AZ

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb - Fotolar

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Namiq Babayev və digər rəsmi şəxslər iştirak ediblər. 

Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov sözügedən müsabiqənin artıq bir ənənəyə çevrildiyini vurğulayıb. O bildirib ki, müsabiqə qaliblərinin bilik və bacarıqları sayəsində qazandıqları bu mükafat onların həyatında əhəmiyyətli yer tutmaqla yanaşı, gələcək hədəflərinin müəyyənləşməsində də mühüm rol oynayacaq. 

Müsabiqə qaliblərini təbrik edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə Elm və Təhsil Nazirliyi tərəfindən şagirdlər arasında təşkil olunan müsabiqələr barədə tədbir iştirakçılarına məlumat verib. Məktəblilər arasında keçirilən Respublika Fənn Olimpiadalarının əhəmiyyətinə toxunan Emin Əmrullayev bildirib ki, bu olimpiadalar şagirdlərimizin gələcəkdə dünyanın nüfuzlu ali təhsil müəssisələrində oxumalarına imkan yaradır. 

Şagirdlərimizin təkcə müxtəlif fənlər üzrə bilik və bacarıqlara yiyələnməsi deyil, eyni zamanda öz tarixlərini, milli kimliklərini öyrənməsini vacib sayan Emin Əmrullayev “Qərbi Azərbaycana qayıdış” olimpiadasını da bu qəbildən olan müsabiqələrdən biri kimi qiymətləndirib. 

Sonda Qarabağda bərpa edilən təhsil ənənələrinə toxunan Emin Əmrullayev müsabiqə qaliblərini Qarabağ Universitetinin tələbəsi olaraq görmək arzusunu da dilə gətirib. 

Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov öz növbəsində ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı üçün misilsiz xidmətlərindən söz açıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gənclərimizin göstərdiyi qəhrəmanlığı xatırladan Tahir Budaqov çıxışının sonunda qalibləri təbrik edib. 

Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri əsasında 7 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika incəsənət gimnaziyası şagirdlərinin və 3 nömrəli Respublika Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupunun ifasında musiqi nömrələri səsləndirilib, rəqslər nümayiş etdirilib.

Qeyd edək ki, müsabiqə  Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilib.







Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
3
qafqazinfo.az

4Mənbələr