AZ

Rusiya Avropaya ölüm dəstələri göndərir

Rusiya

Avropada daha tez-tez baş verən və əlaqələndirilmiş insidentlərin arxasında çox güman ki, Rusiya hərbi kəşfiyyatı (GRU) dayanır.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” məsələ ilə tanış olan rəsmilərə istinadla yazıb.

Bildirilir ki, Almaniyada Rusiya kəşfiyyatı tərəfindən hərbi bazalara hücum etmək üçün işə götürülən iki şübhəli ölkəyə yeniyetmə yaşlarında gəlib. Estoniyada az pul müqabilində bir nazirin avtomobilinə və milli abidələrə qarşı vandalizm aktları törətmək üçün cinayət keçmişi olan gənclər “Telegram” vasitəsilə işə cəlb edilib.

Avropanın başqa yerlərində hökumət rəsmilərinə tövsiyə olunur ki, Rusiyanın dəstəklədiyi cinayətkarlar tərəfindən artan zorakılıq riskinin qarşısını almaq üçün ehtiyat tədbirləri görsünlər.

İddia olunur ki, Berlindən Vilnüsə qədər hökumətlər Avropa İttifaqına seçkilər ərəfəsində Rusiyanın himayə etdiyi təxribat aktları və NATO ölkələrində şiddətli hədə-qorxu ilə getdikcə artan təhlükə ilə üzləşirlər. Bunlar qətiyyətli dezinformasiya kampaniyası ilə yanaşı, qitədə Ukraynaya dəstəyin gücünü yoxlamaq üçün nəzərdə tutulub.

Məlumata görə, Böyük Britaniya Solsberin zəhərlənməsindən və Berlindəki Tiergarten cinayətlərindən illər sonra nəticəyə gəlib ki, Moskva belə cinayətlər zamanı adamının tutula biləcəyinə daha əhəmiyyət vermir. Yəni düşmənçilik hərəkətləri edərək, gizli casusluğun daha incə formalarından Qərb hədəflərinə qarşı açıq qəddarlığa keçir.

Şərqi Londonda Ukrayna ilə əlaqəli anbarı yandırmaqda ittiham olunan britaniyalı cümə günü Londonda məhkəmə qarşısına çıxacaq. Buna cavab olaraq, Britaniya rus casuslarına qarşı mübarizə çərçivəsində Rusiyanın yüksək səviyyəli diplomatlarından birini ölkədən çıxarıb. Polşada isə prokurorlar Ukrayna prezidenti Vladimir Zelenskiyə sui-qəsd planına köməkdə şübhəli bilinərək Ukraynaya gedib-gələn məmurlar üçün əsas dayanacaq kimi xidmət göstərən hava limanı haqqında məlumat toplamaqda ittiham olunan şəxsi həbs ediblər.

Avropalı məmurlardan biri deyib ki, qitələrində baş verən bir neçə insident Rusiya hərbi kəşfiyyatı ilə əlaqələndirilmiş əməliyyatın bir hissəsidir. Üstəlik, oxşar aksiyalar müxtəlif paytaxtlarda da həyata keçirilib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski bu yaxınlarda deyib ki, Rusiya uzun illərdir Avropaya ölüm dəstələri göndərir:

“Bir neçə ay əvvəl Polşada terror aktı törətməyə çalışan şəxs Rusiya tərəfindən cəlb edilmiş terrorçu olub. Əminəm ki, onlar bunu başqa ölkələrdə də etməyə çalışırlar”.

Rəsmilərdən birinin sözlərinə görə, çox güman ki, bütün Avropaya qarşı yönəlmiş bu strategiya Moskvada ən yüksək səviyyədə təsdiqlənib. Başqa bir mənbə isə bildirir ki, Rusiyanın bütün Avropada Ukraynaya yardımı sabotaj etmək və onun səylərinə kömək göstərmək üçün yerli sakinləri cəlb etməyə hesablanmış strategiya var. Xüsusilə, Litvanın kəşfiyyat xidməti bu həftə xəbərdarlıq edib ki, Rusiya Baltikyanı ölkələrin sakinlərini təxribat və ya hücumlar həyata keçirmək üçün işə cəlb etməyə çalışır.

Onu da qeyd edək ki, həyəcan təbili çalan təkcə Baltikyanı ölkələr deyil. Ötən ay Almaniyada hərbi və sənaye obyektlərinə, o cümlədən ABŞ qurğularına qarşı “mümkün təxribat aktları” planlaşdırdığına görə iki nəfər həbs edilib.

V. QULİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla