AZ

Heydər Əliyev Fondunun ətraf mühitin mühafizəsində rolu

Azərbaycanın milli dəyər və sərvətlərinin qorunmasında, elmin, səhiyyənin, təhsilin, mədəniyyət və incəsənətin inkişafında, həmçinin ölkəmizin dünya miqyasında tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu vardır. 2004 cü il may ayının 10-da yaradılmış Heydər Əliyev Fondu bu əvəzsiz rolu bir daha nümayiş etdirmiş oldu, həmçinin fondun prezidenti Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Çünki Heydər Əliyev Fondunun ətraf mühitin mühafizəsinə, eyni zamanda yaşıllıq sahəsinin artırılması istiqamətlərində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirməsinə gətirib çıxartmışdır.

 

Heydər Əliyev Fondu Azərbaycanın ətraf mühitinin mühafizəsinə daim xüsusi diqqət və qayğı ilə yanaşmış, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirmişdir. Bütün ölkədə böyük rəğbətlə qarşılanan “Hərəmiz bir ağac əkək” lahiyəsi, “Təmizlik naminə”, “Tullantıdan sənətə”, “Ağacların kəsilməsinə son”, “Yaşıl marafon” və s. bu kimi, ümumiyyətlə, dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri fond uğurla gerçəkləşdirmişdir.

 

Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məramı ümummilli liderimiz Heydər Əliyevin ali ideyalarını özündə ehtiva etməkdir. Fondun əsas prioritetləri sırasında ətraf mühitin mühafizəsi və inkişafına xüsusi yer ayrılması heç də təsadüfi deyildir. Bu sahənin dinamik inkişafı ölkə əhalisinin sağlam mühitdə yaşamasının təminatı deməkdir.

 

Bu baxımdan, Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun xoşməramlı səfiri, Millət vəkili, birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətraf mühitin inkişafına xüsusi diqqət və qayğısı onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, xalqına olan sonsuz məhəbbətinin, hamıya nümunə ola biləcək vətənpərvərliyinin, millətsevərliyinin bariz nümunəsidir. Azərbaycanın birinci xanımı bu nəcib təşəbbüsü və xeyirxahlığı ilə qüdrətli şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin böyük müvəffəqiyyətlə davam etdirdiyi ətraf mühitin mühafizəsi strategiyasının həyata keçirilməsinə öz layiqli töhfəsini verir. Məhz bunun nəticəsidir ki, Heydər Əliyev Fondu yarandığı gündən ölkəmizin mədəni və humanitar həyatında bir-birinin ardınca çox böyük əhəmiyyət kəsb edən irimiqyaslı layihələr həyata keçirir. Eyni zamanda Heydər Əliyev Fondunun ətraf aləmin mühafizəsinin lahiyələrinin həyata keçirilməsi məhz  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir.

 

Hər il Heydər Əliyev Fondu “Hərəmiz bir ağac əkək” layihəsinin icrasını həyata keçirir. Bu layihə çərçivəsində Bakının müxtəlif rayonlarında Əzizbəyov, Qaradağ, Nərimanov, Xəzər, Suraxanı, Xocasən, Nizami, Xətai və s. rayonlarında, eləcə də bölgələrdə bu vaxta qədər 8 milyondan artıq ağac əkilib. Bu tendensiya hələ də davam edir. Fondunun təşəbbüsü ilə 2007- ci ildən başlayaraq, “Təmizlik naminə” şüarı altında iməciliklər həyata keçirilir ki, bu iməcliklərə Bakının müxtəlif rayonlarının orta məktəb şagirdləri və gəncləri cəlb edilir. Aksiya zamanı şagird və gənclərə bərk məişət tullantılarının növləri, onların ətraf mühitə vurduğu ziyan, bu tullantıların zərərsizləşdirilməsi üsulları, tullantıların təkrar istifadəsi və bu sahədə Azərbaycanda, o cümlədən, paytaxtımızda görülən işlər barədə məlumat verilir. Fond tərəfindən 2010-2011-ci illəri əhatə edən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinin icrasına da başlanıldı. Qeyd edək ki, Qobustan - Cəngiçay ərazisi ceyranların yaşaması üçün zəngin bitki örtüyünə malikdir və 2013-cü ildən başlayaraq, bura ərazilərdə ceyranların reintroduksiyası həyata keçirilir. 

 

2012-ci ildən başlayaraq, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Tullantıdan sənətə” adlı beynəlxalq sərgi keçirilir. Sərginin əsas məqsədi istifadəyə yararsız və gərəksiz hesab edilən əşyaları sənət əsərinə çevirməkdir. Hər il keçirilən beynəlxalq sərgi çərçivəsində “Tullantıdan sənətə” adlı muzeyinin açılışı da olub. 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradıldı və bu xidmət sayəsində vətəndaşların qanunsuz ağac kəsilməsinin qarşısı kəskin şəkildə alındı. 

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtdakı ağacların müayinəsinə də start verildi. 

 

Fondun ətraf mühitin mühafizəsi istiqamtində növbəti addımı isə 26 aprel 2024-ci  ildə Fond ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanması oldu. Memoranduma əsasən, hər iki qurum COP29 çərçivəsində, eyni zamanda, ondan sonrakı dönəmlərdə də ətraf mühitin mühafizəsi, eləcə də mədəni irsin qorunması sahəsində əməkdaşlıq edəcəklər.

 

Məqalə Heydər Əliyev Fondunun 20 illik fəaliyyətinə həsr olunub.

 

Cəmilə HƏSƏNOVA,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  müəllimi, tar.ü.f.d.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
modern.az

1Mənbələr