AZ

NAYORA tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi – FOTOLAR

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilib.

Qeyd edək ki, NAYORA və Böyük Qayıdış Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Məclisinin üzvü Məzahir Əfəndiyev və tərəfdaş olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı etdiyi “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda görüş təşkil edilib. Görüşün əsas məqsədi Ulu Öndər Heydər Əliyevin ölkə gənclər siyasətinin əsasının qoyulmasında rolu, gənclərin milli ruhda yetişdirilmələri üçün atdığı addımlar, bunları nəzərə alaraq Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrlə bağlı gənclər təşkilatlarının nümayəndələri arasında məlumatlılığın artırılmasına yönəlmişdir.

Silsilə tədbirlər çərçivəsində 9 may tarixində NAYORA və “Xəzər İntellektual Gənclər Klubu”nun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə “Gənclər təşkilatlarının həmrəylik kuboku” intellektual oyunu baş tutub. Ümumilikdə 8 gənclər təşkilatından nümayəndələrin iştirak etdiyi intellektual yarışda komandalar Heydər Əliyev irsi, Azərbaycan tarixi, Vətən Müharibəsi və ümumi dünyagörüşü ilə bağlı sualları cavablandırıblar.

NAYORA-ya üzv və tərəfdaş olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə “Azərbaycan Gəncliyi Ulu Öndər Heydər Əliyevin İZİ ilə” adlı konfrans keçirilib. Konfransda çıxış edən gənclər təşkilatlarının nümayəndələri ölkəmizin müstəqil, hərtərəfli, dinamik inkişafında Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərini vurğulayıblar. Onlar, Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığını qeyd ediblər.

Ulu Öndərin doğum gününə həsr olunmuş fəaliyyətlər sırasında “Heydər Əliyevin irsi və tövsiyələri” mövzusunda ideyatonun keçirilməsi də öz əksini tapmışdır. İdeyaton çərçivəsində gənclər təşkilatları ilk öncə Ulu Öndərin müdrik siyasəti ilə bağlı seminarlarda iştirak edib, daha sonra komandalar formalaşdıraraq bu irsin, təcrübənin ötürülməsini hədəfləyən müxtəlif layihələr üzərində müzakirələr nəticəsində müvafiq təkliflər hazırlayıblar. Tədbirin sonunda layihələr münsiflər tərəfindən qiymətləndirilmiş və layihəsi ən yüksək qiymətləndirilən komanda mükafatlandırılmışdır.

Xüsusi vurğulayaq ki, 10 May çərçivəsində yüzlərlə gəncin iştirakı ilə Fəxri Xiyabana ziyarət təşkil olunmuş, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulmuşdur.

Azərbaycan xalqının tarixində böyük xilaskar kimi fəxrlə söz açdığımız, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin xatirəsini daima hörmət və şərəf hissi ilə anır, xatirəsini uca tutur və onun şah əsəri olan güclü Azərbaycanın gəncləri olduğumuz üçün qürur duyuruq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
4
Mənbələr
Şərh ()
Bağla