AZ

Azərbaycan Müstəmləkə altında olan ölkələrə və xalqlara müstəqillik verilməsi ilə bağlı Xüsusi Komitənin tədbirində təmsil olunur

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan BMT-nin Müstəmləkə altında olan ölkələrə və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış Xüsusi Komitəsinin (C-24) regional tədbirində təmsil olunur.

AZƏRTAC xəbər verir ki, bu Komitənin iclasına müstəqillik tarixində ilk dəfə qatılan Azərbaycanı Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin əməkdaşı Fərid Soltanov təmsil edir.

Tədbirdə çıxış edən F.Soltanov Azərbaycanın 2019-2023-cü illərdə sədrlik etdiyi, hazırda isə “Troyka”nın üzvü olduğu Qoşulmama Hərəkatında fəal iştirakından və verdiyi töhfələrdən söz açıb. Bu xüsusda ölkəmizin Hərəkata sədrliyi çərçivəsində çoxtərəflilik prinsiplərini təşviq etdiyini, habelə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradılmasının təşəbbüskarı olduğunu xatırladıb.

O, ölkəmizin XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürlərinin artmasından narahatlığını tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nüfuzlu beynəlxalq kürsülərdə bu mövzunu mütəmadi olaraq qaldırması, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv olunması məsələsini təşviq etməsi keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan xalqlar tərəfindən rəğbətlə qarşılanıb”.

Azərbaycan rəsmisi xatırladıb ki, dekolonizasiya istiqamətində son illər ölkəmizin atdığı addımlar müstəmləkəçilikdən azad olmağa çalışan xalqlarda, eləcə də müstəqilliklərini əldə etmələrinə baxmayaraq, hələ də neokolonializmdən əziyyət çəkən dövlətlərdə və ərazilərdə, Fransanın dənizaşırı ərazilərində böyük inam yaradıb. Kolonializmə qarşı institusional və nəticə yönümlü mübarizə aparmaq məqsədilə Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər görüşü çərçivəsində iştirakçıların təklifi ilə Bakı Təşəbbüs Qrupu (BTQ) adlı beynəlxalq QHT yaradılıb. Kolonializmin və neokolonializmin ağır fəsadları, müstəmləkə altında yaşayan xalqların fundamental hüquqlarının kobud şəkildə pozulması halları, insanların azadlıqlarının məqsədli şəkildə məhdudlaşdırılması, məqsədyönlü assimilyasiya siyasəti Azərbaycan dövlətinin dekolonizasiya sahəsində siyasəti nəticəsində dünya ictimaiyyətinin diqqətinə çatdırılır, BMT, Qoşulmama Hərəkatı və digər mötəbər tribunalarda qaldırılır.

F.Soltanov Azərbaycan Respublikası Prezidentinin Bakı Təşəbbüs Qrupunun 2023-cü ilin oktyabr və noyabr aylarında “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” və “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzularında təşkil etdiyi beynəlxalq konfransların iştirakçılarına ünvanladığı müraciətlərə istinad edərək, onların BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayıldığını diqqətə çatdırıb.

Sonda C-24 Komitəsi, o cümlədən Komitəyə üzv ölkələr kolonializmə və neokolonializmə qarşı mübarizədə Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlığa dəvət edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
2
azertag.az

4Mənbələr