AZ

“İmtahan bitən kimi namizəd nəticəsini öyrənəcək” — Elektron imtahanların üstünlükləri

 Dövlət qulluğu imtahanları artıq elektronlaşdırma prosesinə cəlb ediləcək. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mərkəzin yeni imtahan korpusu ilə tanışlıq zamanı media nümayəndələrinə açıqlamasında deyib ki, keçən il elektron imtahanlarda 7000 nəfər iştirak edib. DİM sədri qeyd edib ki, bu il ərzində kontingenti 2000-dən az olan bütün imtahanlar artıq yeni imtahan korpusunda baş tutacaq: “Hesab edirəm ki, bir il ərzində bütün imtahanlardakı iştirakçı sayı 10 mindən az olan imtahanları elektron formatda burada keçirə biləcəyik. Regional bölmələrlə yanaşı, müxtəlif ali məktəblər və tədris mərkəzləri ilə də əlaqə yaradaraq kütləvi imtahanları elektron formata keçirmək üçün ölkə üzrə bu cür mühit yaradılacaq”.

Elektron imtahan formatının üstünlüklərindən danışan təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında deyib ki, bu üsula beynəlxalq təcrübədə də rast gəlinir: 



“Bu, müsbət haldır. Məsələn, say az olduğu üçün DİM inzibati rəhbər vəzifələrin dövlət qulluğuna qəbul imtahanlarını (AB, AC) elektron qaydada keçirir. Burada namizəd imtahanı yekunlaşdıran anda nəticəsini öyrənmiş olur və ona bunu müvafiq olaraq təsdiqləyən doldurulmuş cavab kartı çap olunaraq təqdim edilir. Dövlət qulluğuna qəbulun inzibati və icraçı vəzifələrə qəbul (BA, BB) imtahanı da elektron qaydada keçiriləcək. Bunun mənfi tərəfi o ola bilər ki, kompüterlə işləmək bacarığı zəif olan şəxslər müəyyən problemlərlə qarşılaşsınlar. Lakin indiki zamanda kompüterdən ilkin anlayışı olmayan az tapılar. Hətta onlar belə təşvişə düşməməlidirlər. Çünki proses olduqca sadədir, nəzarətçi müəllimlər tərəfindən hər şey ətraflı şəkildə izah edilir”. 

Ekspert qeyd edib ki, digər bir çətinlik hesablama tipli suallarda yarana bilər: 

“Düzdür, bunun üçün imtahan verənlərə ağ vərəqlər verilir. Riyaziyyatda misalların vərəqə köçürülməsi, məntiqdən şəkillərin çevrilməsi kimi nüanslar az-çox çətinlik yarada bilər. Həmçinin imtahan elektron qaydada keçiriləndə test tapşırıqları iştirakçılara təqdim edilmirdi. Çox yaxşı olar ki, test tapşırıqları onların hesablarına yüklənsin. İmtahan verənlər o suallarla yenidən tanış olsun və çap edə bilsinlər. 

İmtahanların elektronlaşdırılması həm də kağız tullantılarının qarşısını alacaq, ümumi prosesi yüngülləşdirəcək. Bu, ekoloji problemlərin qarşısının alınmasına da köməkdir”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla