AZ

Modriç və komandası - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 30 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir. Bu həftə B qrupunun komandalarını nəzərdən keçiririk. “Ölüm qrupu”nun favoritləri İspaniya ilə İtaliya hesab edilsə də, Xorvatiya hamının çəkindiyi rəqibdir.

7-ci cəhd
Balkanlılar dünyanın ən güclü yığmaları sırasında möhkəmlənib. Amma “damalılar” Avropa səhnəsində heç cür uğur qazana bilmir. Düzdür, yığma 7-ci dəfə qatıldığı final mərhələlərinin daimi iştirakçısına çevrilib. Xorvatiya XXI əsrdə heç vaxt yarışdan kənar qalmayıb. Amma yığma nəticələri ilə azarkeşlərini sevindirə bilmir. AVRO-1996 və AVRO-2004-dəki 1/4 final ən yaxşı nəticədir. Son iki yarışda 1/8 səddini keçə bilməyən balkanlılar 2012-ci ildə qrupda qalıb.

“Qızıl nəslin” qızıl arzusu
AVRO-2024 Xorvatiya futbolunun “qızıl nəsli” üçün son böyük turnir olacaq. Luka Modriç və digər “qocalar” çətin ki, bir də final mərhələlərində görünsün. Zlatko Daliç kimi güclü baş məşqçiyə malik yığma son iki dünya çempionatında mükafatçılar sırasında yer alıb. 2018-ci ilin vitse-çempionu dörd il sonra bürünclə kifayətlənib. Gümüş və bürüncü olan “qızıl oğlan”lar kolleksiyalarını qızılla tamamlamaq niyyətindədirlər. Amma bu, heç də asan olmayacaq.

“10 nömrə” ilə irəli
Xorvatiyanın həm seçmə mərhələdə, həm qrupda bəxti o qədər də gətirməyib. Güclü Türkiyə və Uels milliləri ilə mübarizədə rəqiblərinin hərəsinə bir dəfə uduzan balkanlılar britaniyalılardan cəmi 1 xal qoparıb. Çətinliklə ikinci olan Zlatko Daliçin yetirmələri final mərhələsində də “Ölüm qrup”una düşüb. Son Avropa çempionatının 1/8 finalında əlavə vaxtda uduzduqları İspaniyadan revanş almaq, son çempion İtaliyanı dayandırmaq kimi vəzifələrin öhdəsindən gəlinməlidir. Komandanın yetərincə yaşlı olması azmış kimi iki əsas mövqedə axsama da hiss olunur. Millətlər Liqasının son finalçısı qapıçı və mərkəz hücumçusu sarıdan favoritlərdən xeyli geri qalır. Amma dünyanın ən yaxşı “10 nömrələri”ndən biri kimi tarixə düşən Modriç bu yaşında da komandasını arxasınca daşımaya çalışacaq.

Xorvatiya millisinin qrupdakı oyunları:
15 iyun. İspaniya - Xorvatiya
19 iyun. Xorvatiya - Albaniya
24 iyun. Xorvatiya – İtaliya

Qeyd edək ki, B qrupunun görüşləri 6 fərqli şəhərdə - Berlin, Dortmund, Hamburq, Helzenkirhen, Düsseldorf və Leypsiqdə keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
idman.biz

1Mənbələr