AZ

“3 qəpiklik” xoşbəxtlik

Hər səhər paytaxtın mərkəzində yerləşən Nizami küçəsindəki kiçik köşkün qapısını öz əlləri ilə açır, axşamlar isə bağlayır. Köşkün hardasa 2 metr uzunlu­ğu, 1 metrdən bir az eni var. Sol tərəfdə isə 2 kiçik lampa yanır. Düz 36 ildir ki, bu ünvandadır...

“Sən demə, xoşbəxt olmaq üçün ge­niş, dəbdəbəli saraylara, böyük iş otaq­larına ehtiyac yoxmuş. Mən 3–4 kavad­ratmetrlik iş otağımda, neçə ildən bəri yaşadığım mənzildə özümü çox xoşbəxt hiss edirəm”, – deyə Arif Ağatalıbov söh­bət açır.

Əmək fəaliyyətinə isə daha əvvəl–1971-ci ildə başlayıb. 1967-ci ildə oxu­duğu 39 nömrəli məktəbin 8-ci sinfini bitirəndən sonra 16 nömrəli texniki-peşə məktəbinə üz tutub. 3 il yarım çəkməçi peşəsinin incəliklərinə yiyələnib. Bir müd­dət “Dəb evi”ndə işləyib. Bir ildən sonra hərbi xidmətə gedib. Qayıdandan sonra yenə də sevimli peşəsi ilə məşğul olub. 54 ilə yaxındır mıx, çəkic, iynə-sap, qayış və kəlbətin əlindədir. 

Arıf kişi ömür yolundan danışır:

– Ailə vəziyyətimiz elə idi ki, toy et­məyə, gəlin gətirməyə imkanımız yox idi. Həmişə zarafatla deyirəm ki, mən öz xoş­bəxtliyimi 3 qəpiyə əldə etmişəm. Elmira xanımla qərara gəldik ki, tramvaya minib qaçaq. O vaxt tramvayın qiyməti 3 qəpik idi. Qoşulub qaçdıq və onu tramvayla Zığ yolunun üstündə Tağıyev kombinatının yanında yaşayan dayımgilə apardım...

İndi 50 ilə yaxındır ki, bir damın al­tında can deyib, can eşidirik. Tale bizə 3 qız övladı bəxş edib. Böyük qızım Arifə evdar qadındır, ortancıl Akifə Moskvada yaşayır, kiçiyimiz Ağabacı isə həkimdir. 6 nəvəm var, 2 nəvəm ali tibbi təhsil alır. Kiçik nəvəm Canulyanın 5, Baturayın 10 yaşı var. 

Onun müştəriləri arasında məşhur futbolçu Anatoli Banişevski, bəstəkar Emin Sabitoğlu, Xalq artisti Mobil Əhmə­dov, rejissor Oqtay Mirqasımov kimi bir çox tanınmışlar olub.

72 yaşlı çəkməçinin təbirincə desək, gözəllik ayaqqabıdan başlayır, çünki ən gözəl geyim də yaraşıqsız, səliqəsiz gö­rünən ayaqqabı ilə görkəmini itirir. Ça­rıqdan tutmuş təbii dəridən ən müasir ayaqqabılara qədər müxtəlif ayaq geyim­ləri tikən Arif Ağatalıbov isə bu gözəlliyin tamlığını qoruyan və onun keşiyində da­yanan sadə bir sənətkardır. 

Süleyman QARADAĞLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
xalqqazeti.az

1Mənbələr