AZ

Kolumbiyanın Xaveriana Universitetində ölkəmizlə bağlı təqdimat keçirilib

Bakı, 15 may, AZƏRTAC

Kolumbiyanın ən nüfuzlu təhsil ocaqlarından olan Xaveriana Universitetində “Diplomatlarla dialoq” təşəbbüsü çərçivəsində ölkəmizlə bağlı təqdimat keçirilib. Xaveriana Universiteti 1623-cü ildə təsis edilib və Kolumbiyanın 3-cü ən reytinqli ali təhsil müəssisəsi (“QS”-in 2024-cü il üzrə dünya sıralamasında 347-ci, Latın Amerikasında 11-ci yerdə) hesab olunur.

AZƏRTAC xəbər verir ki, təqdimat zamanı Azərbaycan Demokratik Respublikasının milli dövlətçiliyimizin əsaslarının formalaşmasındakı roluna toxunulub, mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına və tərəqqisinə böyük töhfələr verdiyi qeyd olunub. ADR-in türk və İslam dünyasında ilk parlamentli respublika, ilk hüquqi və dünyəvi dövlət nümunəsi kimi təşəkkül tapmasından, parlamentdə bütün xalqların və siyasi partiyaların təmsil olunmasından, Şərqdə qadınlara ilk dəfə seçki hüququnun verilməsindən və digər mütərəqqi nailiyyətlərdən söz açılıb.

Təqdimatda ölkəmizin 1991-ci ildə yenidən müstəqilliyinə qovuşduqdan sonra çox ciddi tarixi sınaqlarla üzləşməsinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti gəlməsi və uzaqgörən siyasəti sayəsində xaotik vəziyyətdən qurtularaq yeni inkişaf mərhələsinə qədəm qoyduğu diqqətə çatdırılıb. Hazırda Azərbaycanın dünya miqyasında mühüm nəqliyyat və enerji mərkəzi, eləcə də beynəlxalq aktorlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi, mötəbər tədbirlərə və yarışlara uğurla ev sahibliyi etdiyi vurğulanıb. Bu baxımdan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, bu gün Azərbaycanın dünyada multikulturalizmin mərkəzlərindən hesab edilməsi, xalqımızın həyat tərzi və dövlət siyasətinin tərkib hissəsi olan multikulturalizm ideyalarını qlobal müstəvidə təşviq etməyə çalışması, bu istiqamətdə atılan addımlar və həyata keçirilən müxtəlif beynəlxalq tədbirlər barədə ətraflı məlumat təqdim edilib. Hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi”nin tədris edildiyi diqqətə çatdırılıb.

Təqdimat zamanı Ermənistanın ölkəmizə qarşı uzun illər həyata keçirdiyi işğalçılıq siyasəti, bu müddətdə işğal altında saxladığı ərazilərdə təkcə insanlıq əleyhinə cinayətlər deyil, həm də urbisid, kultursid və ekosid törətməsi, yüzlərlə tarixi abidə, məscid və mədəni irs nümunəsini vandalizm obyektinə çevirməsi barədə danışılıb. Tədbir iştirakçıları Azərbaycan ərazilərinin işğalına son qoyulması, Azərbaycan-Ermənistan normallaşma prosesi və bu çərçivədə ikitərəfli sülh sazişi üzrə aparılan danışıqlar barədə məlumatlandırılıb.

Sonda ölkəmizdə və regionda cərəyan edən hadisələrlə bağlı auditoriyada maraq doğuran suallar cavablandırılıb. Kolumbiyalı tələbələr ölkəmizdə təhsil almaq və təqaüd imkanları barədə məlumatlandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
azertag.az

1Mənbələr