AZ

Koç namizəd oldu, Saran geri çəkildi

“Fənərbaxça” camiəsinin prezident seçkisinə hazırlaşdığını və Səadəttin Saranın namizədliyini irəli sürdüyünü xəbər vermişdik.

Amma həftəsonu bu mövzuda bəzi yeniliklər oldu. İlk növbədə 2018-dən bəri “Fənər”in başqanı vəzifəsini icra edən Əli Koçun yenidən namizədliyini irəli sürdüyünü bildirək. Hadisələrin belə axarından sonra Saran qərarını dəyişərək namizədliyini geri götürdüyünü açıqladı! Çünki o, daha öncə Əli Koça rəqib olmaq istəmədiyini və Koçun yer alacağı seçkidə namizəd olmayacağını vurğulamışdı. Əli Koçun özünə gəlincə, onun namizədliyini açıqlaması bəziləri tərəfindən təəccüblə qarşılandı. Çünki 6 illik dönəm ərzində bu başqan komandanın çempionluq həsrətinə son qoya bilmədi. 2018-dən bəri “Fənər” yalnız bir titul qazanıb. Söhbət ötən mövsüm qazanılan ölkə kubokundan gedir. Bu mövsümü isə “sarı-lacivərdlilər” növbəti dəfə titulsuz tamamlamaq üzrədilər. Bundan başqa, 57 yaşlı Koç fevralın 3-də keçirilən aylıq toplantı zamanı prezidentliyə namizəd olmayacağını bildirmiş və “dəstəyiniz üçün təşəkkür edirəm. Çox qürurlandım, amma Allahın köməyi ilə iyunda yeni prezidentimiz olacaq. Namizədlər dərhal ortaya çıxsınlar. Onlara hər cür dəstək verməyə hazıram” ifadələrini işlətmişdi. Göründüyü kimi, cəmi üç aydan sonra Koç fikrini 180 dərəcə dəyişib!

Türkiyə mətbuatının yazdığına inansaq, Koç idarə heyətində ciddi dəyişikliklər etmək niyyətindədi. Belə ki, başqan indiki idarə heyətindən ən azı 5-6 nəfəri dəyişəcək. Bu arada “Fənərbaxça Könüllülər Dərnəyi”geniş bir bəyanat yayaraq Koçun namizədliyini irəli sürməsinə etiraz edib. Bəyanatda Koçun bir neçə ay öncə işlətdiyi “mən prezident olduğum müddətdə “Fənərbaxça”ya çempion olmağa imkan verməyəcəklər” ifadəsi xatırladılıb. Ona görə də dərnək Koçdan yenidən namizəd olmasının səbəbini ətraflı şəkildə camiəyə izah etməsini istəyib. Bəyanatda Koça “çempion olmağımızın önündəki maneələr artıq aradan qalxıbmı?

Son 6 ildə etdiyinizdən nəyi fərqli edəcəksiz ki, biz yenidən çempionluğu qazanaq” sualları ünvanlanıb. Bu arada “Fənər”in srağagün “Kayserispor”a qarşı ev matçının 74-cü dəqiqəsində fanatların “rəhbərlik istefa” təzahüratını səsləndirməsi diqqətdən qaçmadı. Həmin məqamda azarkeşlər arasında “Əli Koç istefa” sədaları da eşidildi və hətta Əziz Yıldırımın da lehinə təzahüratlar oldu. Bundan başqa, bazar günü Kadıköydə dirəklərə Əziz Yıldırımın posterlərinin yapışdırılması da diqqət çəkdi. Posterin üzərində “namizəd ol, Əziz Yıldırım” sözü yazılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
football-plus.az

1Mənbələr