AZ

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində milli musiqi axşamı təşkil olunub

Vyana, 14 may, AZƏRTAC

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin təsis edilməsinin 11-ci ildönümünə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova yarandığı gündən indiyədək mərkəzin fəaliyyətinə nəzər salıb, önəmli layihə və tədbirlərdən söz açıb. Bildirilib ki, Azərbaycan mədəniyyətinin Avstriyada təqdimatında və iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayan mərkəz, eyni zamanda, Azərbaycan dilinin həm əcnəbilər üçün tədrisini, həm də Avstriyada yaşayan soydaşlarımızın övladları üçün həftəsonu kurslarını təşkil edir.

Vurğulanıb ki, Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan tarixinin önəmli gün və hadisələrini daim diqqət mərkəzində saxlayır. Bu günlərdə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda görkəmli siyasətçi Heydər Əliyevin anadan olmasının 101 illiyi, həmçinin onun adını daşıyan, Azərbaycan mədəniyyətinin təbliğində əvəzsiz xidmətlər göstərən Heydər Əliyev Fondunun 20 illik yubileyi qeyd edilir.

Sonra Avstriyada yaşayan azərbaycanlı musiqiçilər Abuzər Manafzadə (fortepiano), Günel Şirinova (sopran) və Ümid Gürci (bariton) Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər. Eləcə də A.Manafzadə yeni işıq üzü görmüş “İnsomnia“ albomundan bir neçə əsər ifa edib və Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi fəaliyyətə görə imzalı diski Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya təqdim edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
1
azertag.az

2Mənbələr