AZ

Şuşa doğma sakinlərini qarşılayır ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva may ayının 10-da öz doğma şəhərlərinə-Şuşaya qayıtmış ilk sakinlər ilə görüşmüşlər.

Səmimi şəkildə keçən görüşdə cənab Prezident bir çox məsələlər barədə öz fikrini açıqlamış, həmçinin sakinlərlə fikir mübadiləsi aparmışdır. Biz heç vaxt müharibə istəməmişik, lakin xarici qüvvələrin haqsız olaraq himayədarlıq etdikləri Ermənistanda hələ də revanşist qüvvələr yenidən Cənubi Qafqazda müharibəni alovlandırmaq cəhdləri edirlər. Fransa və Amerika bilməlidir ki, bu bölgədə Azərbaycanın iradəsindən kənar heç bir məsələ həllini tapa bilməz. Bu qüvvələr Şuşanı nə qədər erməni şəhəri etməyə çalışsalar da, xarici qüvvələri bu cəhdi baş tutmamışdır.

Cənab Prezident Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinə toxunaraq bildirib: “Biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik.”

İstər 44 günlük Vətən müharibəsində, istərsə də 23 saatlıq antiterror əməliyyatlarında ordumuz 30 ildən artıq düşmən tapdağında olan torpaqlarımızı erməni işğalçılarından azad edərək, tarix yazıblar. Artıq Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda tarixi ədalət bərpa edilib və 3 rəngli bayrağımız həmin yaşayış məntəqələrində dalğalanır.

Bu gün Şuşa böyük tikinti meydançasını xatırladır. Füzulidən Şuşaya Zəfər yolu çəkilib, Şuşada yaşayış evləri , mehmanxanalar, tarixi abidələr, 3 məscid bərpa olunub, daha 2 məsciddə bərpa işləri davam edir. Azərbaycanın böyük şairi Vaqifin məqbərəsi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış abidəsi bərpa edilib, Üzeyir Hacıbəyovun və Mehmandarovun evi bərpa olunur. Əhalinin məskunlaşması üçün bütün infrastrukturlar qurulmuşdur. Bu gün Şuşaya qayıtmış ilk sakinlərin rahat yaşamaları üçün bütün lazimi şərait yaradılmışdır.

Böyük Qayıdış proqramı nəticəsində Şuşaya və digər yaşayış məntəqələrimizə məcburi köçkünlərin qayıdışı bu il daha böyük vüsətlə həyata keçiriləcəkdir.

Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır. Vaxt gələcək ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək.

Bu gün Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Xatırladaq ki, ötən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Bəli, Azərbaycanın Mədəniyyət beşiyi olan Şuşa özünün ən parlaq dövrünü yaşayır. Bir neçə ildən sonra bu gözəl diyar dünyanın ən cəlbedici turizm məkanı kimi turistləri qəbul edəcək.

Nazim BÜNYATOV,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
sesqazeti.az

1Mənbələr