AZ

“Lənkəranın sevincini yenidən bərpa etmək lazımdı” - Mario Souza da Azərbaycanda çalışmaq istəyir

Uzun müddət Azərbaycanda çıxış etmiş legionerlərdən biri də Mario Souzadı.

Braziliyalı forvard ölkəmizdə “Xəzər-Lənkəran”, “İnter” və “Simurq” kimi klubların formasını geyib. Burda isə onun qazandığı əsas uğurlar “Xəzər-Lənkəran”la bağlıdı. Belə ki, hücumçu Lənkəran təmsilçisinin heyətində çıxış etdiyi illərdə həm “Birlik kuboku”nu, həm də ölkə kubokunu başı üzərinə qaldırıb. Hücumçu 26 qola imza ataraq “Xəzər-Lənkəran” tarixinin 4-cü ən məhsuldar futbolçusu kimi yadda qalıb. Azərbaycandan gedəndən sonra futbolçu karyerasını bitirən Mario ilə əlaqə saxladıq.

- Uzun müddətdi ölkəmizdən ayrılmısan. Hazırda nə ilə məşğulsan?
- Karyeramı bitirəndən sonra da futbolla əlaqəmi bitirmədim. Hazırda skaut/vasitəçi kimi fəaliyyətimə davam edirəm. Yenə də öz sahəmdə çalışıram.

- Azərbaycan premyer-liqasını izləyirsən?
- Bəli, xüsusən də “Qarabağ”ı, o komanda indi fantastikdi.

- “Qarabağ”ın Avropa Liqasındakı oyunlarını izlədin? Bir Azərbaycan klubunun Avropadakı çıxışını və komandanın indiki durumunu necə səciyyələndirirsən?
- Əlbəttə, bütün oyunlarını izlədim. “Qarabağ” artıq sistemləşdirilmiş klubdu. 15 ildən artıqdıeyni məşqçiylə davam edir. Klubda təşkilatçılıq çox yüksək səviyyədədi. Bunu hər kəs görə bilər.

- Bir vaxtlar formasını geydiyin, uğurlara imza atdığın “Xəzər-Lənkəran” artıq yoxdu.
- Klubun fəaliyyətini dayandırmasına nəyin səbəb olduğunu, detallarını bilmirəm. Sadəcə, buna üzülürəm. Amma ümid ölməyib. İnanıram ki, bir gün həmişəkindən daha güclü şəkildə meydana qayıdacaq. Mən həmişə “Xəzər-Lənkəran”ı və ordakı yaddaqalan anlarımı xatırlayacam. Çünki “Xəzər-Lənkəran” bir sevgidi.

- Hazırda “Xəzər-Lənkəran”ın fəaliyyətini bərpa edəcəyi, qayıdacağı ilə bağlı söz-söhbət dolaşır. Bu mümkün olarsa, Azərbaycana qayıdıb, sevimli klubunda işləmək istəyərsən?
- Mənim üçün çox böyük sevinc olardı. Bütün sevgimlə işləyib, daha çox iş ortaya qoyardım. Təbii ki, yenidənqurma heç vaxt asan olmur və olmayacaq da. Lakin güc həmişə daha böyükdü. Çünki azarkeşlərin sevgisi yoluxucudu.

- “Xəzər-Lənkəran”la qazandığın titulları xatırlayırsan?
- Əlbəttə, hər şeyi xatırlayıram. Elə günləri unuda bilmərəm. Yadımdadı ki, azarkeşlərimiz 12-ci oyunçumuz idi. Gözəl anlarımız çox olub.

- Vaxtilə komanda yoldaşın olmuş, “Xəzər-Lənkəran”da sənlə tandem təşkil edən Dieqo Qusmaonu xatırlayırsan?
- Bəli, yaxşı futbolçu idi. Artıq uzun müddətdi onunla əlaqəm yoxdu. Ümid edirəm ki, kişi kimi böyüyüb.

- Klubun fəxri prezidenti Mübariz Mənsimov yaddaşında necə biri kimi qalıb? Onun qədər səxavətli klub rəhbəri görmüsən?
- O kişi barədə sözlər yetərsizdi. Bir alicənab insan, döyüşçü və ya qəhrəman haqda nə deyə bilərəm?! Şəxsiyyətini bilmirəm, amma inanıram ki, bu insan Allah tərəfindən hidayət olunur. Bir də görürsən ki, böhranın ortasında yenidən doğulur və hər şeyin mümkün olduğunu göstərir. O, hər kəs üçün gözəl nümunədi.

- Bir neçə il Azərbaycanda oldun, Lənkəranda yaşadın. Burda diqqətinizi ən çox nə cəlb etdi?
- Lənkəran adamların futbola həvəsli olduğu, böyük maraq duyduğu sadə şəhərdi. Lənkəranın sevincini yenidən bərpa etmək lazımdı.

- Bəs “Xəzər-Lənkəran”ın əzəli rəqibi olmuş “Neftçi” haqda nə düşünürsən? Hazırda bakılıların da durumu yaxşı deyil.
- “Neftçi” çox böyük klubdu. Sadəcə, orda təşkilatçılıq yoxdu. Dünyada təşkilatçılıq olmayan heç bir klub firavan deyil. Amma şübhəsiz, “Neftçi” böyük klubdu.

- Qısa müddət ərzində “İnter” və “Simurq” kimi klublarda da forma geydin. Orda keçirdiyin dövrlə bağlı nə deyə bilərsən?
- Məncə, çox deyil, amma gözəl dostlar qazandım.

- “Xəzər-Lənkəran”ın sabiq azarkeşləri səni sevir. Burdan onlara nə demək istəyərdin?
- Hər şeyə görə çox sağ olun. Heç vaxt arzularınızdan əl çəkməyin. Yenidən ayağa qalxa bilərsiz. Sadəcə, bunun üçün sona qədər inanın. Siz nəhəngsiz, yenə də cəsarətli olun və xəyal qurmağa davam edin. Sizi sevirəm.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
football-plus.az

1Mənbələr