AZ

İqtisadiyyatda müsbət tendensiya hansı sahələri əhatə edir?

Beynəlxalq təşkilat ölkəmizin 2024-cü il üçün iqtisadi inkişafına dair proqnozlarını açıqlayıb

İqtisadi inkişaf bütün digər sahələrin də inkişafı üçün təməl daşıdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu mənada, son 20 ildə Azərbaycanda iqtisadiyyatın şaxələnməsi və hərtərəfli inkişafı yeni  inkişaf modeli formalaşdırılıb. Məhz bunun nəticəsidir ki, ölkəmiz iqtisadiyyatın şaxələnməsinə maneə olan və hələ də bir çox ölkələrin əziyyət çəkdiyi  məşhur «Holland sindromu»ndan yan keçəməyi bacardı. Qeyd edək ki, «Holland sindromu» iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım (məsələn, təbii sərvətlər) ilə digər sektorlarda baş verən azalma (məsələn, istehsalat və ya kənd təsərrüfatı) arasındakı əlaqəni göstərmək üçün istifadə edilən termindir.

Burada fərz edilən mexanizm budur ki, inkişaf edən sektorda büdcə gəlirləri artdıqda həmin ölkənin milli məzənnəsi digər ölkələrin məzənnəsinə nisbətən daha çox gücə sahib olur. Bu, həmin ölkənin ixrac məhsullarının digər ölkələr tərəfindən daha baha qiymətə alınması, lakin digər sektorları daha az rəqabətli edərək bu sektordakı əmtəələri ucuz qiymətə idxal etməsi ilə nəticələnir.

Çox şükürlər olsun ki, Prezident İlham Əliyevin məqsədyönlü  iqtisadi siyasəti ölkəmizi bu bəlalardan qorumaqla bərabər, ona yeni inkişaf tempi gətirmişdi. Xüsusilə yeni iqtisadi inkişaf prioritetlərinin müəyyən edilməsi son onilliklərdə Azərbaycanı nəinki bölgənin lider ölkəsinə çevirmişdir, hətta dünyanın inkişaf etməkdə olan ölkələri sırasına çıxartmışdır.

Bəli, bu gün dünyada geosiyasi gərginliklərin davam etməsi, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin və risklərin artması şəraitində  2024-cü ilin yanvar-mart aylarında da Azərbaycan iqtisadiyyatında iqtisadi artım və şaxələnmə prosesləri davam etmiş, makroiqtisadi sabitlik hökm sürmüş, inflyasiyanın azalması meyilləri güclənmiş və ölkənin valyuta ehtiyatları artmışdır.

İqtisadiyyat Nazirliyinin mətbuat üçün açıqlalmalarında bildrilir ki, 2024-cü ilin yanvar-mart ayları ərzində ölkədə 29,1 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir. ÜDM-in 64,3faizi  qeyri neft-qaz sektorunun payına düşmüşdür.  Beləliklə əvvəlki ilin müvafiq dövrünə nisbətən qeyri neft-qaz sektorunda ÜDM 6,7 faiz artaraq 18,7 milyard manat olmuşdur.

Qeyri neft-qaz sektorunda yaradılan ÜDM-in 4,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 8,3 faizi qeyri-neft-qaz sənayesi, 9,3 faizi tikinti, 15,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 10,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,6 faizi informasiya və rabitə sahələrinin, 31,7faizi digər sahələrin payına düşmüşdür.

Sözügedən dövrdə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş sərmayənin 64,5 faizi və ya 2458,2 milyon manatı qeyri neft-qaz sektorunun inkişafına sərf edilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 3,8 faizi və ya 146,2 milyon manatı qeyri neft-qaz sənayesinə yönəldilmişdir.

2024-cü ilin sonunadək mövcud iqtisadi artımı daha dinamik şəkildə davam etdirmək üçün qeyri neft-qaz sektorunun  inkişafı priortet məsələ kimi nəzərdə tutulub. Xüsusilə kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən ciddi güzəştlər tətbiq edilir. Belə ki,  fermerlər üçün ən aşağı faizli subsidiyalar verilməklə yanaşı, onlara bir çox vergi güzəştləri tətbiq edilir. Eyni zamanda, onların kənd təsərrüfatı texnikaları və  dərman vasitələri ilə vaxtlı -vaxtında  təmin edilməsi üçün həm texnikaların, həm də aqrolizinqlərin sayı artırılıb. Məqsəd ölkənin  ərzaq təhlükəsizliyinin təmin edilməsinin gücləndirilməsidir.

Ölkəmizdəki iqtisadi artımları proqnozlaşdıran  beynəlxalq  «Fitch Group» təşkilatının «Fitch Solutions» (FS) şirkəti 2024-cü ildə Azərbaycanda iqtisadi artımın 3,1 faiz olacağı, nominal ÜDM-in 168,6 milyard manata, adambaşına düşən ÜDM-in isə 16 115 manata çatacağını proqnozlaşdırır. Görünən odur ki, ölkəmiz cari ildə iqtisadi inkişafa müsbət dinamika ilə başladığı kimi sonunu da müsbət göstəricilərlə başa vuracaq.

Elçin Zaman, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134

1Mənbələr

Şərh ()
Bağla