı yaratmışdır. Əgər istənilən canlı qalaktikadan gələn hər hansı bir meteorun və və kometin tərkibindəki müəyyən bakteriyalardan yaranmışsa, deməli, yerdən də başqa həyat olan bir qalaktika vardır. Onda dini kitablarda bu haqda nəyə görə heç bir məlumat yoxdur. Bəlkə dini kitablarda bu haqda bir çox məlumatlar var, lakin bu məlumatların batini anlamını məntiqi baxımdan açmaq lazımdır?

Elmlə dini hər zaman yaxınlaşdırmağa, dünyanın və insanın yaranması haqındakı təsəvvürləri birləşdirməyə can atan nəzəriyyə və təlimlər olmuşdur. Fideizm (fran. Fideisme, lat. Fides-din, inam) elmlə dini birləşdirməyə, dini ideyaları müdafiə etmək üçün elmi biliklərdən istifadə etməyə cəhd göstərən bir təlim kimi meydana çıxmışdır. Fideizmə görə, elm yalnız hadisələrin, faktların ilk səbəbi haqqında bilik verir. Lakin ilkin fövqəltiəbii səbəbləri aşkara çıxarmağa, varlığın ən qədim mənbəyini izah etməyə qabil deyil və elmi idrak həqiqəti axıra qədər aşkara çıxara bilməz. Fideistlərin fikrincə yalnız din aləmin mövcudluğu prinsiplərinin əsil izahını, insan həyatının məqsəd və mənasını verir, elm isə bu məqsədin həyata keçirilməsində sadəcə vasitəçi rolunu oynayır.

Məntiq isə istər təkamülə, istər də kreasionisit nəzəriyyəyə bu baxımdan bəraət qazandırmır. Çünki, hər hansı bir nəzəriyyənin kütlə çoxluğu tərəfindən qəbul olunması onun həqiqət olması anlamına gəlmir. Alman filosofu İ.Kant düşünürdü ki, “bizim hər biliyimiz hisslərdən başlayır. Sonra fəhmə keçir və zəkada başa çatır”. Bu səbəbdən də bizim həllini tapa bilmədiyimiz problemlər fövqaltəbii bir qüvvəyə bağlanır. Bu qüvvə isə dinlə bağlıdır. Bu səbəbdən də təkamülün başladığı problem son nöqtədə yenə də dinə bağlanır. Deizm (fr.deisme, lat. Deus-allah) tərəfdarları isə ayinləri və hər cür dini inamı inkar edən, lakin Allahı aləmin ilk səbəbi və yaradıcısı hesab edən bir təlimdir. Deizmə görə, Tanrı aləmi yaratdıqdan sonra təbiət və cəmiyyət hadisələrinə təsir etmir. Beləliklə, Deizm əsasında ilahi qüyvvə və Allah ilə insanların daimi ünsiyyəti haqqında təsvvürlər duran teizmin, allah və təbiəti eyniləşdirən panteizm və və ümumiyyətlə allahın mövcudluğunu inkar edən və təkamülə üstünlük verən ateizmə qarşı çıxırdılar.

Teizm (yun.theos-allah) fövqəltəbii vücud olmaqla şəxs Allahın varlığını, onun zəka, iradə ilə bütün maddi və mənəvi proseslərə gizli surətdə təsir etməsini qəbul edən bir fəlsəfi təlimdir. Allahın axirətdə olmasını qəbul etməklə teizm panteizmdən, dünyadakı bütün hadisələrin bilavasitə onun iştirakı ilə baş verməsini qəbul etməklə deizmdən fərqlənir. Teizm klerikalizmin və fideizmin ideoloji əsasını təşkil edir. Bu termin ilk dəfə 1743-cü ildə R.Kedvort tərəfindən işlədilmişdir. Bütün səmavi kitablarda yazılanlar teizm üçün əsas bazadır.

Beləliliklə, ikili həqiqət ortaya çıxır. Bir az sonra üçlü həqiqətdə yaranacaqdır. İkili həqiqət isə elmi və dini həqiqətlərin bir-birlərindən qeyri-asıllılığı və onlar arasında obyektiv ziddiyyətlərin mövcud olması haqqında bir təlimdir. İkili həqiqət hələ orta əsrlərdən başlayaraq Aristotel fəlsəfəsinin bəzi müddəalarının səmavi dinlərdəki fikirlərlə ziddiyyət təşkil etdiyi aşkara çıxarıldığı zaman meydana gəlmişdir. Əslində elmi dindən ayırmaqla yenidən aranı qızış­dıran bir təlimdir. İbn Rüşdə görə fəlsəfədə elə həqiqətlər var ki, din onu qəbul etmir və ya əksinə.

Dini tərəfdən insan torpaqdan yaranmışsa, o zaman cənnətə coğrafi məkan gözü ilə yanaşılmalıdırmı? Çünki Adəm və Həvvanın nəfsini saxlayıb yeyə bilmədikləri meyvələrin yetişməsi üçün də bir torpaq lazım idi axı. Ancaq bu günə qədər belə bir fikrin məntiqi izahı verilməyib. Deməli, insanın yaranması haqqında fikirlər çox qarışıqdır. İnsanoğlunun mənşəyi haqqında olan dolaşıb fikirlər və bir-birinə zidd olan təlimlər sonrakı dövrlərdə təhriflərə də yol verilməsinə gətirib çıxarmışdır ki, bu da tarixi xronologiyada anaxronistik faktların yaranması ilə nəticələnmişdir.

Bir versiyaya görə isə həyatın sudan yaranması əsaslandırılmağa çalışılmışdır. Belə qəbul etmək olar ki, bu fikir dünyanın yaranması haqqındakı əksər nəzəriyyələrin təməl qaynağını təşkil edir. Lakin bu nəzriyyələrdə sudan yaranışın formaları qismən də olsa fərqlənir. Təkamülə görə su inkubator, panspermiya  tərəfdarlarına görə bir katalizator, dinə görə yaranış üçün əsas maddə, mifologiyaya görə ilkin  element kimi qəbul olunur.

İnsanın və həyatın yaradılışna dair başqa nəzəriyyələr və fikirlər də vardır. Lakin təəssüflər olsun ki, bu gün yaşadığımız dünyada elm və texnologiya nə qədər inkişaf etsə də, hər halda söhbət açdığımız problemə dəqiq və birmənalı izah verilə bilməyib. Başqa sözlə, çox şeyə qadir olduğunu düşünən insan öz mənşəyinə aydınlıq gətirməkdə hələ ki, aciz olaraq qalmaqda davam edir.

Yunis Xəlilov

Naxçıvan Dövlət Universiteti Hüquq fənləri kafedrasının baş müəllimi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla