AZ

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Bakı, 10 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Dünyamızı yaşıllaşdıraq” mövzusunda konfrans keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndiriməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva açaraq “Heydər Əliyev fenomeni: elm və təhsilin vəhdətində” mövzusunda çıxış edib. S.İbadullayeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə həyata keçirdiyi mühüm tədbirlərdən, o cümlədən dövlət quruculuğundan, elmin, mədəniyyətin və təhsilin inkişafında misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan xalqı Heydər Əliyevi haqlı olaraq, xilaskar adlandırır. Onun hakimiyyəti illərində Azərbaycan dövlətinin və xalqının firavan həyatının zəmanətinə çevrilmiş, sürətli inkişafa və tərəqqiyə, müstəqilliyin dönməzliyinə və təhlükəsizliyinə təminat verən “Əsrin müqaviləsi” imzalandı.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev ölkəmizin lkəmizin zəngin təbiəti ilə fəxr edirdi və onun torpağının, havasının, landşaftının qorunub saxlanmasını, zənginləşdirilməsini tələb edirdi. Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycanın sabit inkişafı ekoloji problemlərin həllindən çox asılıdır. Onun bu siyasəti yurdumuzun torpaq, bitki, su, hava, meşə, bulaq, bitki örtüyünü daha dərindən öyrənməyə istiqamət verirdi.

Professor çıxışında onu da qeyd edib ki, bioloq alimlərimiz tərəfindən cari ildə nəşr olunacaq “Qarabağ florası” adlı kitabın yazılması üçün Qarabağda bitkilərin yayılmasına dair geniş monitorinqlərə başlanılıb. Beş ekspedisiyadan biri artıq Laçın şəhərində həyata keçirilib.

Konfransda “Ulu Öndərin təbiətə qayğısı”, “Ulu Öndər və Azərbaycan təbiəti”, “Ulu Öndər Heydər Əliyevin ekoloji siyasəti”, “Azərbaycan təbiətinin qorunması istiqamətində Ulu Öndərin əvəzsiz xidmətləri” və “Biomüxtəlifliyin mühafizəsində Heydər Əliyevin rolu” mövzularında çıxışlar edilib.

Tədbir çərçivəsində Mərkəzi Nəbatat Bağının ərazisində ağacəkmə aksiyası həyata keçirilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
Mənbələr
Şərh ()
Bağla