AZ

Birbaşa çatdırılma bahalaşdı, karqo şirkətləri daşıma xərclərini ucuzlaşdırdı – “Trendyol” ətrafında nə baş verir?

“Trendyol”un Azərbaycana birbaşa çatdırılma ilə bağlı qiymətləri qaldırması onun öz qərarıdır. 

 “Şirkətlər qiymətlərini müəyyənləşdirməkdə sərbəstdirlər. Bunu alıcıların istəyi müəyyən edə bilməz”. 

Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli “Trendyol”un birbaşa çatdırılma qiymətlərini artırması fonunda bəzi karqo şirkətlərinin çatdırılma qiymətini ucuzlaşdırmasını şərh edərkən deyib.

Xalid Kərimlinin sözlərinə görə, şirkətin bir strategiyası, portfeli var, qiymət siyasətini də ona görə formalaşdırırlar:

“Alıcılar isə yalnız qiymətlərdən razı qalmasa rəqib şirkətlərin xidmətindən istifadə edə bilərlər. Yəni alıcı şirkəti bu formada cəzalandıra bilər. Alıcının şirkətə ən böyük cəzası, təsiri  onun həmin şirkətin xidmətindən istifadəni dayanıb, rəqib şirkətlərlə əməkdaşlıq etməsidir”. 

İqtisadçı qeyd edib ki, görünür, şirkət qiymət artımı ilə çatdığı müştəri sayını artırmağı fikirləşmir: 

“Fikirləşir ki, xidmətim və keyfiyyətim bəllidir, indi isə pul qazanmaq zamanıdır. Hər zaman belə olur ki, ucuz qiymət siyasəti bazarı tutmağa hesablanır. Daha sonra isə qiymətlər artırılaraq pul qazanılır”. 

“Bu qərarın verilməsində Azərbaycanda fəaliyyət göstərən bəzi türk markalarının da narazılığı səbəb ola bilərmi” sualına cavab olaraq ekspert bildirib ki, onların  narazılığı qiymət artımı ilə bağlı deyil,  onlar ümumiyyətlə bu məhsulların “Trendyol” vasitəsi ilə gətirləməsinin qadağan edilməsini istəyirlər:

“Bununla da bağlı şikayətlərini “Trendyol”un baş ofisinə bildirə bilərlər. Azərbaycanda mağazaları olan bəzi türk markaları istəyirlər ki, məhsullarını özləri ölkəyə gətirib mağazalarında eksklüziv satsın. “Trendyol”isə onlara rəqabət və problem yaradır .Yəni, düşünmürəm ki, qiyməti artırmaqla bu cür markaların istəklərinə oynasınlar. Çünki “Trendyol” bazarı yaxşı bilir, analiz imkanları var, hədəfi də var. Əvvəl qarşısına daha çox müştəri cəlb etmək qoyurdusa, indi isə daha çox pul qazanmağı qoya bilər və buna görə də qiymət artımına gedə bilər”. 

Qeyd edək ki, “Trendyol Azərbaycan “ şirkətinin açıqladığı məlumatlara görə, daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyi olub. Yeni qaydalara əsasən, məhsul çeşidinin çox kiçik bir hissəsində müxtəlifhəcmli bağlamaların qiyməti fərqlənir. Ən aşağı  qiymət məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. 

Davud
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
valyuta.az

1Mənbələr