AZ

4 kəndin qaytarılmasına və Paşinyana qarşı çıxan keşiş - Baqratın həyat hekayəsi

Son günlər Ermənistanda revanşist və radikal qüvvələrin, rusiyayönümlü müxalifətin, erməni kilsəsinin və diasporun birgə fəaliyyəti nəticəsində Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinə qarşı etirazların körüklənməsi müşahidə olunur. Doğrudur, bu qüvvələr hələ də marjinallığını qoruyur, lakin sözügedən istiqamətdə təşəbbüslər səngimək bilmir.

 

Bu qüvvələr paralel olaraq, hazırkı baş nazir Nikol Paşinyan və komandasının istefasını tələb edir, onu Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə qol qoyduğu üçün tənqid edirlər. Yada salaq ki, 44 günlük müharibədən sonra zaman-zaman bu cür təxribatların təşkilinə çalışılıb, lakin avantürist tələblərin Ermənistan cəmiyyətinin sosial sifarişinə çevrilməsinə nail olmaq revanşistlərə nəsib olmayıb.

 

Keçmiş baş nazir Vazgen Manukyan, baş qərargah rəisi Onik Qasparyan, "Qarabağ klanı"nın liderləri, daşnak funksionerləri müxtəlif periodlarda önə çıxıb, təxribat layihələrinin siması kimi etirazçı kəsimin lokomotivi olmaq iddiasına düşüblər. Lakin həm 44 günlük müharibədə, həm də ötən ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirlərində nəticənin necə olduğunu görən erməni toplumu maksimalizmdən konstruktiv yanaşmaya keçid edən Paşinyan hakimiyyətini korrupsioner və avtoritar irsə malik revanşistlərə dəyişmək istəməyib.

 

2021-ci ildə keçirilən seçkilərdə hakim partiyanın qalib gəlməsi, sonrakı reytinq sorğularında da hər nə qədər itkiyə məruz qalsa da, Paşinyanın ilk sıradakı yerini qoruması da bunun göstəricisidir. Azərbaycanla normallaşma prosesi və sülh müqaviləsinin imzalanması istiqamətində aparılan işlər çərçivəsində gündəmə gələn demarkasiya və delimitasiya mərhələsi, ilk növbədə Qazaxın Ermənistanın nəzarətindəki qeyri-anklav 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) qaytarılması ilə əlaqədar razılığın əldə olunması ilə təxribatçılar yenidən baş qaldırıb.

 

Bu dəfə uğursuzluğa düçar olan Manukyanın, Qasparyanın və digərlərinin xələfi keşiş Baqrat Qalstanyan adlı biridir. Görünür, budəfəki cəhddə təxribat qrupunun tərkib hissələrindən olan erməni kilsəsinə daha aparıcı rolda çıxış etmək "qismət olub". Tavuş vilayətinin Kirants kəndindən paytaxta doğru yürüş təşkil edən, yolboyu avantürist zehniyyətli ünsürləri də başına toplayıb İrəvandakı Respublika meydanında mitinq keçirmək hədəfi qoyan Qalstanyan kimdir? 

 

Modern.az bu suala cavab axtarıb.

 

Əvvəlcə, bioqrafik anket məlumatlarına nəzər salaq: Baqrat Qalstanyan 20 may 1971-ci ildə Ermənistanın Gümrü şəhərində anadan olub və vəftiz olunarkən Vazgen adı verilib. Eçmiədzindəki Gevorqyan seminariyasında təhsil alıb, 1993-cü ildə yepiskop Anania Arabacyandan deakon təyinatı alıb. 1995-ci ildə "Kilsimizin gündəlik duaları haqqında Andzrev Xosrovun tərifi və teologiyası" mövzusunda dissertasiya işi yazıb.

 

Elə həmin il bütün ermənilərin katolikosu I Qaregin onu 1937-ci il repressiyalarında ölən arxiyepiskop Baqrat Vardazaryanın adına subay kahin təyin edib. 1995-ci ildə Qalstanyan Eçmiədzindəki "Müqəddəs Qriqori Bazar Günü Məktəbi"nin direktoru vəzifəsini icra eib, Xristian Təhsili və Təbliği Mərkəzinin vitse-prezidenti təyin olunub. Bu dövrdə onun vəzifələrinə Ermənistandakı Gevorqyan və Vazgenyan seminariyalarında müqəddəs Liturgiya, Kilsə Tarixi və İlahiyyatı və Erməni Kilsəsi ilahilərinin tədrisi daxil olub.

 

1996-cı ildə Eçmiədzinin eyniadlı aylıq rəsmi nəşri olan "Eçmiədzin"in baş redaktoru olub. 1996-1998-ci illərdə keşiş I Qareginin katibi olaraq Cənubi Amerika, Moskva, Böyük Britaniya və Avstriyaya səfərlərində iştirak edib. 1998-ci ildə I Qareginin tövsiyəsi ilə o, İngiltərəyə Lids Universitetində təhsil almağa göndərilir. Qalstanyan 2000-ci ilə qədər Mançesterdəki "Müqəddəs Üçlük" erməni kilsəsinin ziyarətçi keşişi vəzifəsini yerinə yetirməklə bərabər Mirfilddəki kollecdə təhsil alıb.

 

2000-ci ildə İngiltərədəki təhsilini başa vurduqdan sonra o, Ermənistana qayıdıb. 2002-ci ildə Eçmiədzinin media, əlaqələr və kommunikasiya şöbəsinin yeni yaradılmış departamentinin rəhbəri təyin edilib. Bu vəzifəyə "Shoghakat TV" televiziyasında dini proqramların direktoru funksiyası da daxil idi. Kanada vətəndaşı olan Baqrat Qalstanyan 2003-cü ilin may ayında Kanada Erməni Kilsəsinin Yeparxiyasının primatı seçilib. 2012-ci ilin noyabrında Baqrat Qalstanyan Konkordiya Universitetində aspirantura təhsilini başa vurub.

 

Siyasi məqamlara gəldikdə, Ermənistan qanunvericiliyinə əsasən, Kanada vətəndaşı olması onu Paşinyanın postuna namizəd olmağa tamarzı qoyur. Jurnalistin bununla bağlı sualını cavablandıran Baqrat Qalstanyan Kanada vətəndaşı olduğunu və baş nazir postuna namizədliyini irəli sürmək hüququna malik olmadığını təsdiqləyib. Lakin əvvəlcə guya siyasi iddiası olmadığını deyən keşiş 5-10 nəfərin başına toplaşmasından ilhamlanıb: "Əgər xalq mənim baş nazir olmağımı istəyirsə, bu, Allahın iradəsi və erməni patriarxının xeyir-duası olacaq, onda mən kiməm ki, tabe olmayım?".

 

Görünür, proseslərin "əlverişli məcra"ya yönələcəyi təqdirdə, keşiş qara donunu kostyuma dəyişməyi də ağlından keçirir. Erməni mətbuatında Koçaryanın adamı kimi xarakterizə olunan Qalstanyanın bu baxımdan sadəcə alət kimi istifadə olunduğu, əgər avantürist ssenarinin nəzəri baxımdan reallaşması ehtimalı baş tutarsa, başqalarının siyasi olimpə yüksələcəyi təəccüblü olmamalıdır.

 

Nəzəriyyədən praktikaya keçid etdikdə, aydın olur ki, Qalstanyanı və onun havadarlarını siyasi ritorikasını Azərbaycana nifrət və türkofobiya üzərində qurmuş Vazgen Manukyan və digər revanşistlərin aqibətindən başqa gələcək gözləyə bilməz. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana və Türkiyəyə qarşı düşmənçiliyin stimullaşdırılması rəsmi İrəvana da, erməni xalqına da yalnız bədbəxtlik gətirə bilər. Paşinyan və komandası bunu sonradan olsa da, anlayana bənzəyir. Digərləri də gec-tez bu həqiqəti qəbullanmalı olacaqlar.

 

Modern Təhlil və Araşdırma Qrupu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
48
Mənbələr
Şərh ()
Bağla