Bakı Metropolitenində bank kartları ilə ödəniş etmək mümkün olacaq.

İndex.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

İndex.az-a danışan Bəxtiyar Məmmədov bildirib ki, Bakı Metropolitenində gedişhaqqının çeşidli üsullarla ödənilməsi istiqamətində davamlı olaraq tədbirlər aparılır:

“Bakı Metropolitenində “QR bilet” və “M10″ tətbiqi üzərindən ödənişlərin həyata keçirilməsi təşkil edilib. Gedişhaqqının bank kartları vasitəsi ilə ödənilməsi üçün isə tədbirlər görülür. Hətta qeyd edim ki, hazırda texniki dizayn məsələlərinin sonuncu mərhələsi yekunlaşmaq üzrədir. Bakı Metropolitenində bununla bağlı bir sıra sınaqlar təşkil edilib və bu sınaqlar uğurla başa çatıb. İşlər mərhələli şəkildə həyata keçiriləcək”.

Bəxtiyar Məmmədovun sözlərinə görə, yeni ödəniş üsulunda əsas diqqət sərnişinlərin təhlükəsizliyinə yönəlib:

“Yeni ödəniş üsulunda prosedur qaydaları, müvafiq qanunvericilik və müvafiq normativlər təhlil edilərək son yoxlama işləri həyata keçirilir. Bakı Metropoliteni sərnişinlərin kütləvi şəkildə istifadə etdiyi nəqliyyat vasitəsi olduğuna görə, bu məsələlərə xüsusi həssaslıqla yanaşılır. Nəzərinizə çatdırım ki, bank kartlarından sonra NFC sistemlərinin də tətbiq olunması gözlənilir. Sərnişinlərin Bakı Metropolitenindən rahat istifadə etməsi üçün bütün mümkün şərtlər və qaydalara əməl etməyə çalışacağıq”.

Qeyd edək ki, Bəxtiyar Məmmədov bank kartlarına keçidin nə zaman baş verəcəyi ilə bağlı dəqiq vaxt bildirməsə də, çox qısa müddətdə olacağını bildirdi.