AZ

Almatı görüşü bir daha sübut etdi ki...

Şübhəsiz, sərhədlərin delimitasiyası, hətta demarkasiyası prosesinin baş­lanması, 1990-cı və 1992-ci illərdə işğal edilmiş Qazax rayonunun dörd kəndinin qaytarılması Azərbaycanla Ermənistan arasındakı anlaşmanın müsbət nəticəsidir. Bu, bir daha sübut edir ki, Bakı və İrəvan istənilən xarici oyunçunun “vasitəçilik xidməti”ndən yararlanmadan öz aralarında bütün problemləri həll etməyi bacara bilərlər. Cənubi Qafqazda sülhün bərpasına əngəl törədənlər də gördülər ki, onların bu prosesdə iştiraklarına heç bir ehtiyac yoxdur. İki ölkə öz məsələlərini özləri həll edə bilər.

Mayın 10–11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də bunu bir daha təsdiq edir. Həmin görüşlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayan nazirlər “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar. Şübhəsiz, bu da sülh müqaviləsinin imzalanması istiqamətində növbəti  bir addımdır. 

Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan da İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının  xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə birgə mətbuat konfransında Almatıda danışıqların konstruktiv mühitdə keçdiyini vurğulayıb: “Ermənistanla Azərbaycan arasında sazişin imzalanması regionda sabit və dayanıqlı sülhün bərqərar olmasına töhfə verəcək”. Ermənistanın baş naziri Nikol Paşinyan isə Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatdığını bildirib. Hər iki tərəfin açıqlamalarından belə anlaşılır ki, tərəflər sülhə kifayət qədər yaxındırlar.

Yeri gəlmişkən qeyd edək ki, Cənubi Qafqaza səfəri çərçivəsində mayın 14-də ölkəmizdə səfərdə olan İan Borqun başçılı etdiyi nümayəndə heyətini qəbul edən Prezidenti İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib. Dövlət başçısı qeyd edib ki, hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin  Almatıda keçirilən görüşünün  necə keçməsinə dair yeni məlumatı olmasa da, ölkəsinin regionda sülh prosesini dəstəkləməyə davam edəcəyini bildirib.  Digər dövlətlər, o cümlədən Fransanın Xarici İşlər Nazirliyi də Almatıda danışıqların növbəti raundunun keçirilməsini alqışladığını bəyan edib. Yeri gəlmişkən qeyd edək ki, Emmanuel Makron hökuməti ilk dəfə olaraq iki ölkə arasında gedən sülh danışıqlarına belə müsbət reaksiya verib. Şübhəsiz, Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənmək niyyətində olan Fransanın alqışlarının nə qədər səmimi olub-olmamasını zaman göstərəcək. Çünki bu, bir həqiqətdir ki, rəsmi Paris hələ də Ermənistanı dəstəkləməkdə, Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdə davam edir. Amma əminliklə vurğulamaq olar ki, bu, rəsmi Parisin Azərbaycan həqiqətləri qarşısında öz mövqeyindən geri çəkilməsi deməkdir.

Bu, bir faktdır ki, bəzi Qərb dövlətləri, o cümlədən Fransa Ermənistanın sülhə qənim kəsilən və saxta vətənpərvərlik “zəngulə”ləri vuran revanşist və separatçı qüvvələrini, həmçinin kilsəni Azərbaycana qarşı təxribatlara təhrik edirlər. Onlar unudurlar ki, Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayan, hərbi potensialı məhv edilən  Ermənistan nə revanş almaq, nə də reallığı dəyişdirmək iqtidarındadır. Hadisələrin gedişatı isə göstərir ki, avantürist qüvvələrin cəhdləri mənasızdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar: “Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır”. Yəqin, Ermə­nistan və havadarları Prezident İlham Əliyevin Cənubi Qafqaz regio­nunun gələcək inkişafı baxımından son dərəcə önəmli olan  bu və digər mesajlarından nəticə çıxaracaqlar. Birdəfəlik anlayacaqlar ki, artıq bölgədə sülhün alternativi yoxdur.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
262
ikisahil.az

1Mənbələr