AZ

Uğur hekayəsi - Ayan Məmmədli

Ayan Eyvaz qızı Məmmədli 04.07.2002-ci ildə Bakı şəhərində  ziyalı ailəsində anadan olub. 2008-2019-cu illərdə Türk Dünyası Arşdırmaları Vakfının Bakı Atatürk Liseyində orta ixtisas təhsili,  paralel olaraq, 2008-2019-cu illərdə Bakı şəhər T.Quliyev adına 12 №-li onbirillik musiqi məktəbində, əməkdar müəllim Nazilə Yaqubovanın sinfində fortepiano ixtisası üzrə təhsil alaraq, hər iki məktəbi əla qiymətlərlə və qırmızı diplomla bitirib. Məktəbi bitirdikdən sonra, elə həmin il Avstriyada Ali məktəbə daxil olub. Hazırda Avstriyanın Anton Brukner adına Konservatoriyasının bakalavr pilləsində təhsil alır. 
 
- Ayan necə oldu ki, siz məhz musiqiçi olmaq qərarına gəldiniz?
 
- Açığı mən bu möcüzəli aləmə nə vaxt düşdüyümü xatırlamıram. Çünki, musiqiyə olan sevgi, həvəs və rəğbət məndə çox kiçik yaşlarımdan yaranıb. Hələ 3-4 yaşlarım olanda, ailəmizdə bacım Arzu və mənimlə anam Aidə xanım çox ciddi məşğul olurdu. Anam musiqiyə olan marağımızı hiss etdikdən sonra, bizi Bakı şəhər Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayına apardı. Biz orada rəqs, “Cücələrim” vokal qrupunun üzvü olmaqla yanaşı, həm də piano dərsləri alırdıq. Mən artıq 4-5 yaşlarında bəzi kiçik uşaq mahnılarını pianoda sevə-sevə, böyük həvəslə ifa etməyə başlamışdım. 6 yaşım olanda isə anam piano ifaçılığına olan marağımı gördükdən sonra məni Bakı şəhər T.Quliyev adına 12 №-li  onbirillik musiqi məktəbinə gətirdi və mən həmin məktəbdə on bir il “Fortepiano” ixtisası üzrə təhsil aldım. Bu məktəbdə isə musiqi dərsləri daha ciddi və professional şəkildə tədris olunurdu. Xüsusən məktəbin direktoru, Əməkdar müəllim Gülnarə xanım Səfərovanın qayğısı ilə məni, çox istedadlı və təcrübəli pedaqoq, Əməkdar müəllim Nazilə xanım Yaqubovanın sinfinə verdikdən sonra mənim o kiçik dünyamda böyük dəyişikliklər baş verdi. Mən musiqi dünyasının ən kiçik sakini olsam da, o mühitdə çox sürətlə böyük məsafələr qət etməyə başladım. Və musiqinin incəliklərini yavaş-yavaş dərindən öyrənməyə başladıqdan sonra, artıq böyüdükcə özümü tamamilə musiqiyə həsr etməyə başladım. Böyüdükdən sonra öyrəndim ki, ana nəslim musiqi beşiyimiz olan Şuşadandır və nəslimizdə çox gözəl musiqi biliciləri olub. Deyirlər, musiqiyə belə ürəkdən bağlanmaqda, gen daşıyıcılığı da mühüm rol oynayır. 
 
- Ali təhsilinizi Avropada almaq istəyiniz necə, bir məqsəd idi, yoxsa təsadüf?
 
- Əslində deyirlər bütün təsadüflər məhz zərurətdən yaranır. Hələ 9 yaşım olanda ilk dəfə Estoniyanın Narva şəhərində keçirilən Bax adına Beynəlxalq Piano Müsabiqəsinə qatılaraq, iki nominasiya üzrə qalib oldum və təhsil aldığım musiqi məktəbinin tarixində fortepiano ixtisası üzrə Beynəlxalq Müsabiqə laureatı adını qazanan  ilk şagird oldum. Sonrakı illərdə bir-birinin ardınca İtaliya, Malta, Avstriya, İngiltərə, Yaponiya, Türkiyə, Rusiya və Azərbaycanda keçirilən Beynəlxalq Müsabiqələrdə iştirak edərək, hər birində qalib adını qazandım. Həmçinin, Niderlanda, Almaniyada, Danimarkada müxtəlif mühüm tədbirlərdə solo konsertlərlə çıxışlar etdim, uğurlu ifalar göstərə bildim. Bütün bu müsabiqə və konsertlərdə mən sadəcə musiqi ifa etmirdim, həm də öz ölkəmi təmsil etməyin məsuliyyətini anlamağa başlamışdım. Və hər dəfə ölkə sərhədlərimizdən uzaqlarda uğur qazandığım zaman xarici səhnələrdə himnimiz səslənib, üçrəngli bayrağımız zirvəyə qaldırılıb, dalğalandırılanda sevincdən uçmağa qanadım olmurdu. Onu da qeyd edim ki, bu səfərlərdə biz xeyli əcnəbi musiqiçilər, sənət adamları, mütəxəssislərlə tanış olurduq. Məhz bu görüşlərin sayəsində mən müxtəlif illərdə İsveçrə Konservatoriyasının professoru Mixael Kazinnikdən, Beynəlxalq və Ümumrusiya Müsabiqələrinin laureatı Nikita Volovdan, Moskva Konservatoriyasının professoru Mixael Petuxovdan, Avstriya, Vyana Konservatoriyasının professoru Manfred Loydolt və Gianfranco Sannicandrodan ayrıca piano üzrə ustad dərsləri alaraq, xüsusi sertifikatlarla təltif olundum. Növbəti  müsabiqələrin birində, hələ 14 yaşım olanda dünyanın mədəniyyət beşiyi sayılan Avsrtiyanın Salzburq şəhərində keçirilən yarışmada müsabiqənin ən ali mükafatı olan “Qran Pri” mükafatına layiq görülməyim, məndə gələcəkdə musiqi təhsilimi Avropada almaq arzusu oyatdı. Və düşündüm ki, klassik Avropa musiqisinə elə onun öz məkanında yiyələnmək daha münasib olacaq. Bundan sonra ilk hədəfim Avropada nüfuzlu ali məktəbə daxil olub, orada bu ciddi və çətin musiqinin sirrlərini öyrənmək oldu.
 
- Ayan, Avropada Ali məktəbə daxil olduğunuz və sonrakı illərdə təhsildə çətinliyiniz oldumu?
 
- Əvvəla onu qeyd edim ki, Avstriyanın Anton Brukner adına Konservatoriyasının bakalavr pilləsinə qəbul olmaq üçün, qəbul imtahanları Avropa təhsil proqramının tələbləri çərçivəsində heç də asan deyildi. Əksinə, çox çətin, həm də çox məsuliyyətli tələblər var idi. Lakin, illər uzunu həm doğma vətənimdə böyük konsert salonlarında nüfuzlu drijorların müşayətilə Ü.Hacıbəyov adına Dövlət Simfonik orkestrləri, Q.Qarayev ad. Dövlət Kamera Orkestrinin müşayətilə, həm də azərbaycanın və avropanın böyük səhnələrində verdiyim çoxlu sayda solo konsertlər məndə xeyli təcrübə və hazırlıqlıq formalaşdırmışdır. Bu illər ərzində ustad sənətkarlar və müəllimlərimdən aldığım biliklər sayəsində mən bu çətin sınaqdan da üzüağ çıxmağı bacardım və həmin Konservatoriyanın bakalavr pilləsinin tələbəsi adını qazanan ilk və hələki yeganə azərbaycanlıyam. 
 
- Ayan, Konservatoriyanın səhnələrindən başqa, Avropanın digər böyük səhnələrində çıxışlar etmək imkanınız olurmu?  
 
- Təbii ki, çox sevinirəm ki, ötən illər ərzində və hazırda musiqi ifaçılığı sahəsində qazandığım bilik və təcrübələrimi öz ifalarımda əks etdirmək imkanı qazana bilirəm. Avropada təhsil aldığım bu illər ərzində klassik bəstəkarların əsərlərini Avropa səhnələrində müxtəlif tədbirlərdə ifa edir və konsertlər verirəm. Dəfələrlə Azərbaycanın Avstriyadakı səfirliyinin, Türkiyə Respublikasının Avstriyadakı səfirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, həmçinin Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert və tədbirlərdə çıxışlar etmişəm.
     
2022-ci ildə Avstriyanın Linz şəhərində “Ticarətçilər Cəmiyyəti Sarayı”nda (“Palais Kaufmännischer Verein”)-də maraqlı konsert proqramı ilə avstriyalı tamaşaçılar qarşısında uğurlu solo konsertim keçirilib. 2022-ci ildə Vyanada dahi bəstəkar Volfqanq Amadey Motsartın ev muzeyində, 2023-cü ildə Avstriyanın Linz şəhərində yeni “Sənət mərkəzi”ndə yerli tamaşaçılar qarşısında maraqlı konsert proqramları ilə çıxışlar etmişəm. Bu konsertlərlə yanaşı, müxtəlif zaman və məkanlarda keçirilən Beynəlxalq müsabiqələrə də qatılmağa çalışıram. Ötən il İtaliyanın Albenqa şəhərində məşhur musiqiçi Memorial Maria Silvia Folconun xatirəsinə həsr olunmuş “Città di Albenga” 36-cı Beynəlxalq Piano Müsabiqəsində, Bu ilin əvvəli Avstriyanın Grass şəhərində keçirilən 8-ci Bartok adına Beynəlxalq Müsabiqələrində iştirak edərək, II yerə layiq görülmüşəm.
 
- Yeri gəlmişkən, milli musiqilərimizin uzaq Avropada təbliğ ediməsiylə bağlı hər hansı bir fəaliyyətiniz olubmu?
 
- Açığını etiraf edim ki, Avropada təhsilə başlayanda ən böyük arzularımdan biri bu mühitdə doğma yurdumun milli musiqilərini təbliğ etmək idi. Açığı qazandığımız şanlı zəfərimiz, mənim bu arzumun gerçəkləşməyinə bri təkan oldu. Beləki, ölkəmizdə cənab Prezidentin sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsiylə bağlı, mən milli musiqilərimiz, muğamlarımız və xalq mahnılarımızdan ibarət “Azərbaycandan dünyaya musiqi töhfəsi” adlı üç dildə maraqlı bir layihə hazırladım. Və 2022-ci ildə bu layihənin Niderlandın Haaqa şəhərində, Avstriyanın Vyana, Salzburq və Linz şəhərlərində,  Norveçin paytaxtı Oslo şəhərində, Macarıstan paytaxtı Budapeşt şəhərində çox maraqlı təqdimatları təşkil edildi. Milli bəstəkar və xalq mahnılarımız yerli tamaşaçıların çox böyük marağına səbəb oldu. 2023-cü ilin isə “Heydər Əliyev” ili elan olunmasıyla bağlı, Ulu Öndərimizə həsr olunmuş əsərlər və onun çox sevdiyi mahnılardan ibarət olan növbəti layihəmdəki əsərləri Avstriyanın Vyana və Linz şəhərlərində, həmçinin 2023-cü il 10 may  tarixində Cənubi Amerikada, Argentinanın paytaxtı Buenos Ayres şəhərində, Azərbaycan Respublikasının səfirliyinin təşkilatçılığı ilə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən möhtəşəm tədbirdə solo konsertlə xarici tamaşaçılar qarşısında çıxışlar etdim. Bu il isə “Yaşıl həmrəylik ili”ylə bağlı milli musiqilərimizdən ibarət daha bir maraqlı yeni layihəmi Avropa tamaşaçılarına təqdim etməyə hazırlaşıram.
 
- Ayan, dünyanın böyük səhnələrində çıxışların və səfərlərin sənin gələcək fəaliyyətinlə bağlı daha hansı imkanlar açır?
 
- Bilirsiniz, hər yeni konsert, hər yeni səfər yeni-yeni tanışlıq, yeni əməkdaşlıq və daha da böyük, maraqlı layihələrin yaranması üçün bir mövzu, bir təkan, yeni bir yolun başlanğıcı deməkdir. Zənnimcə, bütün bu imkanlardan səmərəli və layiqli şəkildə yaralanmaq və daha da inkişaf etmək lazımdır. Onu da deyim ki, indi mənim burada xeyli sayda müxtəlif ölkələrdən olan dostlarım və yaradıcılıq əlaqələrim var. Mən hər zaman doğma vətənimi fəal və yaradıcı bir gənc kimi layiqincə təmsil etməyi bir borc və bir vəzifə bilirəm. Belə ünsiyyətlərin bir çoxu isə konsertlərin hazırlanmasında və tədbirlərin keçirilməsində yaranır. Elə bu günlərdə 2024-cü ilin may ayının 11-də Avstriyanın paytaxtı Vyana şəhərində, məhşur incəsənət məkanı olan "EHRBAR" zalında keçirilən "2024-cü il Beynəlxalq klassik musiqi müsabiqəsi"nin qaliblərinin konserti və mükafatlandırma mərasimində mən xarici ifaçılar Deniz Mumcu (violin) və Salar Ghaffarbejouei (cello) ilə birgə Amerikalı bəstəkar Eric Heilnerin "Short Excursion for Piano: trio #4" əsərini ifa etdik. Konsertdə şəxsən iştirak edən amerikalı bəstəkar Eric Heilner onun əsərinin yüksək səviyyədə ifa edilməsindən böyük məmnunluğunu və təşəkkürünü bildirərək, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirmək istəində olduğunu bildirdi. Mən də məmuniyyətlə bu istəyi qəbul etdiyimi söylədim. Hesab edirəm ki, bu cür  əməkdaşlıq və əlaqələrin yaranması, təbii ki, mənim kimi ciddi sənət yolunda olan hər bir gəncin gələcəkdə daha da irəliləməsi və inkişafı üçün çox əhəmiyyətlidir. Ən böyük arzum, doğma Vətənimi və xalqımı hər zaman daha böyük məqamlarda  layiqincə təmsil etməkdir. Bütün dünyaya sülh, ölkəmizə əminamanlıq arzu edirəm!
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
moderator.az

1Mənbələr