AZ

Türkiyədə dövlət təyinatlı xərclərin səmərəliliyilə bağlı qənaət paketi qəbul edilib

Türkiyədə

Bakı, 13 may, AZƏRTAC

Türkiyədə inflyasiya ilə mübarizə pul, fiskal və gəlir siyasətləri ilə parallel struktur islahatları ilə birgə həyata keçirilir.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək vitse-prezident Cevdet Yılmazla birgə keçirdiyi mətbuat konfransında “İctimai qənaət və səmərəlilik paketi”nin açıqlaması zamanı bildirib.

O qeyd edib ki, fiskal siyasətdə atacaqları addımlar tezliklə antiinflyasiya prosesinə töhfə verəcək.

Nazir bildirib ki, apardıqları qənaət siyasəti nəticəsində ötən il 9-10 faizlik büdcə kəsirinin qarşısı alınıb.

Qənaət paketi ilə bağlı məlumat verən M.Şimşək əlavə edib ki, zəlzələ riski olan binalar istisna olmaqla, dövlət təyinatlı binaların 3 il müddətinə alınması və tikintisi dayandırılır.

“İctimai binalar üçün adambaşına kvadratmetr norması əvvəllər də tətbiq edilib və biz onun səmərəli icrasını təmin edəcəyik. Qurumlar arasında mövcud binaların icarəyə verilməsinə icazə verməyəcəyik, mövcud icarələrə isə mərhələli şəkildə xitam veriləcək. Biz müdafiə və təhlükəsizlik istisna olmaqla, mövcud qiymətləri nəzərə alaraq mənzil kirayələrini və sosial obyektlərin icarə haqlarını nəzərdən keçirəcəyik”,- deyə nazir bildirib.

Onun sözlərinə görə, xaricə müvəqqəti təyinatlar məhdudlaşdırılır. Bundan başqa, Mehmet Şimşək enerjidən xarici aslılığın yüksək səviyyədə olduğuna diqqət çəkərək, bu sahədə dövlət sektorunda səmərəliliyi daha da artıracaqlarını bildirib: “Cari ildə küçə və prospektlərin işıqlandırılması üçün nəzərdə tutduğumuz müavinət 35 milyard lirədir (1,8 milyon manat). Düşünürük ki, LED işıqlandırmasını sürətləndirərək, bu sahədə əhəmiyyətli qənaət edə bilərik”, - deyə o vurğulayıb.

Rəqəmsallaşma yolu ilə ictimai ünsiyyət və rabitə xərclərinə qənaət etdiklərini bildirən Şimşək, elektron yazışmalara keçidi tamamladıqlarını və elektron bildiriş sistemindən istifadəni genişləndirdiklərini bildirib. Qeyd edib ki, nəşrlər və hesabatlar kimi sənədləri çap etmək əvəzinə, onların elektron şəkildə paylaşılmasını təmin edəcəklər.

Mehmet Şimşək beynəlxalq görüşlər və milli bayramlar istisna olmaqla, səfərlər, kokteyllər, yeməklər və bu kimi fəaliyyətlərin təşkil edilməyəcəyini bildirib.

Dövlət qurumlarına gündəm, təqvim, lövhə və hədiyyələrin verilməsinin qadağan edildiyini ifadə edən nazir zəruri hallar istisna olmaqla, 3 il müddətində mebel, ləvazimat, ofis ləvazimatları təminatının dayandırılacağını deyib.

Bundan başqa, maşın və avadanlıqların təsərrüfat müddəti başa çatmadan istismardan kənarlaşdırıla bilməz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
2

1Mənbələr

Şərh ()
Bağla