AZ

Görkəmli dövlət xadimi, əfsanəvi şəxsiyyət

Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz dörd illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.

O, vətəndaş, əfsanəvi şəxsiyyət, lider kimi bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından dəfələrlə çıxarmış, müstəqil ölkəmizin bu günkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.

Ümummilli liderimizin ömrünü həsr etdiyi vətəni və xalqı qarşısındakı xidmətləri haqqında indiyədək az yazılmamışdır. Lakin bunları hələlik ilk təşəbbüslər kimi səciyyələndirmək olar, çünki Heydər Əliyev şəxsiyyətini, fenomenini, onun gördüyü misilsiz işləri bütün dolğunluğu ilə təqdim etmək üçün uzun illər araşdırmalar davam etdirilməlidir.

Ulu Öndərimiz qeyd edirdi: “Yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da – hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır.”

Ümummilli liderimiz Heydər Əliyev 1969-cu ilin 14 iyul tarixində birinci dəfə respublikaya rəhbərlik etməyə başlayanda Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində geridə qalırdı, ona Sovet İttifaqının ikinci dərəcəli əyalətlərindən biri kimi baxılırdı. Sovet rəhbərliyində hesab edirdilər ki, Azərbaycanın neft yataqları artıq öz keçmiş əhəmiyyətini itirmişdir və onun neftə yönəldilmiş iqtisadiyyatı dotasiyalara möhtacdır. Nə qədər acınacaqlı olsa da, II Dünya müharibəsində faşizm üzərində qələbənin təmin olunmasında ən həlledici rollardan birini oynayan qədim neft səltənəti acı aqibətlə üzləşmişdir.

Belə bir vaxtda Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan tarixində dönüşün başlanğıcı oldu. Respublikanın dinamik inkişafına dair kompleks proqramlar işlənib hazırlandı. Heydər Əliyevin təşəbbüsü ilə ittifaq hökuməti Azərbaycan iqtisadiyyatının hərtərəfli və intensiv inkişafına yönəldilmiş beş xüsusi qərar qəbul etmişdi. Bu, görünməmiş bir iş idi və respublikanın, xalqımızın mənafeləri baxımından tarixi əhəmiyyəti vardır. Heydər Əliyevin yüksək təşkilatçılıq bacarığı, yorulmaz fəaliyyəti sayəsində ölkə həyatının bütün sahələrində vüsətli dəyişikliklər baş vermişdi və Azərbaycan Rusiya Federasiyasından sonra, ittifaq büdcəsindən dotasiya almadan yaşayan iki respublikadan birinə çevrilmişdi. Həmin dövrdə Azərbaycanda güclü iqtisadi potensial yaranmışdı və o bu gün müstəqil ölkəmizə xidmət edir.

Həyata keçirilən tədbirlər nəticəsində 1969-1982-ci illərdə sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmış, həmin dövrdə ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyəti olan 200-dən çox yeni sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.

1982-ci ildə kənd təsərrüftının ümumi məhsulu 1969-cu illə müqayisədə 2,5 dəfə artmışdır. Həmin dövrdə taxıl istehsalının həcmi 573,9 min tondan 1211,3 min tona, pambıq tədarükü 299,4 min tondan 1015,3 min tona, üzüm istehsalı 272,0 min tondan 1815,6 min tona yüksəlmişdir. Dənli bitkilərin məhsuldarlığı 1970-ci ildə hər hektardan 11,6 sentnerdən 1980-ci ildə 23,2 sentnerə çatmışdır.

1969-1982-ci illərdə iqtisadiyyatın inkişafına 7,2 milyard manatlıq vəsait sərf olunmuşdur. 1982-ci ildə kapital qoyuluşunun həcmi 1968-ci ildəkindən 6,7 dəfə çox olmuşdur. Həmin illərdə respublika əhalisinin mənzil şəraiti əsaslı dərəcədə yaxşılaşaraq ümumi sahəsi 19,4 milyon kvadratmetr mənzillər tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Bu dövrdə 483,4 min şagird yerlik ümumtəhsil məktəbləri, 68,1 min yerlik məktəbəqədər uşaq müəssisələri, 13,5 min çarpayılıq xəstəxana inşa edilmişdir.

SSRİ-nin neftçıxarma sənayesi üçün avadanlığın 70 faizindən çoxu Azərbaycanda istehsal olunurdu. Cihazqayırma, elektron, elektrotexnika kimi yeni sənaye sahələri yaradılmışdı.

Azərbaycan neftinin əvvəlki şöhrətini qaytarmaq üçün böyük işlər görülmüşdü. Bu gün neft strategiyasının uğurla həyata keçirilməsində xüsusi yeri olan Dərin özülləri zavodu da məhz o illərdə tikilmişdi.

Hazırda Bakıya, Azərbaycanın şəhər və rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın əsasını təşkil edən fabriklər, zavodlar, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, yaşıllıq zonaları, neçə-neçə yollar, körpülər Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük şəxsiyyətin bütün varlığına hopmuş vətən sevgisinin nəticəsidir.

Heydər Əliyevin milli dirçəliş, təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası ilk növbədə gənclərə istiqamətlənmişdi. 1970-ci illərin axırlarında SSRİ-nin müxtəlif ali məktəblərinə hər il 700-800 nəfər, 1980-ci illərin əvvəllərində isə hər il 1000-1400 nəfər tələbə-gənclər göndərilirdi ki, bunların da əksəriyyəti azərbaycanlılar idi. Bu yolla Heydər Əliyev iki məqsədə nail olurdu: respublikanın elmi və kadr potensialı yüksəlir, istedadlı gənclərimiz xalqımızın mədəniyyətini, milli-əxlaqi dəyərlərini təbliğ etməklə Azərbaycan haqqında ən layiqli rəy və təsəvvür formalaşdırırdılar. Həmin gənclərin bir hissəsi təhsil aldıqları yerdə qalıb işləmişdir və hazırda keçmiş Sovet məkanındakı Azərbaycan diasporunun özəyini təşkil edir. Respublikaya rəhbərliyinin birinci dövründə Heydər Əliyevin ən böyük xidmətlərindən biri Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbin açılmasıdır.

Xalqın milli hərbi kadrlara ehtiyacı olmasının əhəmiyyətinin vacibliyini nəzərə alaraq Heydər Əliyev bütün çətinliklərə və maneələrə baxmayaraq, keçmiş Sovet məkanında ilk belə məktəbin açılmasına nail olmuşdur. 1970-ci illərdə Azərbaycandan hərbi təhsil müəssisələrinə oxumağa hər il 300-400 gənc göndərilirdi. 1980-ci illərin əvvəllərində isə belə gənclərin sayı xeyli artmışdı ki, onların da əksəriyyəti azərbaycanlı idi. Heydər Əliyevin fəxr etdiyi və yaratdığı təhsil ocağında hazırda peşəkar milli hərbi kadrlar yetişdirilir.

Ulu Öndər xalqın milli dirçəlişi məsələsində Azərbaycan dilinə böyük əhəmiyyət verirdi. Məhz bu böyük şəxsiyyətin iradsəinin nəticəsi idi ki, respublikanın 1978-ci ildə qəbul olunmuş konstitutsiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdi.

Ümummilli lider Heydər Əliyevin dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir – 1982-1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində siyasi büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək post tutan Heydər Əliyev şovinist Kreml rejiminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyildir. Tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev az vaxt içərisində bütün SSRİ-də böyük nüfuz qazandı. Həmin dövrdə Heydər Əliyev Siyasi Büroda bütün Sovet dövlətini idarə etməyə və onu düşdüyü çətin vəziyyətdən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi. Odur ki, səriştəsiz və bacarıqsız Kreml rəhbərləri, xüsusilə M.Qorbaçov Heydər Əliyevi özlərinə ciddi rəqib hesab edirdilər. Belə bir şəraitdə Heydər Əliyev Sovet rəhbərliyində olarkən doğma vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi. Xalqımızın böyük oğlu o zaman, həm də Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçilərinin qarşısında qüdrətli maneə, keçilməz sədd idi. Elə buna görə də erməni mafiyasının əlində itaətkar alət olan M.Qorbaçov nəhayət öz fitnəkar niyyətinə nail ola bildi: xalqımızın dahi oğlu Heydər Əliyev SSRİ-yə rəhbərlikdən uzaqlaşdırıldı. Bu əslində bütün Sovet hakimiyyəti illəri ərzində xalqımıza vurulan ən ağır zərbə idi. Bundan dərhal sonra M.Qorbaçov tərəfindən himayə olunan erməni millətçiləri Qarabağı Azərbaycandan qoparıb almaq üçün fəal mübarizəyə başladılar. Bundan sonra Azərbaycanın ağır günləri başlandı. Moskvaya satılmış xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan “AXCP-Müsavat” rejimi ölkəni dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular.

Qarmaqarışıqlıqdan istifadə edən SSRİ rəhbərləri ölkədə 20 Yanvar qırğını törətdilər. Yüzlərlə vətəndaşlarımız həyatlarını itirdilər, əlil oldular, itgin düşdülər. Şəhid olanlar, uşaqlar, qadınlar, qocalar, alimlər, tibb işçiləri, müxtəlif təbəqədən olan dinc insanlar idi.

Bu dövrdə - 1990-cı il yanvarın 21-də (20 yanvar qırğınının ertəsi günü) həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi. Dahi siyasətçi xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı ilin iyul ayının 20-də vətənə döndü. Lakin vaxtı ilə çörək verdiyi, vəzifələrə təyin etdiyi nankorlar qurub yaratdığı Bakıda qalmağa imkan vermədilər. 22 iyul 1990-cı ildə o, doğma Naxçıvana döndü. Çox böyük coşqu ilə qarşılanan Ulu Öndər ömrünün 3 ilini doğulub boya-başa çatdığı Naxçıvanda yaşadı, Muxtar Respublikanın Ali Sovetinin sədri işlədi. Həmin dövrdə Heydər Əliyev Azərbacan xalq cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, Muxtar Respublikanın adından “Sovet”, “Sosialist” sözlərinin çıxarılması, 1990-cı ilin 19-20 yanvar faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendiumda iştirakdan imtina etməsi, muxtar respublika ərazisində kommunist partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, 31 Dekabr gününün Dünya azərbaycanlılarının həmrəylik günü kimi elan olunması, bir qrup respublika ziyalılarının müraciətini nəzərə alaraq 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis olunaraq Heydər Əliyevin sədr seçilməsi.

Nəhayət, Azərbaycandan ayrı düşmüş Naxçıvanda, çox çətin hərbi-iqtisadi blokada vəziyyətində vətən torpağının qorunub saxlanması – bax, bunlardır böyük şəxsiyyətimizin Naxçıvanda mühasirə şəraitində keçən ömrünün, göstərdiyi fəaliyyətin qısa yekunu!

1993-cü ilin may-iyun aylarında ölkədə dövlət böhranının, hakimiyyətsizliyin, xaosun, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxmış, bu, ümummilli hərəkata çevrilmişdi.

Beləliklə, Azərbaycan tarixinə Milli qurtuluş günü kimi daxil olmuş 15 iyun 1993-cü ildə Heydər Əliyev Ali Soverin sədri seçildi.

O, qısa müddətdə üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gələrək xalqımızı vətəndaş qarşıdırmasından, ölkəni parçalanmaqdan qurtararaq müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi düşmüşdür.

Ulu Öndər Azərbaycan dövlətçiliyini qoruyaraq ölkədə qanunsuz silahlı dəstələri tərk-silah etdirmiş, cəmiyyətin inkişafı dinc, demokratik yola yönəldilmişdi.

Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını qoruyub saxlayaraq iflic vəziyyətə düşmüş dövlət aparatı yenidən işləməyə başlamışdı. Azərbaycan xalqının milli qüruru özünə qaytarılmış, Xalqın Millət, Torpaq, Vətən, Bayraq sevgisi bərpa olunmuşdu.

12 noyabr 1995-ci ildə referendium yolu ilə müstəqil Azərbaycanın Konstitutsiyası qəbul edilmişdi.

Postsovet məkanında birinci olaraq Azərbaycanda effektli aqrar islahatlar aparıldı və tariximiz ərzində ilk dəfə məhz Heydər Əliyevin hakimiyyəti dövründə torpaqlar təmannasız olaraq kəndliyə verildi. Kənd təsərrüfatı tənəzülldən qurtularaq inkişaf mərhələsinə qədəm qoydu. Böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yarandı və bu gün respublikamız iqtisadi inkişafın dinamikasına və ümumi daxili məhsulun artım tempinə görə dünya ölkələri arasında öncül mövqeyini qoruyur.

Neft və qaz sektoru maraqlı qüvvələrin inhisarından çıxarılaraq xalqın sərvəti kimi millətin rifahının yüksəldilməsinə verildi. Hamının əsrin möcüzəsi kimi qəbul etdiyi “Əsrin müqaviləsi”nin nailiyyətləri ötən illərədək əfsanə sayılan Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsi ilə əlamətdar oldu. Heydər Əliyev 1993-cü ilədək hansısa mafioz qrupların, siyasi təşkilatların nəzarəti altında olan nizamsız silahlı dəstələrdən təşkil edilən Azərbaycan Ordusu sonrakı müddətdə yenidən quruldu, maddi-texniki bazası təkmilləşdirildi, modernləşdi, hərbi hazırlıq səviyyəsi yüksəldi və müasirləşdi, əsgər və zabit heyəti Qarabağ cəbhəsində uğur qazanmağa layiq səviyyədə formalaşdırıldı.

Heydər Əliyev elə böyük vətənpərvər, müdrik dövlət xadimi idi ki, xalqının və dövlətinin müqəddəratını yalnız öz fəaliyyəti dövrü üçün düşünmürdü. Dahi şəxsiyyət Azərbaycanın nailiyyətlərinin, zəfərlərinin sonrakı onilliklərdə də davam etməsi, müəllifi olduğu milli inkişaf strategiyasının bəhrələrinin gələcək nəsillər üçün də daha əlamətdar olması naminə fədakarlıqla çalışmışdır.

Məlum olduğu kimi 2023-cü il Heydər Əliyevin 100 illiyi ilə əlamətdar olmuşdur. Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarı ilə tədbirlər planı təsdiq edilmişdir.

Tədbirlər planında nəzərdə tutulan bir sıra bölgələrdə - Sumqayıt, Lənkəran, Səlyan, Kürdəmir, Ucar, Göyçay şəhər və rayonlarında, Bakının Səbail, Xəzər, Pirallahı rayonlarında keçirilən tədbirlərdə iştirak etmişəm. Ulu Öndərin dövründə onun rəhbərliyi altında işləyən, onunla görüşmək imkanı olan şəxslərin silinməz xatirələri hər bir insanı kövrəldir və həm də qürurlandırır. Gənclərimizin Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirmələri müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə təminat verir.

Bunlar bir daha onu göstərir ki, Heydər Əliyev bu millətin inkaredilməz qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin müəllifi, uğurlu gələcəyimizin təməlini qoyan təkrarsız liderdir.

Ulu Öndər həm də Azərbaycanın hərtərəfli inkişafının uzun ömürlülüyünü təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratmışdır. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev məktəbinin alternativsiz təmsilçisi cənab İlham Əliyevdir.

2003-cü ildən Ümummilli liderin ideyalarını, siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir inkişaf dövrü başlamış və bizim ölkəmiz xalq təsərrüfatının bütün sahələrinin sürətlə inkişaf etdiyi bir Respublikaya çevrilmişdir.

Ən əsası Ulu Öndərimizin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi və doğma Azərbaycanın ərazi bütövlüyünün bərpası idi.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin müqəddəs arzusunu onun siyasi kursunun layiqli davamçısı, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu yerinə yetirdi. 2020-ci ilin sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində və 19 sentyabr 2023-cü il tarixində ordumuz tərəfindən keçirilən lokal antiterror əməliyyatı nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu, düşmənlər torpaqlarımızdan qovuldu, ərazi bütövlüyümüz tam bərpa olundu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev işğaldan azad edilmiş tarixi dədə-baba torpaqlarımızda üç rəngli bayrağımızı ucaltdı. İndi Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Laçında, Kəlbəcərdə, Şuşada, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda, Xankəndində əzəmətli Azərbaycan bayrağı dalğalanır. Həmin ərazilərdə sürətli bərpa-quruculuq işləri aparılır. İnsanlar öz dadə-baba yurdlarına qayıdırlar.

Artıq hər birimiz dünyanın istənilən yerində başı uca, qürurla gəzirik və fəxrlə deyirik ki, biz Azərbaycanlıyıq. Bu qüruru bizlərə məhz Ulu Öndər Heydər Əliyev və onun alternativsiz davamçısı, Qalib Xalqın Qalib Lideri İlham Əliyev yaşadıb!

Nazim İsmayılov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla