AZ

Beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanda qovuşur və şaxələnir

“Fitch Solutions” (FS) beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edilir ki, yeni və mövcud ticarət dəhlizləri Azərbaycanda növbəti onillikdə investisiya artımının mühüm sahəsi olacaq. FS analitiklərinin fikrincə, Şimal-Cənub və Orta Dəhliz boyunca əhəmiyyətli ticarət infrastrukturunun inkişafı ixracı və tranzit ödənişlərindən dövlət gəlirlərini artıracaq. 

FS-nin hesabatında Rusiya-Ukray­na müharibəsinin Çini Mərkəzi Asiya və Qafqaz vasitəsilə Avropaya birləşdirən Orta Dəhlizə qlobal marağın yenidən art­masına səbəb olduğu vurğulanaraq qeyd edilib: “Dünya Bankı tərəfindən Orta Dəhliz üzrə ticarət həcminin 2030-cu ilə qədər 3 dəfə artacağı, Azərbaycanın isə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Qafqaza, oradan da Avropaya birləşdirən bu ticarət yolunun mühüm hissəsi olaca­ğı proqnozlaşdırılıb”.

Hesabatda Rusiyanın İranla ticarətini və cənuba əmtəə ixracını artımaq üçün Şimal-Cənub Dəhlizi boyunca infrast­rukturu yaxşılaşdırmaqda maraqlı oldu­ğu bildirilib. Elə buna görə də 2023-cü ilin martından cari ilin fevralına qədər Azərbaycan və İran arasında dəmir yolu yükdaşımaları 28 faiz artıb, Rusiyadan Azərbaycana idxal da illik müqayisədə 16 faiz yüksələrək 3,2 milyard ABŞ dol­larını keçib. 

FS-nin proqnoz açıqlamasında, həm­çinin bildirilir ki, ticarət həcminin daha çox artacağı ilə bağlı gözləntilər Çin və Avropa İttifaqı arasında Orta Dəhliz mar­şrutu ilə yükdaşıma qabiliyyətini 5 dəfə artıracaq. 

Çinin Təhlil İnstitutunun baş elmi əməkdaşı Din Tsyanvey də mediaya məlumatında vurğulayıb ki, Orta Dəhliz yaxın gələcəkdə qlobal tədarük zənci­rinin ən mühüm hissəsi kimi yeni sürətli inkişaf mərhələsinə daxil olmaqla Avra­siyada yeni iri ticarət marşrutuna çevrilə­cək. Bu nəqliyyat marşrutunda daha çox ölkələr iştirak edəcək, yükdaşıma həcmi isə mühüm dərəcədə artacaq. Onun söz­lərinə görə, Orta Dəhlizin gələcək inkişafı heç də asan olmayacaq və çox sayda problemlərlə qarşılaşacaq. Bu, özünü geosiyasi, xüsusilə şəxsi geosiyasi ambi­siyalarını üstün tutan müxtəlif qüvvələrin təsirində göstərəcək. Bir sözlə, domi­nantlıq uğrunda mübarizə daha da güc­lənəcək.

Qeyd edək ki, Orta Dəhlizin çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir. Orta Dəhliz yük axınının Çindən Türkiyə, o cümlədən Av­ropa ölkələrinə və əks istiqamətdə artma­sına şərait yaradır. Bu dəhlizlə hərəkət edən marşrut qatarı orta hesabla 20-25 gün ərzində yükləri Çindən Avropaya çat­dırır və bu, qeyd olunan nəqliyyat dəhlizi­nin əsas üstünlüklərindən biridir.

Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzu­sunda keçirilən beynəlxalq forumdakı çıxışında yeni və mövcud ticarət dəh­lizlərinin fəaliyyətindən bəhs edərkən Azərbaycanın dəmir yolu infrastrukturu­nun inkişafı istiqamətində görülən işlər barədə də fikirlərini diqqətə çatdırıb: “Bi­zim Rusiya və İran sərhədi ilə birləşdirən dəmir yolu infrastrukturumuz var. Tez­liklə biz yeni dəmir yolu infrastrukturunu inşa etməyə başlayacağıq, çünki təkcə Rusiyadan Fars körfəzinə azı 15 milyon ton yükün gəlməyini gözləyirik. Əgər biz əks istiqamətdən yük əlavə etsək, düşü­nürəm ki, 15 milyon ton, sadəcə, başlan­ğıcdır. Hazırda bizim Şimal-Cənub dəmir yolumuzun Azərbaycan seqmenti 6-7 milyon ton yük qəbul edə bilir ki, bu, bi­zim üçün və tranzitorlar üçün yetərlidir”.

Yeri gəlmişkən, Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin 184 kilometrlik Gürcüstan hissəsində aparılan təmir-ge­nişləndirmə işləri artıq yekunlaşıb. Bu­nunla da ölkəmizin Şərq-Qərb marşrutu üzərində mühüm nəqliyyat qovşağına çevrilməsi gerçəkləşib. “Azərbaycan Də­mir Yolları” QSC-nin məlumatına görə, mayın 20-dən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start veriləcəyi nəzərdə tutulub. 

Xatırladaq ki, bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artır­maq və BTQ-ni dəhlizin əsas yükdaşı­ma arteriyalarından birinə çevirməkdir. Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin Azərbaycan ərazi­sindən Avropaya daha sürətli çatdırılma­sında BTQ dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. 

Genişləndirmədən sonra BTQ-nin illik yükaşırma gücü 1 milyon tondan 5 mil­yon tona çatıb. Yükaşırma həcminin 5 milyon tona çatdırılması hədəfi Prezident İlham Əliyevin tapşırığı əsasında müəy­yən edilmişdi və ötən ildən etibarən məhz bu istiqamətdə aktiv şəkildə genişləndir­mə işlərinə başlanmışdı.

“Azərbaycan Dəmir Yolları”nın məlu­matında bildirilir ki, son 20 ildə dəmir yolu ilə tranzit yükdaşımalarda əhəmiyyətli ar­tım qeydə alınıb. Məsələn, 2019-cu ildə 3,8 milyon ton tranzit yükü daşınmışdısa, 2023-cü ildə bu rəqəm 6,8 milyon tona çatıb. Ötən ilin ilk 4 ayı ilə müqayisədə cari ilin yanvar-aprel aylarında daşınan tranzit yüklərin həcmi 14 faiz artıb. Azot gübrələri, buğda unu və qara metal bo­rular kimi yüklərin həcmində 120-200 faiz artım qeydə alınıb. BTQ-nin də tərkib hissəsi olduğu Şərq-Qərb dəhlizi üzrə isə bu ilin birinci rübündə 10 faiz daha çox tranzit yükü daşınıb. 

Yenilənmiş BTQ xətti qardaş ölkə olan Türkiyə ilə quruda birbaşa dəmir yolu əlaqəsini təmin edəcək, ölkələrimiz arasında daha çox yüklərin daşınmasına töhfə verəcək. Modernləşdirilmiş BTQ dəmir yolu ilə indi daha çox yük daha tez daşına biləcək. Yəni 1 milyon ton il­lik yükaşırma həcminin 5 milyon tona çatması ilə BTQ Şərqdən Qərbə və əks istiqamətə ölkəmiz üzərindən yükdaşı­maların həcm və sürətinə müsbət təsir göstərəcək.

Onu da vurğulayaq ki, cari ilin yanvar ayında Çindən konteyner blok qatarlarla yükdaşımanın bərpası reallaşıb, ilk qatar qəbul edilib. Ümumiyyətlə, 2024-cü il ər­zində daha çox blok qatarın Azərbayca­na göndərilməsi nəzərdə tutulub.

Tranzit yüklər Çin-Qazaxıstan sərhə­dindən Azərbaycandan keçməklə Gür­cüstan limanlarına ortalama 10 günə ça­tıb. İdxal yüklər üçün bu müddət 8 gün olub. “Azərbaycan Dəmir Yolları” tərəfin­dən yüklər Bakı Dəniz Ticarət Limanın­dan birbaşa qatarlara yüklənərək aidiy­yəti üzrə çatdırılıb. 

Bu ilin ilk dörd ayında Şərq-Qərb dəh­lizi üzrə ümumilikdə 34 blok qatar olmaqla 6319 TEU konteyner yük daşınıb. Onlar­dan 10 blok qatar (4020 TEU konteyner) tranzit yükü, 24 blok qatar və (2299 TEU konteyner) idxal yükü olub. 2023-cü ildə ADY tərəfindən, ümumilikdə, 105 min 265 TEU konteyner daşınıb ki, bu da 2022-ci illə müqayisədə 30 faiz çoxdur.

Beləliklə, tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtə­lif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.

Vaqif BAYRAMOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla