AZ

PREZİDENT İLHAM ƏLİYEV: «Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq» - ŞƏRH

Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı söyləyib: «Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq».

«Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin”, – deyə dövlət başçısı qeyd edib.

Bəli, daim sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmiz bu gün də yeni reallıqlar fonunda bölgədə sülh, təhlükəsizlik, sabitlik, inteqrasiya və əməkdaşlıq mühitini gücləndirmək üçün strateji təşəbbüslərlə çıxış edir. Eyni zamanda Azərbaycan regionda çoxtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarı olaraq bu məsələdə prinsipial geosiyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin müəllifi olduğu yeni regional geosiyasi mənzərə təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri və dünya siyasətinin güc mərkəzləri üçün də mühüm dividentlər vəd edir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, işğalçı Ermənistanın sərsəm iddialar irəli sürməklə hər vəchlə sülh prosesindən yayınmağa çalışsa da, sülhə gəlməkdən başqa çarəsi yoxdur. Bu gün Azərbaycan reallıqlarını dünya görür və qəbul edir. Ölkəmizin yaratdığı yeni reallıqlarla Ermənistan və digər ölkələr də hesablaşmalıdır.

Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə çıxışlarında, müsahibələrində dönə-dönə bildirir ki, Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində Azərbaycan xalqının humanitar böhranla üz-üzə qaldığına konkret faktlar və rəqəmlərlə işğalçı dövlətin təcavüzkaolığı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. İşğalçı Ermənistan 30 il ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, əsassız, beynəlxalq hüququn normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan əslində işğal nəticəsində yaranan keçmiş status-kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi. Xüsusilə qeyd edilməlidir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırılmasının şahidi olsalar da, riyakarcasına davranaraq Ermənistanı heç vaxt qınamayıblar. 28 illik “fəaliyyəti” dövründə Minsk qrupu tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İstər 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə, istərsə də postmünaqişə mərhələsində ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlətləri ölkəmizə qarşı qərəzli mövqelərini açıq-aşkar büruzə verirlər.

Prezident İlham Əliyev mayın 10-da Şuşa sakinləri ilə görüşü zamanı çıxışında bir daha bildirdi ki,, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk Qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin.

Dövlət başçısı bir daha vurğuladı ki, Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik.

Beləliklə, Azərbaycan sülhə, sülh danışıqlarına sadiqdir və sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Çünki Azərbaycan öhdəliklərinə də sadiq ölkədir. Və əgər Ermənistan həqiqətən sülh istəyirsə, öhdəliklərinə tam şəkildə əməl etməli və ikitərəfli danışıqlar formatında Azərbaycanla razılığa gəlməlidir. Çünki bu gün diktəni edən qalib ölkə və qalib ölkənin Qalib Lideri Prezident İlham Əliyevdir və Onun dediyi söz imzası qədər keçərlidir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
1
sesqazeti.az

2Mənbələr