AZ

“Dədə Qorqud” jurnalının xüsusi buraxılışı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun Kərkükün milli tədqiqatçısı Əta Tərzibaşının anadan olmasının 100 illiyinə həsr edilən xüsusi buraxılışı çapdan çıxıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu sayında Əta Tərzibaşı haqqında maraqlı elmi məqalələr, İraq-türkman folkloruna dair araşdırmalar və nümunələr dörd bölmədə öz əksini tapıb.

Toplunun “Kərkükün milli tədqiqatçısı Əta Tərzibaşı” rubrikasında “Əta Tərzibaşı: həyatı və ədəbi şəxsiyyəti”, “Folklorşünas alim Əta Tərzibaşının İraq-türkman ədəbiyyatına və folkloruna dair araşdırmaları”, “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti mətbuatda” başlıqlı yazılar oxucuların ixtiyarına verilib.

Jurnalın “Folklorşünas alim Əta Tərzibaşı haqqında araşdırmalar” bölməsində akademik İsa Həbibbəylinin “Kərkük ədəbiyyatşünaslıq dünyasının zirvəsi”, akademik Muxtar Kazımoğlu-İmanovun “Əta Tərzibaşı araşdırmalarında xoyrat və manilərin yeri”, professor Qəzənfər Paşayevin “Yazılı və şifahi ədəbiyyatda Əta Tərzibaşı fenomeni” mövzularında tədqiqatları yer alıb. Həmçinin Milli Məclisin deputatı Sabir Rüstəmxanlının “Əta Tərzibaşı – 100: Kərkükün sönməz türk ocağı”, Şəmsəddin Kuzəçinin “Kərkükün milli tədqiqatçısı Əta Tərzibaşı”, dosent Afaq Ramazanovanın “Əta Tərzibaşı və “Arzu-Qəmbər” dastanı”, dosent Səkinə Qaybalıyevanın “İraq-türkman folkloru Əta Tərzibaşının tədqiqatlarında”, dosent Şakir Albalıyevin “Əta Tərzibaşı təzkirəçi və folklorşünas kimi”, Orxan İsayevin “Əta Tərzibaşı publisistikasının əsas xüsusiyyətləri” mövzularında tədqiqatları təqdim olunub.

“İraq-türkman folkloruna dair araşdırmalar” rubrikasında Ramazan Qafarlının “İraq-türkman folklorunun ümum-Azərbaycan poetik şifahi xalq yaradıcılığı ilə tipoloji müqayisəsi və özəllikləri (laylalar və bayatılar əsasında)”, professor Əfzələddin Əsgərin “Böyük türkmanlar və müasir türk xalqları”, professor Elman Quliyevin “Əbdüllətif Bəndəroğlunun həyatı və yaradıcılıq istiqamətləri”, dosent Oruc Əliyevin “İraq-türkman nağıllarının ideya-bədii xüsusiyyətləri haqqında”, filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovun “Arzu-Qəmbər” dastanının mifosofiyası (İraq-türkman folklorundan)”, filologiya üzrə fəlsəfə doktoru Xalidə Şaiqqızının (Məmmədova) “İraq türkmanlarının folklorunda doğuluş inancları”, Ülkər Dadaşovanın “İraq-türkman folklorunun bədii nümunələrində semantik forma” başlıqlı məqalələri ilə tanış olmaq mümkündür.

Jurnalın “İraq-türkman folklorundan yeni nümunələr” rubrikasında isə xoyratlar, sazlamalar, inanclar və dualar təqdim olunub.

Xatırladaq ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
tehsil.biz

3Mənbələr